• Paşinyan çıxılmaz vəziyyətdə: Qarabağ klanı terrora hazırlaşır?

    Paşinyan çıxılmaz vəziyyətdə: Qarabağ klanı terrora hazırlaşır?

    Paşinyan hazırda komandası olmayan bir siyasətçidir və təsadüf nəticəsində meydanlardan hakimiyyətə gələ bilməz.

    Bu sözləri Axar.az-a Ermənistanda dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi və sonrası ilə bağlı bəzi suallara aydınlıq gətirən ekspert Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Paşinyan əslində Konstitusiyanı dəyişdirməyə cəhd göstərir və bunun üçün də ona parlamentdə üçdə iki səs çoxluğu lazımdır:

    “Belə bir nəticə əldə etmək üçün də Paşinyan 5 gün sonra istefa verəcək və dekabrda parlament seçkiləri keçiriləcək. İndiki şəraitdə və ya hər hansı bir formada Ermənistan cəmiyyətində dəyişiklik baş verməsə, kənar müdaxilələr olmasa və Qarabağ klanı silaha əl atmasa, şübhəsiz ki, seçkilərdə Paşinyan daha üstün səs qazanacaq. Əslində, Paşinyanı qərar verməyə elə İrəvanda keçirilən seçkilər sövq etdi. Çünki Paşinyan hesab edir ki, indiki ictimai reytinqi ilə seçkilərə qatılmaq ona müəyyən uğur qazandıra bilər. Ancaq hazırda onun seçkilərə kiminlə gedəcəyi bəlli deyil. Bildiyiniz kimi, Yelk Blokunu parlamentdə sadəcə bir neçə deputat təmsil edir. Bu problem Paşinyanın komandasının formalaşmasında da özünü göstərdi. Belə ki, Paşinyan hazırda komandası olmayan bir siyasətçidir və təsadüf nəticəsində meydanlardan hakimiyyətə gələ bilməz”.

    E.Mirzəbəyli parlament seçkilərinin Paşinyan üçün çox çətin keçəcəyini düşünür:

    “Belə bir ehtimal var ki, Paşinyan Levon Ter-Petrosyan və onun tərəfdarları ilə birlikdə seçkilərdə iştirak edə bilər. Hər halda siyahı bəlli olduqdan sonra seçki haqqında daha ətraflı fikir yürütmək olacaq. Doğrudur, indiki reytinqlər fonunda Respublikaçılar Partiyasının da seçkilərdə barajı aşa biləcəyi çətin görünür. Təbii ki, belə olan halda onlar parlamentdə təmsil olunmaq üçün ən müxtəlif yollara əl atacaqlar və bu prosesdə aktiv şəkildə iştirak edəcəklər. Sərkisyan-Köçəryan birliyi Paşinyana qarşı siyasi müstəvidə, parlamentdə müqavimət göstərir. Onlar parlamentdən kənarda bugünə qədər əldə etdikləri maliyyə vəsaitlərini və oğurladıqları kapitalı siyasi kariyeralarının qorunmasına xərcləyəcəklər. Bununla yanaşı, heç kimə sirr deyil ki, həmin insanların nəzarətində qeyri-qanuni hərbi birləşmələr var. Bu baxımdan da ölkədə müəyyən qətllər və kimlərəsə qarşı terror aksiyası tamamilə mümkündür. Yəni bu dövr ərzində çoxlu problemlər ortaya çıxa bilər. Paşinyan parlamentdə səs çoxluğuna sahib olmadığı halda, Qarabağ klanının üzvlərini cinayət məsuliyyətinə cəlb etmək istiqamətində addımlar atırsa, onun qalib gəldikdən sonra hansı addımları atacağını təxmin etmək çətin deyil. Şübhəsiz ki, Qarabağ klanı indidən bunu hesablayır. Bu aspektdən də Köçəryan-Sərkisyan ittifaqının Paşinyana qarşı ciddi müqavimət göstərəcəyi gözləniləndir”.

    Analitik hesab edir ki, seçkilərdən sonra Ermənistanda uzun müddət sabitlik bərpa olunmayacaq:

    “İrəvanın problemləri həddindən artıq çoxdur. Söhbət qütblərin barışmazlığından, Ermənistanın iqtisadi resursları və perspektivləri olmayan bir ölkə olmasından, dövlət institutlarının oturuşmamasından gedir. Ən önəmli faktor isə Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində ölkənin dalana dirənməsi, bütün beynəlxalq layihələrdən təcrid olunmasıdır. Şübhəsiz ki, Ermənistan işğalçı mövqeyindən əl çəkməyəcək. Seçkilərdən sonra nə baş verir-versin, bu ölkənin həyatında müsbətə doğru hər hansı bir dəyişiklik olmayacaq. Təbii ki, da işğal faktorunun qorunub saxlanılmasında Ermənistanı himayə edən güc mərkəzləri var. Bu güc mərkəzlərinin mövqeyində hansı dəyişiklik baş verəcək, regionda sabitliyin qorunub saxlanılmasında maraqlı olacaqlar, ümumiyyətlə, bu problemi kökündən həll etməklə daha çox yaxın qonşuluq perspektivi üzərində öz dövlətlərarası münasibətlərini qurmağa cəhd göstərəcəklər, yoxsa, yenə münaqişələrdən istifadə etməklə regionu nəzarətdə saxlamağı arzulayacaqlar? Bunlar hələ perspektivdə açıq şəkildə görünməyən məsələlərdir. Yəni prinsip etibarilə indiki situasiya göstərir ki, böhran Ermənistanı qısa müddətdə tərk etməyəcək. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı iqtisadi, siyasi və hərbi müstəvidə uçurum da getdikcə dərinləşir. Bu potensial artıqda isə Ermənistanın işğal prosesini uzun müddət davam etdirməsi mümkün olmayacaq. Ermənistanın yeni rəhbərliyi bu müstəvidə qərar verə biləcəkmi və ya ona belə bir imkan tanınacaqmı? Bütün bunları gələcək göstərəcək”.

    Rubrika.Az


    Facebook-da paylaş