• Ermənilərin Frankofoniya fiaskosu - Makron Paşinyanı necə pərt elədi...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron Paşinyanı necə pərt elədi...

    Ötən həftəsonu İrəvanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT - fransız dilli ölkələri birləşdirən qurum) sammiti Ermənistanın və onun təzə rəhbərliyinin arzuladığı PR-ı gətirmədi. Rubrika.Az musavat.com-a istinadla bildirir ki, bəlli oldu ki, təzəlikcə işğalçı ölkəni də öz qoynuna almış bu qurum əslində “ölü bir təşkilat”dır. Bunu sammitin gedişində bir başqası yox, məhz qurumun baş katibi (artıq sabiq - red.) Mişel Jan bəyan elədi.

    Aydındır ki, öz qonşusunun 20 faiz ərazisini on illərdir işğal altında saxlayan, onun 1 milyona yaxın əhalisini doğma yurdundan didərgin salan, ərazisində etnik təmizləmə və Xocalı soyqırımını törədən bir ölkənin - Ermənistanın dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını öz üzərinə götürmüş BFT-yə qoşulması bu qurumu bir az da nüfuzdan salacaq. Çünki təcavüzkar ölkənin paytaxtında belə bir ali tədbirin düzənlənməsi bəşəri dəyərlərə həqarətdir.

    *****

    Söz yox ki, Ermənistan qurumun növbəti sammitinin İrəvanda keçirilməsinə nail olmaqla öncəliklə özü haqda dünyada sivil, mədəni, müasir dövlət imici yaratmaq, işğalçı obrazını unutdurmaq məqsədi güdürdü. Eyni zamanda, 5 aydır Ermənistanın başına keçən Nikol Paşinyan bununla özü haqqında yeni PR yaratmaq, qurumun siyasi dəstəyinə nail olmaq, nəhayət, Qarabağ məsələsində Ermənistan üçün hansısa əlavə dividendlər qazanmaq istəyirdi. Söhbət ilk növbədə “ölü təşkilat”ın əsas və aparıcı dövləti Fransadan gedir.

    Bəs rəsmi İrəvan öz hədəflərinə çata bildimi? Müşahidələr göstərir ki, yox.

    Əvvəla, sammit sönük keçdi və beynəlxalq miqyasda, dünyanın aparıcı KİV-lərin diqqətinə layiq görülmədi. Qurumun yeni baş katibi uğrunda gizli-açıq mübarizə və səlahiyyəti bitməkdə olan baş katibin təşkilatı ölü adlandırması özlüyündə hər şeyi deyir. Bundan əlavə, sammitin yekun bəyannaməsində erməni tərəfinin cəhdlərinə rəğmən, Qarabağla bağlı ermənipərəst maddə əlavə edilmədi.

    Bu da hamısı deyil. Məsələ ondadır ki, Nikol Paşinyan fürsətdən istifadə edib növbədənkənar parlament seçkiləri öncəsi BFT-nin əsas dövləti kimi Fransanın, onun prezidenti Emmanuel Makronun siyasi dəstəyini və şəxsi simpatiyasını qazanmağa çalışırdı. Lakin o da alınmadı. Bunu “Azadlıq” radiosunun erməni redaksiyasının əməkdaşının İrəvanda Makrondan erməni baş nazir Paşinyan haqda təəssüratını soruşarkən aldığı cavab da təsdiqləyir.

    “Yeni Müsavat”ın məlumatına görə, Makron Paşinyanı pərt edəcək bir cavab verib: “Mən heç vaxt belə şərhlər vermirəm. Mən siyasət haqda belə bir mövqeyə üstünlük verirəm: mənim təəssüratlarım haqda şərh vermək lazım deyil, konkret baxışa malik olmaq və bu baxış əsasında da hərəkət eləmək lazımdır”.

    Göründüyü kimi, Fransa prezidenti israrlara rəğmən, Paşinyana şəxsi simpatiya bəslədiyini deməyib. Əksinə, faktiki işarə edib ki, hələ proses gedir və Paşinyana bu prosesin sonunda, ilkin olaraq isə dekabrdakı parlament seçkilərindən sonra qiymət veriləcək.

    *****

    Bu xüsusda 1 in.am erməni KİV-də siyasi şərhçi Sərkis Arsruninin məqaləsi də maraq doğurur və erməni baş nazirin pərtliyini ört-basdır eləmək cəhdi sayıla bilər.

    Məqalədə deyilir: “Əvvəla, hesab edirik ki, Makrona Paşinyan haqda verilən sual elə də korrekt olmayıb. Heç olmasa o planda ki, əksər ölkələrin başçıları bir qayda olaraq, siyasi simpatiya barədə söhbətlərdən qaçmağa çalışırlar. Onu da unutmayaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri gözlənilir. O üzdən beynəlxalq təşkilatlar öz qiymətləndirmələrində daha ehtiyatlıdırlar. Nədən ki, onların istənilən fikri Ermənistanın daxili işlərinə qarışmaq kimi qəbul oluna bilər. Başqa yandan, Ermənistanda indiki durum əsla standart deyil, burada klassik seçkiöncəsi situasiya da yaşanmır. Hər necə olmasa, bizim beynəlxalq tərəfdaşlar burada nə baş verdiyini əla bilirlər. Onların ehtimali təəssüratları siyasi və ya seçki prosesinə müdaxilə olmasa da, inqilaba və inqilabi hərəkata konkret münasibət sayıla bilər”.

    Erməni təhlilçi nümunə də gətirir: “Məsələn, bir neçə gün öncə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Nikol Paşinyanı Adamsla müqayisə edəndə heç kəsin ağlına gəlməzdi ki, səfir baş nazirin və komandasının xeyrinə təşviqat aparır. ABŞ səfiri mahiyyət etibarilə inqilaba müsbət reaksiyasını ifadə eləmişdi. Bu nöqteyi-nəzərdən Makronun cavabını qeyri-müəyyən hesab eləmək olar. Ola bilsin, bununla o, diplomatik bir jest edib. Yəni işarə vurmaq istəyib ki, Fransa Paşinyandan konkret nəticələr gözləyir və baş nazirin siyasətini yalnız bəzi nəticələr məlum olanda qiymətləndirə bilər. Məsələ ondadır ki, Ermənistanda inqilab sonrası eyforiya aradan qalxmayıb. Bizim cəmiyyət isə Nikol Paşinyan və komandası haqda heyranedici ləhcələrlə danışır, yumşaq desək, ona qarşı irad və tənqidə hazır deyil. Xaricdə isə burdakı hadisələrə daha tələbkar yanaşma var. Xaricdə qiymət ölçüsü eyforik ovqat yox, konkret nəticələrdir”.

    Məqalənin sonunda deyilir: “Ermənistanın müvəqqəti hökuməti hələ ki konkret xarici siyasət konsepsiyasına malik deyil. Bu hökumətin bir çox addımları xaotikdir. Bu da müxtəlif paytaxtlarda anlaşılmazlıq yaradır. Məsələn, Makronda Ermənistanın birtərəfli (Rusiyayönlü - red.) xarici siyasəti ilə bağlı obyektiv suallar yarana bilər. Hansı xarici siyasət ki, mahiyyətcə Serj Sərkisyanın siyasətindən fərqlənmir. Söhbət xüsusən də Ermənistanın Kremlin Suriya avantürasında iştirakından gedir. Bu iştirakla bağlı erməni tərəfinin arqumentləri, yumşaq desək, inandırıcı deyil. Bu mənada Makronun cavabına təəccüblənməyə dəymir”.

    *****

    Erməni şərhçi təbii ki, Paşinyanın Sərkisyan kimi xarici siyasətdə hələ də üstünlük verdiyi Qərblə Rusiya arasında “iki stul”da oturmaq siyasətini davam etdirməyi nəzərdə tutur. Görünür, Qərb, o sırada Fransa uzağı, seçkilərədək gözləyəcək, ondan sonra isə Paşinyandan “iki stul”un birindən imtina etməyi tələb edəcək. Bəs Paşinyan seçkini udacağı təqdirdə hansı “stul”a üstünlük verəcək?

    Bir az da gözləyək...

    Rubrika.Az


    Facebook-da paylaş