• Ukraynadakı səfirimiz ətrafında qalmaqal böyüyür - Əleyhinə mətbuat konfransı

    Ukraynadakı səfirimiz ətrafında qalmaqal böyüyür - Əleyhinə mətbuat konfransı

    "Səfirliyin yanındakı çoxmərtəbəli binadan istənilən terror aktı törətmək mümkündür”

    Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev hazırkı səfir Azər Xudiyevin onunla bağlı Ukraynanın Baş Prokurorluğuna şikayət etməsilə əlaqədar mətbuat konfransı keçirib.

    Rubrika.Az Missiya.Az-a istinadən xəbər verir ki, səfir A.Xudiyev Ukraynanın Baş Prokurorluğuna göndərdiyi şikayət ərizəsində Azərbaycan səfirliyinin binası təmir olunarkən, T.Əliyevin böyük miqdarda vəsaiti mənimsədiyini iddia edib.

    Kiyevdə təşkil olunmuş mətbuat konfransında T.Əliyev səfir A.Xudiyevin ona qarşı qərəzli mövqe tutduğunu və Ukraynanın Baş Prokurorluğuna göndərilmiş şikayətin də əslində qərəzli münasibətdən irəli gəldiyini deyib: "Mən səfir olanda bu adam mənim diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə, barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölklərin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.
    T.Əliyev ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin olduğunu qeyd edərək, işlədiyi müddətdə iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini deyib : "Dahi Heydər Əliyev məni yanına çağırıb öz niyyətini bildirdi. Dedi ki, sənin Ukraynada geniş əlaqələrin, dostların var. Bilirəm ki, bu illər ərzində öz əməyinlə uğurlar əldə etmisən, Ukraynanın adət-ənənələrinə yaxından bələdsən və ona görə də hesab edirəm ki, Azərbaycanla Ukrayna arasında münasibətlərin möhkəmlənməsi üçün daha çox tövhə verə bilərsən. Mən dahi Heydər Əliyevə söz verdim ki, onun etimadını doğrultmağa çalışacağam. Fəaliyyətimin birinci müddətində iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə əlaqələrin genişləndirilməsi üçün çox böyük işlər görüldü. Bundan başqa, enerji sahəsində əməkdaşlıq müstəvisində də nəzərəçapacaq nəticələr əldə olundu. 2002-ci ildə Heydər Əliyev məni yanına çağırıb fəaliyyətimdən razı qaldığını bildirdi və mənə eyni zamanda Azərbaycanın Moldova və Belarusdakı səfiri vəzifəsini həvalə etdi. Həmin ölkələrdə səfirliyimiz fəaliyyətə başlayana qədər qeyd etdiyim vəzifələrdə də çalışdım”.

    T.Əliyev məhkəmənin qərarı ilə evində aparılmış axtarışdan da söz açıb: "Evimə gəlib dedilər ki, səfirliyin 2002-ci ildən 2018-ci ilin yanvarına qədər olan blanklarını, mühasibatlıq, təsərrüfat və iqtisadi sənədlərini, möhürlərini və disklərini axtarırıq. Onlara bildiridim ki, 2010-cu ilin 15 iyulunda səfirliyi təhvil vermişəm. Həmin vaxtdan səfirliklə heç bir əlaqəm yoxdur. Məgər səfir vəzifələrini təhvil verərəkən səfirliyin sənədlərini də götürüb evinə aparır? Bundan başqa, mən 2010-cu ildə səfir vəzifəsindən geri çağrılmışamsa, ondan sonrakı illərə aid sənədlər məndə necə ola bilər? Təsəvvür edin ki, mən və ailə üzvlərim necə bir vəziyyətə düşdük. Əməlli-başlı şok keçirdik. Bu hadisənin naticəsində mənim xanımım miko-insult keçirdi”.

    T.Əliyev bildirib ki, səfir A.Xudiyevin "yeyintiyə yol verilməsi” barədə qənaətə gəlməsinə səbəb səfirliyin binasında yaranan çatlardır. T.Əliyev binada çatların yaranmasına səbəbi kimi yaxınlıqda tikiən çoxmərtəbəli binanı göstərib: "Mən səfir vəzifəsində çalışarkən səfirliyin binasının yaxınlığında çoxmərtəbəli bina tikmək istəyirdilər. Mən qətiyyətlə buna qarşı çıxırdım. Birincisi, ərazi sürüşməyə meyilli olduğundan, orada böyük bir tikinti işinin aparılması əlavə yükləmələr yarada bilərdi. İkincisi isə, səfirliyin binasına bitişik ərazidə çoxmərtəbəli binanın tikintisi təhlükəsizlik məsələrinə görə də yol verilməz idi. Mən bu tikintinin qarşısını almaq üçün dəfələrlə Kiyev Meriyasına və hətta Ukraynanın Prezident Adminstrasiyasına müraciət etmişdim. İmkan vermirdim ki, orada bina tikilsin. Çoxmrətəbəli binanın binövrəsi dərində olmaldır. Bunun üçün qazıntı işləri aparılmaldır və təbii ki, bu işlər bizim səfirliyin binası üçün təhlükə yaradacaqdı. Eyni zamanda, dediyim kimi, səfriliyə çox yaxın ərazidə çoxmərtəbəli binanın tikintisi bizə təhlükəsizliyin təmin olunmasında da problemlər vəd edirdi. Çünki həmin binadan səfirliyin bütün ərazisi olduqca aydın şəkildə görünəcəkdi. Oradan istənilən terror aktı üçün istifadə etmək olar. Ona görə də biz həmin binanın tikintisinə yol vermədik”.

    T.Əliyevin sözlərindən aydın olub ki, ondan sonra səfir təyin olunmuş şəxslər də sözügedən çoxmərtəbəli binanın tikintisinə imkan verməyiblər. Lakin A.Xudiyev səfir təyin olunandan sonra binanın tikintisinə start verilib və tikinti işləri artıq yekunlaşmaq üzrədir.

    Mətbuat Konfransında Ukraynadakı səfirliyimizin həmin binanın müxtəlif mərtəbələrindən çəkilmiş fotoları da nümayiş olunub. Aydın görünür ki, hazırda səfirliyimizin binası və bütün ərazisi sözün həqiqi mənasına təhlükə altına düşüb. Hətta binanın pəncərələrindən daxili də müşahidə etmək mümkündür.

    T.Əliyev təklif edib ki, səfirliyin binasında yaranmış çatların səbəbini müəyyənləşdirmək üçün müstəqil ekspertlərdən ibarət komissiya yaradılsın: "Onu da qeyd edim ki, səfirliyin binası keçmiş uşaq baxçasıdır və 1997-ci ildə Azərbaycan Dövlətinin vəsaiti ilə alınıb. Mən bu bina alınandan 4 il sonra səfir vəzifəsinə təyin olunmuşam”.

    Qeyd edək ki, T.Əliyev 55 ildən artıqdır ki, Ukraynda yaşayır. O,uzun illərdir elmi fəaliyyətlə məşğul olur, professordur. Eyni zamanda, aktiv diaspor nümayəndəsi olaraq Ağsaqqallar Birliyinə rəhbərlik edir.

    Məsələ ilə bağlı Azərbaycanın Ukrayndakı səfriliyindən hələlik hər hansı şərh verilməyib.

    Onu da nəzərinizə çatdıraq ki, indiki və keçmiş səfirimiz arasında yaşanan gərginlik Milli Məclisin bugünkü iclasında deputatlar tərəfindən də diqqət mərkəzinə gətirilib. Millət vəkili Zahid Oruc Ukrayna Baş Prokurorluğuna şikayət ərizəsinin göndərilməsi məsələsinə tənqidi yanaşaraq aşağıdakıları qeyd edib: "Düz bir aydır Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfiri arasında dartışma davam edir. Mövzu nədir? 10 il öncə səfirliyin binası təmir olunanda yeyintiyə yol verilib, yoxsa yox. Ay qardaş, bu məsələ Azərbaycanın kompitensiyasında olan bir problemdir, bunu Ukrayna prokurorluğuna müraciət edəndə bir sabiq və indiki səfir arasındakı bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir. Bütün bu illər ərzində prezident İlham Əliyevin və ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın uğurlu diplomatik məkanı qurulub, formalaşıb. Kimsə bu məsələ ətrafında polemika açmaq istəyirsə, gizli bir məktubla Azərbaycanın prokurorluğuna, daha yuxarı hakimiyyət orqanlarına müraciət etsin, yoxsa bu məsələ ətrafında polemikanın media vasitəsilə ictimailəşməsinə yol vermək olmaz. Onların buna ixtiyarı yoxdur. Məsələ Ukraynada deyil, Azərbaycanda araşdırıla bilər ki, doğrudan da orada yeyinti olub, yoxsa yox".

    Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun Azərbaycandan olan rəhbəri Rüfət Quliyev də həmkarının fikirlərini dəstəkləyərək qeyd edib ki, Azərbaycanın Ukraynadakı sabiq və indiki səfiri arasında olan müəyyən problemlər bu şəkildə üzə çıxmamalıdır: "Axı nəyə görə başqa dövlətin və başqa xalqın nümayəndələri bunu eşitməlidirlər? Mən də onun tərəfdarıyam ki, bu kimi problemlər ortaya çıxanda o Azərbaycanın hüquq-mühafizə orqanlarının gücü ilə həll olunmalıdır".

    Rubrika.Az


    Facebook-da paylaş