• “Kartlar” açılır: Moskva üzünü Bakıya çevirir

    “Kartlar” açılır: Moskva üzünü Bakıya çevirir

    Rusiyanın Azərbaycana ehtiyacı artıb; bu həftə Putinin Paşinyana sürprizi gözlənilir; Ermənistanda kritik seçkilər İrəvana düşünmək üçün son müddətdir, yoxsa...; erməni politoloq: “Qərblə Rusiya arasında oynamaq bizə fəlakət gətirə bilər...”

    Ötən həftəsonu “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vaxtından əvvəl vəzifəsindən azad edildi. Lakin KTMT-nin rəsmi saytında yer alan bu məlumatda əlavə hər hansı bilgi, izahata rast gəlinmədi.

    Rubrika.Az “Yeni Müsavat”a istinadla bildirir ki, general Xaçaturov Rusiyaya həmişə ən sadiq adamlardan olub. Ona qarşı İrəvanda 1 mart 2008-ci il qırğını ilə bağlı cinayət işinin açılması (cinayət işi hələ qapanmayıb), erməni generalın müvəqqəti də olsa həbsə salınması həm də buna görə Moskvanın xoşuna gəlməmişdi. Rusiya belə bir addımı özünə qarşı demarş hesab eləmişdi. Eyni zamanda Kremllə razılaşdırılmadan atılan bu addım Nikol Paşinyanın KTMT-ni nüfuzdan salmaq cəhdi kimi qiymətləndirilmişdi.

    Şübhəsiz ki, Moskva üçün ən önəmlisi “Rus NATO-su”nun imicini bərpa eləməkdir. Odur ki, böyük ehtimalla, KTMT-nin noyabrın 8-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək növbəti sammitində yeni baş katib məsələsi də diqqətdə olacaq və bu posta Ermənistan təmsilçisi təyin edilməyəcək.

    Belə bir addım Moskvanın Paşinyan iqtidarına qarşı etimadsızlığının növbəti təzahürü, hətta sürprizi kimi yadda qala bilər. Hər halda məlumdur ki, Ermənistanın indiki rəhbərliyi bir neçə dəfə Xaçaturovu başqa bir erməni ilə əvəzləməyi təklif eləmişdi. Çünki KTMT rəhbərliyinin Ermənistanın əlində olması İrəvana Azərbaycanla bağlı, Dağlıq Qarabağla bağlı müəyyən psixoloji üstünlük yaradırdı. Bu üstünlüyün İrəvanın əlindən çıxdığını söyləmək mümkündür.

    *****

    Ümumilikdə Rusiya prezidenti Vladimir Putinin erməni baş nazir əvəzi Nikol Paşinyandan narazılığı sirr deyil. Və bu narazılıq üzə vurulmasa da, getdikcə artır. Paşinyan nə qədər Rusiyaya şirin vədlər versə də, sədaqət andı içsə belə, “çekist” Putin fərqindədir ki, Ermənistanın indiki rəhbərinin “ürəyi” Qərblə vurur, Kreml ona Qərbin “gizli adamı” kimi, şübhəli nəzərlərlə baxır. Çünki Putun üçün əsas olan bəyanatlar yox, əməli işdir. Təsadüfi deyil ki, Paşinyan az qala, hər fürsətdəcə Qərbi Rusiyadan üstün tutduğunun anonsunu verir.

    Məsələn, az öncə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boldtonun İrəvanda “Rusiya silahlarındansa ABŞ silahları alın, bizim silahlar daha keyfiyyətlidir” şirnikləndirici açıqlamasına N.Paşinyan dərhal pozitiv reaksiya verərək, bunu istisna etmədiyini demiş, “bizim üçün silah təchizatında heç bir məhdudiyyət yoxdur” söyləmişdi. Bununla da Moskvada əlavə qıcıq yaratmışdı. Düzdür, müdafiə naziri David Tonoyan o saat Paşinyanı “təmizə çıxarmağa” çalışmış, “Ermənistana Rusiya silahlarının kifayət etdiyini” demişdi. Ancaq artıq ox yaydan çıxmışdı.

    Şübhə yox ki, Rusiya bunların hamısını yadda saxlayır. Yəqin ki, Moskva dekabrdakı erkən parlament seçkilərinin nəticələrini, daha doğrusu, yeni parlamentin tərkibinin necə olacağını gözləyəcək. Ondan sonra “kartlarını” açmağa başlayacaq. Bu “kartlar” artıq yavaş-yavaş açılmağa başlayıb. Moskva tədricən üzünü Azərbaycana - regionda özünün ən etibarlı tərəfdaşı saydığı ölkəyə çevirməkdədir.

    Ən ciddi sınağa isə yəqin ki, Rusiya-Ermənistan hərbi müttəfiqliyi məruz qalacaq. Adekvat surətdə ölkəmizin Rusiya üçün önəmi artacaq. Erməni analitiklər bu yöndə heç də nikbin deyillər.

    *****

    “Ermənistan-Rusiya hərbi-siyasi ittifaqı ciddi böhran içindədir. Hazırkı vəziyyətdə İrəvan və Moskva bir-birinə etibar etmir”. Bunu politoloq Armen Ayvazyan deyib. Onun sözlərinə görə, mövcud situasiyada Azərbaycan bölgədə Rusiyanın etibar etdiyi yeganə strateji tərəfdaşıdır.

    “Əgər Moskvada kimsə münaqişəli ərazilərin bir hissəsinin Azərbaycana verilməsinə razı olsa, bu, Ermənistan üçün intihar sayılacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda anti-Rusiya ab-havası hökm sürür. Qərbyönümlü QHT-lər və media qurumları Rusiya əleyhinə etirazları daha da qızışdırır. Ona görə də Kremlin Azərbaycanı hərbi cəhətdən daha da gücləndirməsi ilə bağlı Ermənistan cəmiyyətinin ciddi narahatlığı var. Bu da təsadüfi deyil. Məsələn, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ermənistanla döyüşlərdə Rusiya ilə yanaşı, Türkiyə, İsrail və Ukrayna silahlarından da istifadə etdi. Ermənistan hökumətinə gəlincə, İrəvan Qərb və Rusiya arasında balans siyasəti yürütməyə çalışır. Lakin bu, Ermənistan kimi manevr imkanları dar olan bir ölkə üçün qadağan olunmuş oyundur. Başqa sözlə, Qərb-Rusiya münasibətlərinin qırılma həddində olduğu bir vaxtda belə bir cəhd Ermənistan üçün fəlakətə yol aça bilər. Biz elə bir dönəmdən keçirik ki, Ermənistanın təhlükəsizliyinin qarantiyası yoxdur. Buna görə də, Qərblə yox, Rusiya ilə strateji əlaqələri gücləndirmək lazımdır” , - deyə o bildirib.
    Ayvazyan hesab edir ki, mövcud vəziyyətdə Ermənistan digər ölkələrə deyil, məhz Rusiyaya etibar etməlidir: “Rusiyanın Ermənistanın yeganə strateji müttəfiqi olduğunu nəzərdən qaçırmaq olmaz. Çünki indi İrəvanın ümid etdiyi ABŞ Ermənistanın yox, ərəb ölkələri, Misir və İordaniyanın silahlandırılmasında maraqlıdır. ABŞ bu addımı atarkən İsraili nəzərə alır. Digər yandan, Ermənistanla müqayisədə ABŞ və İsrailin özü də Azərbaycanın güclənməsində maraqlıdır”.

    *****

    Beləcə, “məxməri inqilab”dan sonra 6 aydır qeyri-müəyyənlik zolağına girən işğalçı Ermənistan müttəfiq Rusiya ilə münasibətləri aydınlaşdırmaq zorunda qalıb. Bir yandan da ABŞ-ın İran planları ilə bağlı İrəvana təzyiqləri başlayıb. Belə vəziyyətdə ümidini daha çox Qərbə bağlayan Paşinyan iqtidarının qarşıdakı kritik seçkilərdən sonra hansı qərarları verəcəyi çox maraqlı olacaq. Düşünmək üçün vaxt isə həqiqətın azdır - təxminən bir seçki qədər, uzağı, 45 gün...

    Rubrika.Az


    Facebook-da paylaş