• Avropadan Zamirə Hacıyeva ilə bağlı şok təklif - kitab yazmaq, film çəkmək

    Avropadan Zamirə Hacıyeva ilə bağlı şok təklif - kitab yazmaq, film çəkmək

    Avropada siyasi motivlərlə sığınacaq alan mühacirlərlə yanaşı, vaxtı ilə yüksək vəzifələrdə təmsil olunub, sonradan ölkəmizi bu və ya digər səbəblərdən tərk etmiş imkanlı azərbaycanlılar da var. Onların bəziləri yatırım qoyaraq xarici ölkələrdə yaşamaq haqqı alıblar.

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da xeyli vaxtdı Londonda yaşayır.O, son bir neçə aydır Böyük Britaniya, həm də Azərbaycan mətbuatının bir nömrəli obyektinə çevrilib. Yerli mətbuat onun baş döndərən xərclərindən, alış-verişdə xərclədiyi pullardan, o cümlədən, əldə etdiyi daşınmaz əmlakların qiymətlərindən yazır.

    Bizim üçün maraqlıdır, siyasi səbəblərdən Avropa ölkələrinə mühacirət etmiş soydaşlarımız xaricdə yaşayan bu cür imkanlı azərbaycanlılara qibtə edirlər, yoxsa onları qınayırlar, yaxud da onlara yazıqları gəlir?

    Elbəyi Həsənli: “Azərbaycanın oğru məmurlarının xaricdəki dəbdəbəli həyatı və qurduqları biznes imperiyaları haqqında birnəfəsə oxunulası kitab yaza bilərəm”

    İsveçrədə mühacir həyatı yaşayan jurnalist Elbəyi Həsənli “Yeni Müsavat”a deyib ki, Zamirə xanıma nifrət də, qibtə də edənlər var: “Ona yazığı gələnlər varmı? İstisna etmirəm. Olmamış olmaz. Ancaq burada söhbət miqyasdan gedə bilər. Əminliklə deyə bilərəm ki, harada yaşamasından asılı olmayaraq soydaşlarımızın böyük əksəriyyəti Zamirə xanıma qibtə edir. Biz maddi dünyada yaşayırıq. Bu dünyanın isə yazılmamış qanunları var. Kasıblar həmişə varlılara həsəd aparıblar. Hətta varlılar o pulu oğurluq yolla qazanmış olsalar da belə...”.

    E.Həsənliyə görə, Z.Hacıyevaya nifrət edənlər də az deyil. Onun fikrincə, maaşa baxan adam oxuyandakı sabiq bankirin arvadı sadəcə bir şüşə şəraba 2.200 dollar verib, onda onun kimilərinə qarğış da edirlər.

    Jurnalistin gəldiyi qənaətə görə, Z.Hacıyevaya yazığı gələn adam tək-tük olar: “İnsanlarımızın çoxu Zamirə xanımda olan oğurluq var-dövlətin heç olmasa bir hissəsinə sahib olmaq istərdi. Avropada yaşayan müxalif mühacirlərimizin əksəriyyəti kasıbdır. Ən yaxşı halda maaşa baxırlar. Əminəm ki, heç onlar da Zamirə xanıma baxıb, öz hallarına şükür etmək fikrində deyillər. Düşüncə odur ki, kaş bizim də əlimizə elə bir imkan keçəydi, biz də millətin var-dövlətindən bir az çırpışdırardıq. Təbii ki, müxalif mühacirlər xalqa məxsus olan varidatla indiki iqtidarda olanlardan çox-çox insaflı davranardı. Amma yenə də oğurluq və korrupsiya Azərbaycanda öz mövcudluğunu qoruyub saxlayacaqdı. Çünki bu naqislik artıq qanımıza işləyib. Tezliklə unudulası, gündəmdən çıxası deyil”.

    E.Həsənli iddia edir ki, kasıb mühacirlərdə Zamirə xanımda olan pul olsaydı, onlar da alış-verişə ciddi maraq göstərərdi.

    Elbəyi Həsənli bir paralel apararaq deyib ki, Zamirə Hacıyeva 2005-ci ilin fevralında Hacı Məmmədovun bandası tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlandıqdan sonra ailəsindən 10 milyon dollar pul tələb olunub: “Əminəm ki, Zamirə xanım pul xərcləməkdə ifrata varmasaydı, heç Hacı Məmmədovun diqqətini cəlb etməyəcəkdi. Eləcə də o, Britaniyada pul xərcləmədə şitini-şorbasını çıxarmasaydı, Britaniya hakim dairələri onun personasına bu qədər önəm verməyəcəkdi. Baxın, Britaniya KİV-ləri Zamirə Hacıyevanı “Mrs McMafia, “Lady Shopping” adlandırdır. Artıq bu xanım dünya mediasının diqqət mərkəzindədir”.

    E.Həsənli onu da deyib ki, ifrata varmaq, öz üstünlüyünü pul-para hesabına insanların gözünə soxmağın adı görməmişlikdir: “Ona görə də əminliklə deyə bilərəm ki, Zamirə xanım məhz görməmiş adamdır. Bəli, mən də varlı olmaq istərdim, amma heç vaxt belə görməmişliyi nə özümə, nə də ətrafımda olanlara rəva görməzdim. Onu da deyim ki, Qərbdə varlı azərbaycanlılar çoxdur. Əksəriyyəti də xalqın pulunu oğurlamış adamlardır. O gün Britaniya mətbuatında oxudum ki, azərbaycanlı ailələrdən birinin Londonda 140 milyon dollar dəyərində mülki var. Sonra bu kimi məlumatları Google üzərindən araşdırdım. Xeyli maraqlı şeylər üzə çıxdı. Düşünürəm ki, Qərb mediasının yazdığı məqalələr əsasında Azərbaycanın oğru məmurlarının xaricdəki dəbdəbəli həyatı və qurduqları biznes imperiyaları haqqında birnəfəsə oxunulası bir kitab yaza bilərəm. O kitabı mən də yazmasam, başqa birisi nə vaxtsa yazacaq”.

    Ələkbər Əliyev: “Azərbaycanda kino industriyası olsaydı, Zamirə xanımın həyatından gözəl film çəkmək olardı”
    İsveçrədə yaşayan daha bir mühacir həmkarımız, yazıçı-publisist Ələkbər Əliyev Z.Hacıyeva ətrafında gedən söz-söhbətlərin onda heç bir duyğu yaratmadığını söylədi: “Maddi imkanı aşağı olmaq deyəndə ki, özümü heç kimlə müqayisə etmədiyim üçün hər hansı kateqoriyada şəxsimi görmürəm. Kimə görəsə imkanım aşağı, kiməsə görə də yuxarı ola bilər. Ona görə Zamirə Hacıyevanın pulları, xərcləri məndə heç bir duyğu oyatmır. İnsanlar özləri üçün ədalət-mədalət kimi sözlər uydurublar, həyatlarını çətinləşdiriblər. İllah ki, azərbaycanlıların pula çox çuşka münasibəti var, istər kasıbı, istərsə də varlısı pul məsələsində çuşkadırlar. Bizdəki varlı, pullu düşmənliyi də bir başqa aləmdir. Bu kommunizm də deyil, belə deyib qiymətə mindirməyək. Biz hələ yolun başındayıq. Azərbaycanda biznes etikası yoxdur, işgüzar münasibətlərdə dərəbəylikdir, hər şey abstraktdır, kobuddur. Bizim adamların bir problemi var, o da danalıqdır. Amma dana olmaq, maraqsız olmaq deyil. İncəsənət üçün maraqlı danalar da var. Azərbaycanda kino industriyası olsaydı, Zamirə xanımın həyatından gözəl film çəkmək olardı. Hətta deyərdim, ssenari yazıb Hollywooda satmaq lazımdır. Əvvəl səni Hacı Məmmədovun dəstəsi qaçırdır, sonra azad edilirsən, kraliça kimi yaşamağa başlayırsan, daha sonra ərini tuturlar, Londona qaçırsan və həbs olunursan. Ekstradisiya qorxusu, pulları itirmək ehtimalı, səni tutsalar, pulsuz qalsan itinə kim baxacaq? Faciədir. Allah cəmi darda qalmışların köməyi olsun, Zamirə xanım da onların içində”.

    Rubrika.Az


    Facebook-da paylaş