• "Mado"da yemək yeyərkən ehtiyyatlı olun - Tük çıxa bilər

    "Mado"da yemək yeyərkən ehtiyyatlı olun - Tük çıxa bilər

    Bu restoran daha çox şirniyyat növlərinin çoxluğu və keyfiyyəti ilə məşhurdur. Söhbət paytaxtın bir çox məntəqəsində tez-tez rastlaşdığımız “Mado” restoranlar şəbəkəsindən gedir. Rubrika.Az Dia.az-a istinadla bildirir ki, türk restoranı olan “Mado” bu ölkənin şirniyyatları üzrə ixtisaslaşıb. Lakin paytaxtda bu restoranlar şəbəkəsi müştərilərinə həm də müxtəlif yemək çeşidləri təqdim edir. Son zamanlarda müştərilərin restoranın yeməklərindən şikayətçi olduğunu da nəzərə alaraq "Üstü qalsın"ın növbəti buraxılışı üçün Xaqani bağı (Malakan) yaxınlığında yerləşən “Mado” ya üz tutdum.

    Digər türk restoranlarında gördüyümdən fərqli olaraq burada restoranın qapısını üzümüzə açan olmadı. Bura dizayn olaraq iki yerə ayrılıb. İstəyinizə görə şüşəbənd edilmiş yerdə yaxud içəridə əyləşə bilərsiniz. Şüşəbənd edilən yerdə istilik sistemi olsa da, içəridə oturdum. Çünki buranın aurası və rəngli dizaynı daha cəlbedicidir. Restoran rəhbərliyi divarlarda asılan köhnə qaşıq və çəngəllərlə 150 illik tarixə sahib olduqlarını nümayiş etdirib. Masama oturduqdan dərhal sonra menyunun təqdim edilməsinə adət etdiyim üçün bunu gözlədim. Lakin bir az keçdikdən sonra özüm ofisianta müraciət etməli oldum. Mənə iki cür menyu təqdim edildi. Bunlardan biri sadəcə yemək və içkilər, digəri isə şirniyyatlardan ibarət idi. Menyuda hər bir yeməyin qarşısında fotosu, adı, qiyməti və tərkibi qeyd edilib. Getdiyim digər türk restoranlarının əksəriyyətində olduğu kimi “Mado”da bir o qədər fərqli yemək çeşidləri yox idi. Bir neçə dəfə menyunu gözdən keçirdikdən sonra “Quzu qovurma” və “Acılı ət salatı” sifariş verdim.

    Yeməyim gələnə qədər ətrafı diqqətlə müşahidə etdim. Ofisiantların geyimi kimi masalar və boşqablar da təmiz idi. 20 dəqiqə ərzində hər iki sifarişim də servis edildi. Lakin 20 dəqiqə ərzində gözlədilmək əvəzinə öncə salat gətirilsə daha yaxşı olardı. 12.00 AZN dəyərindəki bu salatı yetəri qədər doyumlu hesab etmək olar. İndi sizə tərkibindən danışacam. Deməli bu salat marinə olunmuş dana əti, göyərti, Meksika lobyası, xiyar turşusu, təzə pomidor, acı sous, qırmızı bibər sousu və rəngli bibərdən ibarətdir. Salat bir o qədər də qeyri-adi bir hazırlanma üsulu tələb etmir. Yəni rahatlıqla evdə də hazırlana bilər. Salatı yeməyə davam edirdim ki, anidən iştahım kəsildi. Buna səbəb salatdan tükün çıxması oldu. Görünür bu ya aşpazla ya da ofisiantla bağlı bir məsələdir. Elə bu səbəbdən salatı bitirməmiş, ofisiantdan boşqabımı yeniləməsini rica etdim. Həmçinin ona bu iradımı bildirsəm də, hər hansı reaksiya ilə qarşılaşmadım. Bu məsələ çox adi qarşılandığına görə görünür restoranda belə hallara tez-tez rast gəlinir.

    Bu məsələni burda qoyub, "Quzu qovurması"ndan danışım. 15.00 AZN dəyərindəki məşhur "Quzu qovurması" marinə edilmiş quzu əti, soğan, göbələk, plov, pomidor, rəngli bibər, kəklikotundan ibarətdir. Bu yemək kərə yağında hazırlanır. Lakin hansı səbəbdən olduğunu bilmədiyim halda bu yeməkdə kərə yağının dadı ilə rastlaşmadım. Qeyd edim ki, düyünün də tam bişmədiyi yaxşı hiss olunurdu. Lakin əsas məsələ bunlar deyil. Yemək o qədər acı idi ki, qovrulan quzu ətinin dadını da hiss edə bilmədim. Hətta elə buna görədir ki, hələ də mədə ağrısından əziyyət çəkirəm. Düşünürəm ki, müştərilərə müxtəlif yeməklər təklif edən restoran bu məsələlərə xüsusi diqqət göstərməlidir.

    Elə bu acılıqdan dolayı yeməyimi də yarımçıq qoymalı oldum. Ağız dadımı dəyişmək üçün restoranın təklif etdiyi şirniyyatlara nəzər saldım. Onların arasından “Pendirli burma kadayıf” şirniyyatını seçdim. Xüsusi üsulla hazırlanan bu şirniyyat təqribən 15 dəqiqə sonra gətirildi. Rubrikanın əvvəlində də dediyim kimi, restoran şirniyyat üzrə ixtisaslaşıb. Ona görə də yediyim şirniyyatla bağlı hər hansı irad bildirə bilmərəm. Yəni şirniyyatlarla bağlı çeşid çoxluğu arzulayan şəxslər “Mado”ya üz tuta bilər.

    Sonda isə xidmət edən ofisiantların birindən hesabı istədim. Beləliklə içkilər də daxil olmaqla ümumi hesab 43.50 AZN təşkil etdi.

    Rubrika.Az


    Facebook-da paylaş