• Həbsdə olan bağça müdirəsi: "Onsuz da tutulacağıq, kişi qızı kimi düzünü danış..."

    Həbsdə olan bağça müdirəsi: "Onsuz da tutulacağıq, kişi qızı kimi düzünü danış..."

    Bağça müdiri və müdirin müavini növbəti dəfə hakim qarşısına çıxarılıb. Təqsirləndirilənlərdən üçüncüsü isə bağçanın işçisidir.

    Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib. Həmin şəxslər zərərçəkmiş olduqlarını desələr də, məhkəmə onlara xatırladıb ki, hər biri rüşvət verərək işə düzəlib. Bu səbəbdən də onlar zərərçəkmiş kimi tanımayıblar.

    Şahid Afaq Abdullayeva deyib ki, bağçaya işə düzəlmək üçün 1500 manat pul verib. Pulu Tərlan Bağırovaya verdiyini deyən şahid bildirib ki, bağçada baxıcı kimi işə düzələcəkmiş.

    Afaq Abdullayeva bağçada bir ay 15 gün də işlədiyini deyib: "Təzə təmirdən çıxan yer idi. Dişimizlə, dırnağımızla təmizləmişik. Bu qədər vaxtda hər gün səhərdən axşama orada əziyyət çəkmişik. Yoldaşımı infarkt vurub. Bankdan kredit götürmüşük pulu. Pulumuzun qaytarılmasını istəyirik".

    Hakim təqsirləndirilən şəxslərdən zərəri nə zaman ödəyəcəklərini soruşub. Tərlan Bağırova və Aləmzar Əliyeva növbəti həftəyə qədər vaxt istəyiblər.

    Prosesdə Vüsal İsmayılov da şahid kimi dindirilib. O, xanımını bağçaya həkim kimi işə düzəltmək üçün 1500 manat pulu Tərlan Bağırovaya verdiyini deyib. Söyləyib ki, hazırda həmin pulun faizini taksi sürücüsü kimi işləyərək ödəyir. O, pulunun ödənilməsini tələb edib.

    Lalə Şərifova da işə düzəlmək üçün 1500 manat pul verənlərdəndir. O, ifadəsində bildirib ki, 6 ay Yasamaldakı bağçada tibb bacısı kimi işləsə də cəmi bircə dəfə 50 manat maaş ala bilib.

    Məhkəmədə daha bir neçə şahid ifadə verib. Şahidlər ifadə verərkən Tərlan Bağırova və Aləmzar Əliyeva bir-birlərini ittiham edərək pulları almaqda suçlayırlar.

    Aləmzar Əliyeva deyib ki, hər ikisi vətəndaşlardan pul alıb, amma Tərlan Bağırova onu günahkar çıxarır: "Almışıq, burda yalan danışmayaq. Qaytarmağa da çalışırıq. Tərlan xanım azadlıqda olanda dedim ki, gəl Kürdəxanıya, danışaq, həll edək məsələni. Dedi ki, mən Kürdəxanıya gələ bilmərəm. Sonra da özü tutuldu. Mən başqa cür onunla necə danışa bilərəm. Aramızda telefon danışıqları var. Kimin kimdən pul aldığı bəllidir. Mən də, o da almışıq".

    Tərlan Bağırova isə bildirib ki, o, işə götürülənləri Aləmzar Əliyevanın istəyi ilə qəbul edib: "Bağça mənim deyildi. Aləmzargil açırdı və məni də ora müdir təyin elədilər. İşə adam götürüb yanıma göndərirdilər. Zəng edirdi ki, filankəs gələcək pulu alarsan. Mən nə edə bilərdim? Axşam da özü pulu məndən alırdı. Onsuz da tutulacağıq. Heç olmasa kişi qızı kimi düzünü danışaq".

    Hakim Tərlan Bağırovaya sual verib ki, işə düzəltmək adı ilə 110 nəfərdən pul alınıb: "Bu qədər insanı hara işə götürəcəkdiniz?"

    Tərlan Bağırova deyib ki, Aləmzar Əliyevagil 4 bağça açacaqmış: "Yasamalda bağça var idi. "Şamaxinka" tərəfdə də açıldı. Mən də inandım ki, digərləri də açılacaq. Hər bağça üçün 25-30 nəfər nəzərdə tutulmuşdu. 4 bağçaya da 110 nəfəri yerləşdirmək mümkün idi. Hamını işə götürən Aləmzar idi. Deyirdi ki, yuxarıda adamlarım var".

    Zalda olan zərərçəkmişlər də sonuncu fikirləri təsdiqləyiblər. Hakim hər iki təqsirləndirilən şəxsə bildirib ki, zərərçəkmişlərin pulunu ödəmək üçün öz aralarında razılığa gəlməlidir.

    Məhkəmə iclası noyabrın 26-da davam etdiriləcək.

    Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bilib. Xatırladaq ki, hazırlıq iclasında bağça direktoru, ev dustaqlığında olan Tərlan Bağırova barəsində həbs-qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında qandallanmışdı.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1-ci; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

    Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına işə qəbul edəcəklərinə dair söz verərək, müxtəlif şəxslərdən pul alıb.

    T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

    Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var. Həbs edilən Aləmzar Əliyeva həbs edilməzdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.


    Rubrika.Az


    Facebook-da paylaş