• Azərbaycanda problemli kreditlərin silinməsi yolları - Dövlət vətəndaşına sahib çıxmalıdır

    Azərbaycanda problemli kreditlərin silinməsi yolları - Dövlət vətəndaşına sahib çıxmalıdır

    Son günlər sosial şəbəkələrdə, cəmiyyətdə əsas müzakirə edilən məsələlərdən biri qonşu Gürcüstanda əhalinin banklara olan kreditlərinin bağışlanılmasıdır. Ölkləmizdə çoxlarının “yaralı yeri” olan kredit borcları, bankların talançılığı barəsində dəfələrlə müzakirələr aparılsa da hələ ki, heç bir tədbir görülməyib.

    Rubrika.az saytı xəbər verir ki, Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.
    Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq:
    “Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari (təqribi 188 milyon dollar) təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.
    Azərbaycanda vətəndaşların banklara olan borcu məsələsi 2015-ci ildə baş verən iki devalvasiyadan sonra aktuallaşdı. Devalvasiya nəticəsində dollarla kredit götürən insanların banka olan borcu valyuta kursunun dəyişməsi nəticəsində manat ekvivalentində daha da böyüdü və bir çox kreditlər problemli kreditlərə çevrildi.
    Rubrika.az saytının məlumatına görə problemli kreditlərin həcmi təxminən 1,8 milyard manatdır. 1,8 milyard manatın əhəmiyyətli hissəsi 2015-ci ilin devalvasiya qərarları nəticəsində ortalığa çıxıb. Qalan hissəsi borc qaytarılmadığına görə cərimə hesablanıb
    Ekspertlər Azərbaycanda problemli kreditlərin həlli yolları barəsində bir çox təkliflər irəli sürürlər. Bu, ondan ibarət idi ki, borcların qaytarılması məsuliyyəti 3 hissəyə bölünsün, bank, hökumət və əhali. 0,78 manatla götürülən kreditlər məzənnə 1,50 manata qalxdıqdan sonra bunların arasındakı fərq 3 yerə bölünə bilərdi, hökumətin üzərinə daha çox yüklənərdi. Amma bu təklif o zaman qəbul olunmadı. Əgər təklif qəbul edilsəydi, bank sektorunda böhran yaranmazdı. Bankların bağlanmasının daha da sürətlənməsinin səbəbi əhalinin borclarının vaxtında qarşısının alınmaması oldu. Beynəlxalq Bankın problemi vaxtında həllini tapsaydı, büdcədən vəsait ayrılmazdı.
    Problemin həllində digər variantları da irəli sürən ekspertlər vardır. Birinci variant odur ki, dövlət krediti silərək bankalara məbləği özü ödəyir, çünki banklar da özəl müəssisədir. İkinci variant isə odur ki, dövlət məhz ödəniş qabliyyəti olmayan vətəndaşların kreditini sildirəcək. Vətəndaşın ödəniş qabliyyəti yoxdursa, bu o deməkdir ki, vətəndaş müflisdir və borc silinməlidir. Bu bütün sivil dünyada belədir.
    Bizdə də qanunda göstərilir ki, hər hansı bir öhdəlik icra oluna bilmirsə, xitam verilməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər. O prinsipi əsas tutublar ki, vətəndaşın canı çıxsın borcunu ödəsin. Əgər vətəndaş müflis olubsa, borcunu necə verəcək? Ümidlidirlər ki, vətəndaşı qorxutsaq, gedər başqasından borc alar, ya da evini satıb borcunu verər. Qanunda bildirilir ki, əgər vətəndaşın bir evi varsa, əlindən alına bilməz.
    Borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilməsi təklifini irəli sürən iqtisasçılar da vardır. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib.
    Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolnandır.
    Hər halda kredit borclarının insanların həyatını cəhənnəmə çevirdiyi şübhəsizdir. Borca görə intihar edən vətəndaşlarımız da az olmayıb. Odur ki, hesab edirik ki, Azərbaycan dövləti tezliklə bu məsələyə öz münasibətini bildirəcək, uyğun variantda kredit borclarının silinməsi, bağışlanması yollarını həll edəcək. Bu yüz minlərlə Azərbaycan vətəndaşını ağır yükdən xilas edər.

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş