• Qurban Qurbanov “çarpaz atəş” altında

    Qurban Qurbanov “çarpaz atəş” altında

    Sabah Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” Lissabonun “Sportinq” klubunu qəbul edəcək

    Rubrika.az Musavat.com-a istinadla bildirir ki, noyabrın 29-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” Lissabonun “Sportinq” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.

    Qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək. Petr Ardeleanu 2014-cü il dekabrın 11-də “Qarabağ”la İtaliya “İnter”i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib. 0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqələrində Azərbaycan təmsilçisi fərqlənsə də, çexiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb. Nəticədə “Qarabağ” qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutubmuş.

    Bu faktın sabahkı oyuna hansısa təsiri ola biləcəyini düşünmürəm, hər halda, baş hakim kimi meydana çıxan çexiyalının obyektiv qərarlar verəcəyinə ümid edək.

    ***

    4 turdan sonra E qrupunda 10 xalla birinci yeri tutan “Arsenal” növbəti mərhələyə vəsiqəni təmin edib. “Sportinq” son turda “Arsenal”la səfərdən bir xal qazandığı üçün 7 xalla turnir cədvəlində ikincilik yerini qismən möhkəmlədib. “Vorskla” son turda “Qarabağ”a minimal hesabla uduzsa da, topların fərqinə görə yenə 3 xalla 3-cü pillədədir. “Qarabağ” isə 3 xalla 4-cü sıradadır.

    Sabah “Vorskla” öz meydanında “Arsenal”ı qəbul edir. Ukraynadakı hərbi rejimin elan olunmasının bu qarşılaşmaya hansısa təsirinin olacağını demək çətindir. Amma ukraynalılar ingilis təmsilçiləri ilə qələbəyə oynamağa çalışacaqlar. Yada salaq ki, bu klublar arasında ilk oyunda “Vorskla” rəqib qapısından 2 top keçirməyə(4:2) müvəffəq olub. Həm “Vorskla”, həm “Qarabağ” qalib gəlsələr belə, turnir cədvəlində liderlər mövqelərini yenə dəyişməyəcək. Amma hər iki qələbə reallaşarsa, turnir cədvəlində vəziyyət qəlizləşə və hər şey son turda müəyyənləşə bilər.

    Lissabon təmsilçisinin hücumçuları - kolumbiyalı Fredi Montero və braziliyalı Rafinya zədə səbəbindən Bakıya gəlib-gəlmədikləri bu gün bilinəcək. Lissabon təmsilçisi noyabrın 27-də doğma “Joze Alvalade” stadionunda sonuncu məşqini keçdikdən sonra Bakı vaxtı ilə 18:00 çarter reysi ilə paytaxtımıza yola düşüb. Lissabon təmsilçisinin oyun öncəsi son hazırlığı isə bu gün matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda olacaq. Yeri gəlmişkən, rəqibin “Qarabağ”la oyun üçün Bakıya bir neçə gənc futbolçu gətirdiyi deyilir.

    “Sportinq”in sabahkı oyuna sanki çox da ciddi yanaşmadığı rəyi əlbəttə ki, yanlışdır. “Sportinq” 7 xal toplasa da, özünü son turda tam rahat hiss etməsi üçün Bakıda mütləq qalib gəlməlidir. Bu səbəbdən də rəqibin sabahkı qarşılaşmada optimal heyətdə meydana çıxacağı gözləniləndir. Çünki Bakıda xal itkisi Lissabon təmsilçilərinə baha başa gələ bilər.

    ***

    Azərbaycan millisinin Millətlər Liqasındakı son qrup oyununda Kosovoya biabırçı məğlubiyyətdən sonra başlamış müzakirələr təəssüf ki, hələ də davam edir. Bu isə nə Qurban Qurbanovu, nə də “Qarabağ”ın oyunçularının motivasiya olmasına imkan verir. “Qarabağ”ın son turda çempionatın debütantı ilə heç-heçə etməsi də buna dolayısı ilə sübutdur.

    Qurban Qurbanovun “çarpaz atəş” (həm milli komandaya, həm “Qarabağ”a görə) altında saxlanılması (qalması) yaxşı hal deyil. Burda futbolun inkişafında deyil, bəzi qrupların maraqlarına xidmət edən siyasiləşmiş idman mediasının da “rolu” var. Bunları hiss etmək mümkündür.

    “Məsləhət vermək ən asandır. Heç kim haqda pis fikirdə olmamalıyıq. Vəzifəm Vətənimə xidmət etməkdir. Futbolda kimlər uduzmur ki? Hansı komandada eniş olmur ki?” Baş məşqçi son müsahibələrinin birində belə deyib. Qurban Qurbanov hələ ki bu “çarpaz atəş” altında olmaqdan sıxıldığını dilə gətirmir, dözür və öz işini görməyə çalışır. Onun işi isə getdikcə daha da çətinə düşür.

    ***

    Məlumdur ki, “Qarabağ” “Sportinq”lə görüş ərəfəsi ciddi problemlə üzləşib. Komandanın yeganə mərkəz hücumçusu İnnosent Emeqara məşqdə zədələndiyi üçün 2018-ci ildə daha heç bir oyuna çıxa bilməyəcək. Emeqara artıq İsveçrəyə yollanıb və adıçəkilən ölkədə əməliyyat olunacaq. “Qarabağ”ın transfer sarıdan bəxti həm də ona görə gətirmir ki, alınan futbolçular “bismillah” edən kimi zədələnir. Dani Kintana neçə aydır kluba kömək edə bilmirdi, indi o, zədəsini sağaldıb yaşıl meydana qayıdan kimi Emeqara sıradan çıxdı. Allah Emeqaraya kömək olsun, amma o, “Qarabağ”a istənilən səviyyədə kömək edə bilmədi. Emeqara milli çempionatda 5 qol vurmaqla “Qarabağ”ın ən yaxşı bombardiri olsa da, Avropa kuboklarında bir oyunda belə qol vura bilməyib. Onun oyunu haqda dəfələrlə tənqidi fikirlərimi yazdığım üçün bu mövzuya qayıtmağın adı yox, çünki həm Emeqaranın özü yox, həm də tənqidlərin mənası...

    Avroliqada bundan sonra möcüzə olacağına ümid azdır, amma Emeqaranın yoxluğu milli çempionatda “Qarabağ”a ciddi problem yarada bilər. Sabahkı oyunda bu boşluğu Girye doldura bilər, amma o da cinahda oynamağa meyllidir. Qol.az saytı yazır ki, “Qarabağ” bir neçə aydır heyətinə hücumçu cəlb etmək üçün transfer çalışmaları aparır və bunun üçün normal büdcə də ayrılıb. Təki...

    ***

    “Qarabağ”ın sabahkı oyunda yaxşı nəticə göstərəcəyinə ümid edək. Bu, həm klubun özünəinamına kömək edər, həm baş məşqçini bir az təzyiqlərdən yayındırar, həm də azarkeşlərin canına bu soyuq payız axşamında istilik gətirər.

    Uğurlar, “Qarabağ”...

    Rubrika.az


    Facebook-da paylaş