• Azərbaycan təhsilinin inkişafında yeni dövr - Ceyhun Bayramov qarşısına qoyulan ağır məsuliyyət

    Azərbaycan təhsilinin inkişafında yeni dövr - Ceyhun Bayramov qarşısına qoyulan ağır məsuliyyət

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar-Siyasət Məsələləri Şöbəsinin müdiri Fərəh Əliyeva çatdırıb

    XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər kəskin bir durumda olarkən bunların həllinə milli birlik kontekstində nail olmaq zərurəti meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai və mədəni-sosial bir prosesə çevrilib. Xalqın inkişafını təmin edən dünyəvi təhsil, xalq müəllimi hazırlığı, qadın təhsili, ali təhsil məktəblərinin açılması, təhsilin ana dilində aparılması, dərslik və dərs proqramlarının hazırlanması və sair məsələlər bir qrup ziyalının deyil, bütövlükdə Azərbaycan məkanının (çar Rusiyası tərkibində) müzakirə etməli olduğu milli- tarixi problemə çevrilib. Dövrün müdrik və uzaqgörən ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə edib daha yaxşı yol tapmaq məqsədilə Zaqafqaziya müsəlman müəllimlərinin (Zaqafqaziya miqyasında ) qurultayını keçirmək təşəbbüsünü ortaya atıblar. 1906-cı ilin 15 avqustunda başlanıb 30 avqustda başa çatan Azərbaycan müəllimlərinin I qurultayı ilə bağlı geniş hazırlıq işləri görülüb. Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İlk qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.

    Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.

    1906-cı ildən sonra böyük tarixi yol keçən Azərbaycan təhsili bu gün qabaqcıl dünya təcrübəsuinə əsaslanaraq yeni islahatlar konsepsiyası əsasında özünün inkişaf dövrünü yaşayır. Tarixi ənənələrin davamı olaraq Noyabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilb.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
    Təbrik məktubunda prezident təhsil sahəsində son illərdə qazanılan böyük uğurları qeyd edərək bildirib ki, ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir. Prezident təbrik məktubunda müəllimlərə özünün ən xcoş arzularını çatdırıb :

    “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş,istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir.

    Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialını təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar.”

    Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir.

    Məhz görülən böyükmiqyaslı işlərin məntiqi nəticəsi kimi cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb.

    Qeyd etmək lazımdır ki, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

    İnamla qeyd etmək olar ki, bu gün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımlardır. Məhz bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq.

    Bu gün ölkəmizdə gedən sosial-iqtisadi inkişaf bütün sahələr üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını tələb edir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı nəticəsində təhsil və mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyi, şəxsən Ceyhun Bayramov qarşıya qoyulan vəzifələrin məsuliyyətini dərk edərək əzmkarlıq nümayiş etdirir, başlanan islahatlar proqramının uğurla başa çatdırılması üçün yorulmadan çalışırlar.

    Bu gün Təhsil Nazirliyi Azərbaycanda prinsipcə yenə dönəmin-müasir, innovativ təhsil sisteminin formalaşması üçün fasiləsiz islahatlar proqramını həyata keçirir. Atılan qəti addımlar nəticəsində cəmiyyətdə müəllim nüfuzu yüksəlmiş, təhsilə, elmə olan maraq artmışdır. Bu gün gənclərin müəllim peşəsinə axını dediklərimizin bariz nümunəsidir. Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün əzmkarlıq göstərilərsə nəticəni gözləməyə çox da vaxt lazım deyil.

    Təhsil nazirinin müavini Məhəbbət xanım Vəliyevanın bu peşəkar komandada gördüyü böyük işlər, başlanan islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

    Ceyhun Bayramovun rəhbərliyi ilə Təhsil Nazirliyində formalaşan işgüzar mühit, islahatçı komanda cənab prezidentin qarşıya qoyduğu hədəflərə çatmaq üçün var gücü ilə çalışır. Son illərdə Azərbaycan təhsili bir neçə onilliyin inkişaf yolunu keçib desək yanılmarıq. Bütün bunlar isə peşəkar bir komandanın yorulmaz fəaliyyətinin nəticəsidir. Təhsil nazirinin müavini Məhəbbət xanım Vəliyevanın bu peşəkar komandada gördüyü böyük işlər nəticəsində başlanan islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Artıq təhsildə baş verən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir, eyni zamanda məzmun və şagirdlərin əldə etdikləri bacarıqların təkmilləşdirilməsinə yönəlib. Bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tədbiqi Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. Bütün bunların həyata keçirilməsi üçünsə peşəkar bir komandanın yorulmaz fəaliyyəti lazımdır. Azərbaycanda dərin islahatların həyata keçirildiyi, xüsusilə təhsil sahəsində aparılan yeniliklərin mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğu bir dövrdə Məhəbbət xanım qarşıya qoyulan hədəflərə çatmaq üçün yorulmadan çalışır. Görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.

    P. S. Rubrika.az saytının kollektivi Azərbaycan müəllimlərinin XV qurultayının uğurla keçirilməsi münasibətilə Təhsil Nazirliyinin bütün kollektivini, eləcə də ölkəmizin pedoqoji ictimaiyyətini təbrik edir, yeni-yeni uğurlar arzulayır !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş