• "İş adamı da olsa, inşaatdan başı çıxmayan adamlar bina tikirlər" - deputat

    "İş adamı da olsa, inşaatdan başı çıxmayan adamlar bina tikirlər" - deputat

    Azərbaycan xalqının ən müsbət tərəflərindən biri onun müəyyən dərəcədə ticari zəkasının çox yüksək səviyyədə olmasıdır.

    Rubrika.az xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan xalqının müsbət və mənfi keyfiyyətləri barədə danışarkən deyib.

    Azərbaycanlı istənilən mühitdə…

    Onun sözlərinə görə, azərbaycanlı istənilən mühitdə yaşayış minimununu təmin edə biləcək qabiliyyətə sahibdir: "Ancaq ticari zəka kifayət deyil. Ticari zəkanı ticari əxlaq tamamlamalıdır. Yəni istehsal etdiyi nə varsa onu həm də insanlıq naminə etdiyini düşünməlisən, təkcə mənfəət götürmək üçün yox. Məsələn, Bakıda hökumət evinin binasını alman əsirlər tikiblər. Onlar binanı tikərkən NKVD-nin ən sərt vaxtında etiraz edərək inşaat işlərini davam etdirməkdən imtina ediblər. Səbəb kimi sementin keyfiyyətsiz olduğunu göstəriblər. Onlardan sizə nə dəxli olduğunu soruşanda isə cavab veriblər ki, gələcəkdə bu keyfiyyətsiz binanı almanlar tikiblər deyilməsini istəmirlər. Alman əsirləri tabe olmadıqlarına görə güllələmək istəsələr də, fikirlərindən vaz keçiblər və sementin keyfiyyətini artırmağa məcbur olaraq inşaatı davam etdiriblər".

    Qorxudan uşaqlarını hərbi xidmətə göndərmirdilər

    F. Mustafa bildirib: "Alman məsuliyyət daşıyır ki, əsir də olsa, tikdiyi bina gələcəkdə xalqının brendinə çevriləcək. Bakıda nə qədər bina uçdu? Həkim, ticarətçi Bakıda bina tikir. İş adamı da olsa, inşaatdan başı çıxmayan adamlar bina tikirlər. Bu məsələlərdə Azərbaycan cəmiyyətində müəyyən dərəcədə çətinlikdən yayınma meyillərə çox güclüdür. Hərbi xidmət məsələsi də belədir. Hazırda Rusiyanın hərbi elitasında ermənilərin sayının çox olmasının səbəbi odur ki, sovet dövründə azərbaycanlılar pul verib inşaat batalyonuna düşürdülər. Birdən silah açılar övladına dəyər qorxusu ilə valideyn istəmirdi ki, uşağı hərbi xidmətə getsin".

    Azərbaycanın bir əsgəri yoxuydu

    Sonra Qarabağ savaşının ortaya çıxdığını deyən millət vəkili əlavə edib ki, 1918-ci ilin martında ermənilər 6 diviziya ilə Bakıya gələndə Azərbaycanın bir əsgəri olmadığı kimi həmin vaxtda da eyni şey baş verdi: "Yalnız bir dənə "Vəhşi diviziya" oldu, onun da hamısı zabit və zadəgan uşaqlarından ibarətiydi. Döyüşməyə əsgər yoxuydu. Ona görə Qafqaz İslam Ordusu Bakıya gəlməsəydi, nə Bakı, nə də Azərbaycan bizdəydi. Gəncədən ibarət kiçik bir ərazidə qalmışdıq. Döyüşməyə əsgər ona görə olmadı ki, Çar Rusiyası dövründə azərbaycanlılar dedilər ki, bizimkilər dil bilmirlər, əsgərliyə getmiyək, bizimkilər donuz əti yeməyəcək və hərbi xidmətdə iştirak etmiyəcəyik. Bunlar da məmnuniyyətlə dedilər ki, bu müsəlmana silah verib niyə öyrədim. Vəssalam. 1918-ci ildə gəldilər Bakıda 30 minimizi qırdılar".

    Şirin Mirzəyevlərin sayı 10-15 nəfər olsaydı…

    O diqqətə çatdırıb ki, Qarabağ savaşı ortaya çıxanda isə erməni zabitinin, ixtisaslı hərbçinin sayı bizimkindən çoxuydu: "Qarabağ savaşına baxsaq, hamısı qəhrəman insanlardır – Allahverdi Bağırov, Fred Asif (Asif Məhərrəmov) . Lakin onların heç bir hərbi təhsil görməyən insanlardır. Nə qədər vətənpərvər olursansa ol, xəritəni, döyüş mövqeyini, əmrin formalarını bilmədən döyüşü udmaq olmaz. Bir Şirin Mirzəyev peşəkar hərbçiydi, onu da öldürdülər. Yəni peşəkar Şirin Mirzəyevlərin sayı 10-15 nəfər olsaydı, Qarabağda torpaq gedərdimi? Deməli savadlı hərbçinin olması taleyi həll etdi. Xalq bütövlükdə pis deyil. Bütün xalqların mədəni və mədəni olmayan keyfiyyətləri ola bilər. Amma bu mədəni keyfiyyətlərin qabardılması istiqamətində hər kəs öz üzərində çalışmalıdır, imkanları qiymətləndirməlidir".

    Günah nə ermənidə, nə də rusdadır

    F. Mustafa bildirib: "Televiziyada sən türk seriallarına, hind filmlərinə, yaxud da elmi verilişlərə də baxa bilərsən. Əgər sən elmi bir şey öyrənməkdən imtina edirsənsə, özünü uyutmaq, qeyri-real xəyallara özünü qapdırmaq üçün televiziyadan istifadə edirsənsə, bunun günahı nə ermənidə, nə rusda, nə də başqasındadır. Hər bir insanın uğurunun və məğlubiyyətinin səbəbi onun özüdür. İnsan öz həyatına diqqət etməlidir, Quranın Əl-Bəqərə surəsində bu xüsusi olaraq vurğulanır.: Bəzən özünüz hər hansı bir uğur əldə edəndə deyirsiniz bu özümdəndir, pis olanda isə deyirsiniz Allahdandır. Əslində çox doğru məntiqdir. İnsan öz həyatına baxsa, görəcək ki, həyat onun üçün nə qədər şans yaradıb".

    Sən küncdə siqaret çəkdin, o isə dərs oxudu

    Onun sözlərinə görə, bəzən deyirlər ki, filankəs niyə çox pul alır, mən az alıram: "Filankəs ona görə çox pul alır və var-dövləti ona görə var ki, sən evdə oturdun getmədin, o isə risk edərək Rusiyaya getdi, bazarda döyülərək, əzilərək, söyülərək pul yığdı, qazandı və varlı oldu. Yaxud da sən orta məktəbə gedəndə 10 il küncdə-bucaqda siqaret çəkdin, başını qatdın, müəllimə dərs keçməyə imkan vermədin, başqası isə əziyyət çəkdi oxudu, sonra isə universiteti qurtarıb bankda böyük bir vəzifə tutub işlədi. Deməli o səndən daha yaxşı yaşamalıdır. Biz özümüzü daha çox qınayıcı mövqe tutmasaq, özümüzü şişirtməkdən uzaqlaşmasaq, neqativ natamamlıqlarımızı görməyəcəyik".
    Rubrika.Az


    Facebook-da paylaş