• ABŞ şirkətləri niyə gedir?

    ABŞ şirkətləri niyə gedir?

    Elçin Mirzəbəyli: “Bunu ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsi kontekstindən dəyərləndirmək doğru olmaz”

    Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) kimi təşkilatlardan sonra “Exxon” və “Chevron” şirkətlərinin Azərbaycandan getməsinin arxasında dayanan məqamlar ciddi müzakirələrə səbəb olmaqdadır. Nəzərə aldıqda ki, “Exxon” və “Chevron” ölkənin neft-qaz sektorundakı sonuncu ABŞ şirkətləriydi, onların getmək qərarı çoxsaylı versiyaların meydana çıxmasını şərtləndirir. Bir çoxları hesab edir ki, bu, ABŞ-ın Azərbaycanla siyasətində ciddi dəyişikliklərin baş verəcəyini göstərir. Hesab olunur ki, rəsmi Vaşinqton ölkəmizdə siyasi proseslərin gedişinə daha yaxından təsir etmək üçün məüyyən addımlar atacaq.

    Onu da qeyd edək ki, bu ilin əvvəlində Prezidentin köməkçisi Əli Həsənov Azərbaycana qarşı xarici təhdidlərin olduğunu açıqlamışdı. “Exxon” və “Chevron” şirkətlərinin ölkəmizi tərk etməsi bu təhdidlərlə bağlı ola bilərmi? Suala cavab verən politoloq Elçin Mirzəbəyli bildirir ki, Azərbaycana qarşı təhdidlər həmişə olub, bundan sonra da olacaq: “Çünki kiçik dövlət olmanın, çox həssas regionda yerləşmənin öz təhlükəli tərəfləri var. Təbii ki, Azərbaycan kiçik dövlət olsa da, həm regional, həm də qlobal proseslərdə aktiv rol oynayır. Amma bu gün biz dünyada fərqli bir proseslərin getməsinin şahidi olurur. Birləşmiş Ştatlar deyəndə, bütövlükdə “Qərb” anlayışının qəbul olunması bu gün özünü doğrultmur. Təsəvvür edin ki, bu gün NATO daxilində kifayət qədər ziddiyyətlər var, Avropa İttifaqı özünün ordusunu yaratmaq istəyir. Bu isə faktiki olaraq NATO-nun parçalanması anlamına gəlir. Nəzərə alaq ki, Rusiya da bu prosesə müsbət yanaşır. NATO-nun ikinci böyük ordusuna malik Türkiyə ilə Rusiya arasında olan münasibətlər artıq tamamilə fərqli kontekstdən dəyərləndirilir. Bütövlükdə dünya düzənində fərqli proseslər gedir və biz bu proseslərin təzahürünu ən müxtəlif formalarda görəcəyik”.

    Politoloqun sözlərinə görə, o şirkətlər addımlarını iqtisadi baxımdan əsaslandırmağa çalışıblar: “Azərbaycanın enerji sektorunun təməl hədəfi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu proses ilk gündən Azərbaycanın enerji strategiyasında öz yerini tutub və ölkənin geosiyasi önəminin artırılmasında mühüm əhəmiyyət daşıyır. Bu proses indi də davam edir. Yəni hədəf olaraq Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz rolunu alıb və bu prosesin bundan sonra da davam etdirilməsi üçün hər hansı maneənin olmadığını biz görürük. Digər kontekstdən yanaşdıqda, biz Azərbaycanın neft-qaz sektorunda bp-nin daha çox aktivlik nümayiş etdirməsinin şahidi oluruq. Bp Böyük Britaniyanın şirkəti olsa da, ABŞ-da da böyük aktivlərə malikdir, siyasi dairələr tərəfindən dəstəklənir. Ola bilsin ki, ABŞ şirkətləri Azərbaycanda bp ilə rəqabət apara bilməyəcəklərini görüb getmək qərarına gəliblər”.
    ABŞ şirkətləri niyə gedir?

    ABŞ-ın qeyri-hökumət təşkilatlarının Azərbaycanı tərk etməsinə gəlincə, E.Mirzəbətli deyir ki, Azərbaycan hökuməti onların və digər təşkilat və fondların burada geniş fəaliyyət göstərmələri üçün imkanlar tanımır: “Onlar yerli vətəndaş cəmiyyəti institutlarını maliyyələşdirilməsində iştirak edə bilmirlər. Bu aspektdən də Azərbaycanın ictimai-rəyinə təsir göstərmək imkanları məhduddur. Həmin o institutların məqsədi heç də hansısa ölkədə demokratik institutlara dəstək verməkdən ibarət deyil. Bir amerikalı nə üçün marağında olsun ki, bir azərbaycanlı daha çox inkişaf etsin, qanunlarla yaşamağa adət etsin, daha yüksək bir cəmiyyət qursun? Bu, absurddur. Biznes maraları ilə yaşayan bir dövlət o düşüncədə ola bilməz. Orda biznes hakimiyyətin təməlində dayanıb, biznes üçün də ilk növbədə öz maraqları var. Bu baxımdan, onların məqsədləri Azərbaycanda hər hansı irəliləyişə nail olmaq olmayıb. Digər tərəfdən, Azərbaycan cəmiyyətinin onlara münasibəti də bu məsələdə mühüm rol oynaya bilər”.

    Politoloq “Exxon” və “Chevron”un qərarının ABŞ-Azərbaycan münasibətləri kontekstindən dəyərləndirilməsini düzgün hesab etmir: “Əslində son dövrlərdə baş verən hadisələr – ABŞ prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısına ünvanladığı dörd məktub, daha sonrakı təmaslar, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirinin regiona və Azərbaycana səfəri, Azərbaycanda və daha sonra verdiyi açıqlamalar ABŞ-Azərbaycan münasibətlərində hər hansı ziddiyyətlərin olduğunu deməyə əsas vermir. İstənilən kontekstdən dəyərləndirdikdə, narahatedici məqamlar həmişə var, bundan sonra da olacaq. Amma bu narahatedici məqamlar qarşıdurma üçün hər hansı əsas vermir və indiki şəraitdə hansısa şirkətlərin Azərbaycandan getməsini ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsi kontekstindən dəyərləndirmək doğru olmaz. ”


    Rubrika.Az


    Facebook-da paylaş