• Dahi rəhbərin xüsusi önəm verdiyi sehrli səs – Zeynəb Xanlarova

    Dahi rəhbərin xüsusi önəm verdiyi sehrli səs – Zeynəb Xanlarova

    Biz onun səsi, onun mahnılarıyla böyümüşük. O televiziya ekranlarında görünəndə evlərimizdə bütün səslər susub, körpələr belə qığıltılarını kəsib – yalnız onun səsi eşidilib. Onun səsi Azərbaycanı təmsil edib, həm keçmiş SSRİ məkanında, həm bütün dünyada. Bu mənada onu Azərbaycanın səsi adlandırmaq olar, o hamımızın səsidir, sənin, mənim, onun…hamımızın.

    Bəli, söhbət Zeynəb Xanlarovadan gedir. Adının qarşısındakı bütün titullardan böyük olan Zeynəb Xanlarovadan. Titullardan söz düşmüşkən, Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət" ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Amma bu sanballı titullardan öncə o əsl azərbaycanlıdır – Bizim Zeynəbdir.

    Rəsmi tərcümeyi-hal:Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. O, həmçinin bir sıra mahnıların da müəllifidir.

    O səhnədə olanda da, parlament kürsüsündən danışanda da Azərbaycanın səsi olduğunu isbatlamış şəxsiyyətdir. O səs hər zaman Azərbaycanla birgə oldu, sadə azərbaycanlının yanında qərarlaşdı, onun hiss və duyğularını ifadə etdi. Odur ki, hər bir azərbaycanlı onun səsisni eşidəndə, çöhrəsini görəndə sevinib və bu sevginin adı xalq sevgisidir.

    Təsadüfi deyil ki, Zeynəb Xanlarova şəxsiyyəti, onun yaradıcılığı umummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısından da kənarda qalmayıb. Bu baxımdan bir faktı xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Zeynəb Xanlarovaya SSRİ xalq artisti fəxri adı məhz dahi rəhbərimiz Heydər Əliyevin təqdimatı əsasında verilib. Zeynəb xanım üstündən illər keçdikdən sonra həmin hadisəni belə xatırlayacaqdı:

    “1980-ci illərdi. Yay fəsli olduğundan bağ evimdə dincəlirdim. Bir gün Mərkəzi Komitədən iki nəfər gəlib, mənim təcili olaraq Bakıya qayıtmağımı xahiş etdilər və dedilər ki, axşam saat 6-da Heydər Əliyev səninlə telefonla danışacaq. Şəhərə evə gəldim, çox həyəcanlı idim. Fikirləşirdim, görəsən, uzaq ölkədən nəyə görə mənə zəng vuracaq. Elə bu fikirlə oturub gözləyirdim ki, birdən telefon zəng çaldı. Ürəyim yerindən oynadı. Telefonda Zərifə xanımın səsi eşidildi. Allah ona qəni-qəni rəhmət etsin. Hal-əhval tutduqdan sonra dedi ki, indi qardaşın səninlə danışacaq. Bir də gördüm Onun səsi eşidildi: “Zeynəb, necəsən? Eşitdim bağda kef edirsən. Bağ xoşuna gəldimi? Anan necədir?”. Dedim: “Gecə-gündüz sizə dua edirik”. Dedi: “Mən bağı anana vermişəm. O, məni səndən çox istəyir”. Mən incidiyimi büruzə verdim. Dedi: “Yaxşı, özündən çıxma. Bilirsən, sənə niyə zəng etmişəm?”. Dedim ki, yox, bilmirəm. Dedi ki, “səni ürəkdən təbrik edirəm. Sənə mənim təqdimatımla SSRİ xalq artisti fəxri adı verilib. Rəşid Behbudov isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb”.

    Zeynəb Xanlarovanı tərəddüdsüz olaraq ən alovlu Heydər Əliyevçilərdən adlandırmaq olar. Sənətkar dahi rəhbərin siyasi kursuna, onun müqəddəs yoluna sadiqliyini hər zaman nümayiş etdirib. Hətta ən çətin vaxtlarda belə yolundan sapmayıb, əqidəsinə sadiq qalıb. Zeynəb xanımın aşağıda oxuyacağınız xatirəsi də onun Heydər Əliyevə sadiqliyinin daha bir sübutu sayıla bilər:

    “...Vəzifədən kənarlaşdırılmışdı, infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Mən və radionun diktoru olan rəfiqəm Məhəbbət onun yanına xəstəxanaya getdik. Darvazada bir kişi Ərəbzəngi kimi yolumuzu kəsmişdi. Heç kimi içəri buraxmırdı. Qışqır-bağır saldıq, yenə də buraxmadı. Mən istəmirdim öz titullarımı bir-bir sadalayım onun üçün. Birdən cin vurdu başıma, onu yandırmaq üçün dedim: “Mən SSRİ xalq artistiyəm, Dövlət mükafatları laureatıyam”. Dedi: “Xvatit”, yəni “bəsdir”, mən sizi buraxaram.” Üzünə baxmadan yüyürə-yüyürə qaçdım ulu öndərin yanına. İçəri girən kimi o, məni qucaqladı, gözləri yaşardı, köks ötürdü...

    Dedi: “Zeynəb, sən Azərbaycanda olan çox kişidən qeyrətlisən!”.

    Zeynəb Xanlarova bu gün də ölkəmizin mədəni, ictimai və siyasi həyatında xüsusi fəallığı ilə seçilən kəslərdəndir. Dahi sənətkar sosial şəbəkələrdə də kifayət qədər aktivdir və onun buradakı başlıca fəaliyyəti dahi rəhbərimizin siyasi irsinin təbliğidir. Bu baxımdan Zeynəb Xanlarovanın bu günlərdə facebook sosial şəbəkəsindəki paylaşmalarından birinə nəzər yetirmək maraqlı olar:

    “Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən bir daha dərk edirsən ki, Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi "Əbədiyaşar lider" zirvəsinə yüksəldən onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Heydər Əliyevin həyatı və fəaliyyəti öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaqdır”.

    Hesab edirik ki, Heydər Əliyevin yüksək dəyər verdiyi şəxslər ölkəmizin sərvətidir. Çünki Heydər Əliyev kimin kim olduğunu, kimin xalq və dövlət qarşısında hansı xidmətlərə sahibliyini gözəl bilirdi. Bu baxımdan Zeynəb xanım xüsusi dəyər verilən şəxsiyyətlər sırasındadır. Ölkəmiz hələ SSRİ-nin tərkib hissəsi olanda, Azərbaycanı kimsənin tanımadığı o illərdə Zeynəb Xanlarova Azırbaycanın “vizit kart”ı olub. Dünyanın bir çox yerlərində konsertlər vermiş Zeynəb xanım ölkəmizin tanınması yönündə çox böyük xidmətlər göstərib. Şübhəsiz ki, çox sayda əcnəbi Azərbaycanı məhz Zeynəb Xanlarova, onun mahnıları sayəsində tanıyıb.

    Bu baxımdan da ona Azərbaycanın səsi demək olar. O səs ki, Azərbaycan durduqca eşidiləcək, sərhədlər aşacaq, ölkəmizi tanıtmaqda davam edəcək. Həmin səsin sahibi olan Zeynəb Xanlarova isə əsrlərdən sonra da diri qalacaq, Azərbaycan üçün diri şəxsiyyətlərdən olacaq. Biz bu sehrli səsin sahibinə hüdudsuz sayğımızı bildirir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

    Həmişə var olun, Zeynəb Xanlarova! Səsiniz daim bizi qorusun, böyük sənətkar!

    Arif
    Rubrika.Az


    Facebook-da paylaş