• Mehman Hüseynov aclığı dayandırdı və şəkil çəkdirdi

    Mehman Hüseynov aclığı dayandırdı və şəkil çəkdirdi

    Hüquq müdafiəçiləri və atası həbsdəki bloggerlə görüşdü

    Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov hazırda həbsdə olan blogger Mehman Hüseynovla görüşüb. Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, S.Məmmədov bu barədə sosial şəbəkədə məlumat verib. O, M.Hüseynovla çəkdirdiyi fotonu yayıb.

    Fotoda M.Hüseynovun görüntüsü normaldır. S.Məmmədov sosial şəbəkədə ona bu mövzu ilə bağlı ünvanlanan sualları cavablayaraq deyib ki, hələ 14 saylı təcridxanada olanda ona baş çəkməyi planlaşdırıb: “Təcridxanaya gətiriləndən sonra isə razılaşma olmalı idi. Bu gün (dünən-red.) onunla Qırmızı Xaç Komitəsi də görüşüb. Biz orada olanda onlarla görüşürdü. Ondan Əvvəl Ombudsman Aparatının nümayəndələri və atası ilə görüşüb. Sovqat qəbul edib. Bütün ərzaqlar kamerasında idi. Özü dedi ki, mədəsində qıcıq var deyə maye qidalar, qatıq, süd, yoqurt daha çox qəbul edir”.

    Görüşdən sonra S.Məmmədov musavat.com-a özəl açıqlamalar verib: “Mehmanın saxlanma şəraiti ilə tanış olduq. Bir çox kameralara baş çəkdik, həmçinin onun kamerasına da. Biz orada olanda Mehman yox idi. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə idi. Bu gün atası ilə də görüşüb. Atası sovqat gətiribmiş. Mehmanın qaldığı otaqda istilik var. 4 nəfərlik yerdə üç nəfər qalırlar. Kamera yoldaşları ehtiyatsızlıq üzündən cinayət törədən şəxslərdir. Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdən sonra onunla görüşdük. Saat yarım söhbət etdik. İcazə əsasında foto da çəkdirdik. Mehman Hüseynov qida qəbul edir. Ona qarşı pis rəftar olunub-olunmadığını soruşduq. Birmənalı şəkildə belə bir halın baş vermədiyini dedi. Sadəcə, onun narazılığı ona qarşı qaldırılmış cinayət işi ilə bağlıdır. Bu barədə vəkilinə də məlumat verib. Bizə də bu barədə fikirlərini dedi. Son sözü o oldu ki, azadlığa çıxmaq istəyirəm. Özünü təqsirsiz hesab edir. Bu da onun hüququdur. Deyir ki, martın 2-də cəza müddəti bitir və həmin gün azadlığa çıxmaq istəyir. Anasının məzarını ziyarət etmək istədiyini də bildirdi. Sağlamlığını bərpa etmək üçün çalışdığını söylədi. Bizim işimiz onun saxlanma şəraiti ilə maraqlanmaq, şəxsinə olan münasibəti öyrənmək idi. Üzərimizə düşənləri etdik. İstintaqın işinə qarışa bilmərik”.

    Mehman Hüseynov aclığı dayandırdı və şəkil çəkdirdi

    Mehman Hüseynovun atası Rafiq Hüseynov yanvarın 8-də Bakı İstintaq Təcridxanasında oğlu ilə görüşüb. Rafiq Hüseynov Meydan TV-yə deyib ki, Mehman Hüseynovla bir saatdan çox söhbət ediblər: “Mehman aclığı dayandırmayıb, halsız və zəif görünürdü. Mən ondan qida qəbul etməyini xahiş etdim. Ona meyvə və başqa yeməkləri aldım, xahiş etdim ki, hamısını yesin. Bilmirəm, mənə qulaq asacaq, ya yox”.

    Rafiq Hüseynov bildirib ki, Mehman Hüseynov nəzarətçini döymədiyini söyləyib: “Dedi ki, həmin zaman orada olmayıb, başqa yerdə çay içirmiş. İttihamlar uydurma və yalandır, Mehman belə dedi...”

    Rafiq Hüseynov müəssisə rəhbərliyinin onu yaxşı qarşıladığını bildirib: “Müəssisə rəhbəri söz verdi ki, gələcəkdə bizim görüşlərimizə mane olmayacaq”. Atası qeyd etdi ki, İstintaq Təcridxanasında Qırmızı Xaç Beynəlxalq Komitəsinin nümayəndələrini görüb.

    Mehman Hüseynov aclığı dayandırdı və şəkil çəkdirdi

    “Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O qeyd edib ki, M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu. “Mehman Hüseynov da cinayət törədib, eyni zamanda vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.

    Yada salaq ki, Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində insident yaşanıb. Məlumata görə, blogger müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

    Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

    Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.

    Rubrika.Az


    Facebook-da paylaş