• Parlamentin Adil Əliyev “fenomeni” - 3 çağırış deputat seçilən birisi üçün 4-cü dəfə deputat olmaq üçün bundan yaxşı seçki platforması olarmı?

    Parlamentin Adil Əliyev “fenomeni” - 3 çağırış deputat seçilən birisi üçün 4-cü dəfə deputat olmaq üçün bundan yaxşı seçki platforması olarmı?

    Deputatın qanunvericilik orqanında təmsil olunmasına baxmayaraq tez-tez qanunları pozması barəsində səslənən ittihamlar KİV-lərin hər zaman sevimli mövzusu olub

    Milli Məclisdəki fəaliyyətindən daha çox müxtəlif qalmaqallarla gündəmin baş qəhrəmanına çevrilməyi bacaran deputat Adil Əliyev zaman-zaman vətəndaşların torpaq mülkiyyətinin zəbt olunmasından, əmlakının ələ keçirilməsindən tutmuş ən müxtəlif mövzularda adını manşetlərə yazdırmağı bacarıb. Deputatın qanunvericilik orqanında təmsil olunmasına baxmayaraq tez-tez qanunları pozması barəsində səslənən ittihamlar KİV-lərin hər zaman sevimli mövzusu olub.

    Məsələn, deputatın vətəndaş Xəzangül Məmmədova ilə torpaq çəkişməsi, məsələnin hüquqi müstəvidə getdikcə qızışması, tərəflərin bir-birini açıq şəkildə ittiham eləməsi, hətta "şayka" deyərək ağır leksikona keçid olunması elə də uzaq tarix deyil.

    Xatırladaq ki, vətəndaş Xəzangül Məmmədova Bakının 7-ci mikrorayon ərazisində 2007-ci ildə Binəqədi bələdiyyəsindən 1000 kv.m torpaq sahəsi alıb. Onun sözlərinə görə, "Amor" şadlıq evinin arxasında yerləşən ərazi deputat Adil Əliyev tərəfindən əlindən alınıb, qaynanasının adına sənədləşdirilib, məhkəmələr millət vəkilinə qahmar çıxıb.
    Məlumatlara görə, X.Məmmədova aldadılıb, ərazidə inzibati bina tikildiyi bildirilib. Guya Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin binası tikiləcək. Amma əvəzində A.Əliyev tərəfindən 2014-cü ildən başlayaraq "Çıraq Palace" şadlıq sarayı inşa olunub.
    Şikayətçi bildirir ki, dövlət rəhbərliyinə, müxtəlif instansiyalara, məhkəmələrə müraciətlər etsə də, A.Əliyev müxtəlif yollarla məhkəmələri ələ almaqdadır.

    Beləcə deputatın məharəti sayəsində Azərbaycan Respublikası Baş Prokrorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası “Çıraq” şadlıq sarayına çevrilib. Yəqin ki, heç Ələddinin sehirli çırağında belə bu qədər məharət olmayıb.

    Ümumiyyətlə A. Əliyevin adı torpaq qalmaqallarında tez-tez çəkilir. Bir müddət öncə də KİV-lərdə Səbail rayonu ərazisində yaşayış binası tikən bir şirkətin camaatın başına açdığı oyundan bəhs edən yazı olmuşdu. Həmin yazıda adıçəkilən şirkətin Adil Əliyevə məxsus olduğu bildirilirdi. Deputat isə bu iddianı də təkzib etmişdi.

    Başqa bir qalmaqalda isə Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov KİV-nə müraciət etmiş, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ona aid 40 sot torpağın deputat Adil Əliyev tərəfindən zəbt edildiyini demişdi.

    Əliyevin “zəngin çalarlı” keçmişinə nəzər saldıqda daha maraqlı informasiyalar ilə rastlaşmaq olar. Yerli media üzərindən aparılan araşdırmalara əsasən Fraksiya.az saytı bildirir ki, karyerasına Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi başlayan A.Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb.
    Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilməsi ilə A.Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır. Başına yığdığı idmançılardan ibarət dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu barədə informasiyalar yayılmışdı. Bildirilir ki, əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam edən A.Əliyevin dəstəsi neft oğurluğu ilə məşğul olub. Sonralar Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı barədə də məlumatlara rast gəlmək mümkündür.

    1994-cü ildən Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsində rəis müavini kimi işə başlayan A.Əliyevin hazırki biznesinin başlanğıc kapitalını məhz bu vaxtlar topladığı bildirilir. Həmin dönəmlər iş adamlarına edilən zülmlər barəsində isə kifayət qədər məlumatlara rast gəlmək olar.
    Daha sonra isə qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçən A. Əliyevin “bərəsindən” keçənlərin də nə çəkdiyini xatırlamamaq olmaz. 2003-cü ildən 2005-ci ilə qədər isə A. Əliyevin “yolu” Nərimanov Polis İdarəsinin 16-cı bölməsinin rəisi kürsüsündən keçir. Artıq milyonlar sahibi olan və hüquq-mühafizə orqanlarında heç də müsbət imic formalaşdırmayan A. Əliyev 2005-ci ildən Milli Məclisdə qərarlaşıb-3 seçki dönəmində deputat adı qazanıb.
    Hüquq-mühafizə orqanlarından qanunverici bir orqana qədər yolu uzanan A.Əliyevin qanunsuzluqda adının daha çox hallanması maraqlı deyilmi? 3 çağırış deputat seçilən birisi üçün 4-cü dəfə deputat olmaq üçün bundan yaxşı seçki platforması olarmı?

    Rubrika.Az


    Facebook-da paylaş