• Bakıdan yeni həmlə, Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi...”

    Bakıdan yeni həmlə, Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi...”

    Erməni baş nazir sələflərinin yolu ilə gedəcək, yoxsa...; blokadada olan işğalçı ölkədə daha bir təlaş; erməni nəşrindən SOS!: “Azərbaycan internetin köməyi ilə Ermənistan əleyhinə kəşfiyyat əməliyyatları başlada bilər...”

    Vaxtaşırı qeyd elədiyimiz kimi, Ermənistana qarşı müharibə təkcə səngərlərdə getmir. İqtisadi, hərbi qüdrətin artırılmasının vacibliyi öz yerində, beynəlxalq rəyi öz xeyrinə möhkəmlətmək üçün virtual məkanda aparılan informasiya-təbliğat mübarizəsi eyni dərəcədə önəm daşıyır. Təbii ki, diplomatiya, təhlükəsizlik-kəşfiyyat məsələləri də həmişə diqqətdə saxlanmalı məsələlərdir.

    Virtual məkan deyərkən, bu məkanı mümkün edən vasitələrə nəzarət də böyük önəm kəsb edir. Həmin vasitələrə çıxış imkanı əldə eləmək rəqib üzərində başqa, daha bir vacib üstünlüyü təmin etmək anlamlına gəlir. Bütün sferaların, o cümlədən hərbi-müdafiə sahəsinin elektronlaşdığı və kompüterləşdirildiyi müasir zamanda bu, xüsusi əhəmiyyət daşıyır.

    *****

    Yeri gəlmişkən, belə bir məlumat yayılıb ki, son günlər Azərbaycan şirkəti Gürcüstanın ən böyük internet provayderlərindən olan “Kaukazus Onlayn” şirkəti ilə 1200 kilometr uzunluqda olan optik kabellərin satışı ilə bağlı danışıqlar aparılır. Bu iddia ilə “Qraparak” erməni qəzeti çıxış edib (axar.az).

    “Əgər razılıq baş tutsa, Azərbaycan internetin köməyi ilə kəşfiyyat əməliyyatları başladacaq və nəticə etibarilə Ermənistanı çox sürətli şəkildə əlaqədən məhrum edəcək. Bəzi məlumatlara əsasən, hökumət hələlik bu məsələdən narahat deyil və bununla bağlı cavab tədbirləri görmür”, - deyə qəzet təşvişlə iddia edib.

    Yada salaq ki, 2015-ci ildə “Kavkazus Onlayn” şirkəti satışa çıxarılıb. Şirkətin satışa çıxarılmasından sonra iki kompaniya ona nəzarət uğrunda mübarizə aparıb. Bunlardan biri Rusiyanın “Bilayn” şirkətinə məxsus “Vimpelkom”, digəri isə Gürcüstanla ABŞ-ın ortaq yaratdığı “Maqtikom” şirkətidir. 2017-ci ildə şirkət “Maqtikom”a satılıb. Şirkət ümumilikdə Avropadan (Varna şəhərindən - red.) Gürcüstana (Potiyə -red.) Qara dənizin dibi ilə gələn 1200 kilometrlik fiber optik xəttə nəzarət edir. Bunun vasitəsilə Gürcüstan Avropadan gələn interneti Azərbaycan və Ermənistana verir.

    “Kavkasus Onlayn” Gürcüstanın internet tranzitinin 61%-ni, Ermənistanın 85%-ni, Azərbaycanın isə 50%-ni internetlə təmin edir. Əgər erməni mətbuatının yazdıqları doğrudursa, bu, artıq Azərbaycanın bu xətti almaq üçün ikinci cəhdi sayıla bilər. Belə ki, Bakı ilk dəfə bu xətti 2007-ci ildə almaq istəyib.

    *****

    Strateji əhəmiyyətli xətlərdən söz düşmüşkən, bura bölgədən keçən tranzit neft-qaz kəmərləri və dəmir yolu xətləri də daxildir. Məlumdur ki, Ermənistan öz işğalçı siyasəti nəticəsində belə meqa-layihələrin hamısından kənarda qalıb. Üstəlik, Azərbaycan və Türkiyə tərəfindən illərdir yarımblokada şəraitində saxlanılır. Əlamətdardır ki, bu acı gerçək indi Ermənistanın yeni rəhbərliyi səviyyəsində etiraf edilməyə başlayıb.

    “Biz Ermənistandan keçən tranzit neft-qaz layihələrində çox maraqlıyıq”. Rubrika.Az-ın “Yeni Müsavat”a istinadən məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində deyib. Baş nazir bu haqda “Ermənistan Rusiyadan qaz asılılığını azaltmağa çalışan və ”Şimal axını-2" kimi layihələri özünün təhlükəsizliyi üçün təhlükə sayan ölkələrə qoşulmağı planlaşdırırmı" sualına cavab verırkən söyləyib.

    “Ermənistan öz ərazisindən, o cümlədən Rusiyadan gələn tranzit qaz kəmərinin keçməsində maraqlıdır. Təəssüf ki, Ermənistanda ”Şimal axını - 2" tikilmir. Biz marağındayıq ki, bizim ölkədə də hansısa tranzit boru xətti inşa edilsin və hansısa A nöqtəsindən B nöqtəsinə qaz və ya neft nəql eləsin. Biz belə layihələrdə çox maraqlıyıq".

    *****

    Əlbəttə, “halva-halva” deməklə ağız şirin olmur. Ermənistan öz ərazisindən bu kimi xətlərin keçməsini, lap elə qonşu Gürcüstan kimi Azərbaycandan əlverişli qiymətə qaz almaq istəyirsə, o zaman ən azından düşdüyü blokada rejiminin səbəblərini bir daha götür-qoy eləməli, nəticə çıxarmalı, səbəbləri aradan qaldırmalıdır.

    Bundan ötrü isə o, işğalçılıq siyasətinə son qoymalı və bütün qonşuların ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanımalıdır. Ermənistan ilk növbədə regiona, ardınca isə dünyaya açılmalıdır. Ola bilsin, ondan sonra Ermənistan onun ərazisindən keçəcək hansısa yeni meqa-layihələrin iştirakçısı olsun, tranzit ölkəyə çevrilsin.

    Paşinyan bu yöndə cəhdlər edəcəkmi? Hələlik söyləmək çətindir. Burası dəqiqdir ki, özünü “demokrat rəhbər” sayan Nikol Paşinyan öz xalqının inkişaf yoluna çıxması, ölkəsinin gerçək müstəqilliyə və rifaha qovuşması üçün ermənilərin sonuncu şansıdır. Bu şans hələ itirilməyib. Öncə Azərbaycanla dil tapılmalıdır. Bu olmayacaqsa, blokada şəraitindəki Ermənistanda çox baş nazirlər gəlib-gedəcək, acı gerçəkliklər və etiraflar isə qalacaq və davam edəcək. Elə işğalçı ölkədə inqilab və sosial-siyasi təlatümlər də...

    Rubrika.az


    Facebook-da paylaş