• Azərbaycanda ölümcül virus yayılması iddiası - Nə baş verir?

    Azərbaycanda ölümcül virus yayılması iddiası - Nə baş verir?

    Ötən gün ölkə mətbuatında Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi, 18 yaşlı Nərdanə Tağızadənin leptospiroz adlı virusdan vəfat etməsinə dair məlumat yayılıb. N.Tağızadənin anası İlhamə İgidova bildirib ki, qızında bu virusun olduğunu onlara Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri deyiblər (BAKU.WS). Ananın sözlərinə görə, həkimlər N.Tağızadədən başqa ölkədə daha 5 nəfərin bu virusdan öldüyünü bildiriblər.

    Qeyd edək ki, leptospiroz insanlara heyvanlardan keçən çox ağır və insan həyatı üçün böyük təhlükə yaradan viruslu infeksiyadır. İnsanlar bu infeksiyaya açıq havada durğun sulardan içərkən, yaxud yoluxmuş ev heyvanlarının ətindən istifadə etməklə yoluxa bilirlər.

    Əsas yayıcısı siçan-siçovul, bir də yoluxmuş ev heyvanlarıdır. Xəstəliyi törədən leptospiroz adlı spiralvari bakteriyalardır. Leptos- kiçik, spiros - spiral deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı ən geniş yayılmış və yüksək təhlükəli infeksiyalar sırasına daxil edib.

    Son illərdə infeksiyaya yoluxma halları peyvəndləmə və gəmiricilərin məhv edilməsi sayəsində xeyli azalıb. Maraqlıdır ki, leptospiroz bakteriyaları soyuğa hədsiz dözümlü, istiyə isə dözümsüzdürlər. Ona görə də Afrikada ona yoluxmaya demək olar ki, rast gəlinmir.

    Leptospirozun inkubasiya dövrü 2-20 gündür. İlk öncə yoluxmuş insanın temperaturu yüksəlir, baş ağrısı, əzələlərdə ağrılar yaranır, titrətmə meydana gəlir. Bu mərhələ təxminən 4 gün şəkir. Ondan sonra kəskin dövr gəlir - qaraciyərin, böyrəklərin, ürəyin, hətta baş beyinin toxumaları parçalanmağa başlayır. Bəzən xəstəlik kəskin pnevmoniyaya, ağciyər çatışmazlığına səbəb olur. 20 faiz hallarda virus ağır meningitə gətirib çıxarır. Sağalma dövründə daxili orqanların bərpası prosesi gedir. Yalnız xəstəliyin ilkin dövründən başlanan peşəkar müalicə insanı ölümdən xilas edir. Buna görə də xəstəliyin ilkin əlamətlərini hiss edən hər kəs, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olan şəxslər dərhal həkimə müraciət etməlidilər.

    Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda leptospiroza yoluxmuş insanlar arasında ölüm halları 35 faizə bərabərdir. Təşkilatın tövsiyəsi ilə kənd təsərrüfatında çalışan insanların virusa qarşı vaksinaysiyası həyata keçirilir. Lakin vaksinin qoruma müddəti cəmi 6 həftə təşkil etdiyi üçün onu müntəzəm olaraq təkrarlamaq lazım gəlir.

    Qeyd etdiyimiz kimi, leptospirozun əsas yayıcıları siçan-siçovul kimi gəmiricilərdir. Son illərdə Azərbaycanda havaların quraqlıq keçməsi gəmiricilərin kütləvi şəkildə artmasına səbəb olub. Hətta Bakı şəhərində də siçan-siçovulların hədsiz çoxalması diqqəti cəlb edir. Buna görə də bir neçə həftə əvvəldən Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları rayonlarda gəmiricilərə qarşı mübarizə tədbirlərini gücləndiriblər.

    Bu vəziyyətdə Bakı şəhərində gənc tələbənin və daha 5 nəfərin leptospirozdan həyatını itirməsi paytaxt əhalisinin ciddi təhlükə ilə üzləşməsi demək olardı.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, N.Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb: “Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Qeyd edək ki, leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb”.

    Xidmətin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, mərhumun anasının daha 5 nəfərin bu virusdan ölməsinə dair dedikləri reallığı əks etdirmir: “Onlara kimin nə dediyini bilmirəm. Amma ölkədə bu virusa yoluxma, yaxud ondan ölümlə bağlı heç bir fakt qeydə alınmayıb”.

    Rubrika.az


    Facebook-da paylaş