• Şamaxıdan dünyaya açılan pəncərə - Qədim Şirvanın elmi tarixinin yaşadılması üçün bu çox vacibdir!

    Şamaxıdan dünyaya açılan pəncərə - Qədim Şirvanın elmi tarixinin yaşadılması üçün bu çox vacibdir!

    ADPU-nun Şamaxı filialının təkcə rayonun yox, bütün ölkənin təhsil sistemində, ictimai-siyasi həyatında xüsusi yer tutur

    Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi üçün ard-arda qəbul edilən dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrimizin siması ildən-ilə dəyişilir, yeni sənaye və mədəniyyət, təhsil obyektləri açılır. Xüsusilə təhsil sahəsində atılan inqilabi addımlar artıq bu sahədə tamamilə yeni ab-havanın yaranmasına səbəb olub.
    Regionlarıda ali təhsil müəssisələrinin, onların filiallarının açılması həm bölgələrin inkişafı, həm də bu ərazilərdə yaşayan gənclərin daha asan şərtlərlə təhsil alması üçün vacibdir. Müxtəlif rayonlarımızda yerləşən universitet filiallarının uğurlu təcrübəsi sübut edir ki, mövcud təcrübə qorunub saxlanılmalı, yaxın zamanlarda daha geniş tətbiq edilməlidir.
    Ümumiyyətlə ali təhsil ocaqlarının paytaxtdan kənarda, nisbətən sakit ərazilərdə yerləşdirilməsi dünya praktikasında geniş yayılıb. SSRİ dönəmində demək olar ki, ali təhsil ocaqlarının mütləq əksəriyyətinin paytaxt Bakıda yerləşməsi bu gün ciddi sıxlıq problemləri yaradır. Həm də ucqar ərazilərdən gələnlər üçün əlavə çətinliklər, maliyyə problemləri yaranır. Amma yaxın ərazilərdə ali təhsil müəssisələrinin olması gənclərin oxumasına əlavə stimul verir.
    Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı universitetlər və yaxud onların filialları yerləşir. Təcrübədən çıxış edərək demək olar ki, onların mövcudluğu yerləşdikləri ərazilərin sosial iqtisadi, mədəni həyatına güclü təsir edir.
    Bu mənada ADPU-nun Şamaxı filialının qazandığı nailiyyətlər, təhsil sistemindəki yeri, rayonun ictimai-siyasi həyatındakı qabaqcıl rolu xüsusilə qeyd edilməlidir. Filialın məzunları müxtəlif bölgələrdə, xüsusilə Şamaxıda və onun ətraf kəndlərində uğurla fəaliyyət göstərirlər. Bu gün də filialda gənc pedaqoqların yetişməsi, lazımi biliklərlə təmin olunması üçün bütün şərait yaradılıb.
    Xatırladaq ki, ADPU-nun Şamaxı filialı Azərbaycan Respublikası nazirlər kabinetinin 1 iyul 1991-ci il qərarına əsasən yaradılıb. Hazırda filialda bir pedaqoji fakultə tərkibində 3 kafedra- İctimai elmlər və xüsusi fənlər, ədəbiyyat və dillər,pedaqoji və təbiət fənləri kafedraları fəaliyyət göstərir. 5 ixtisas-tarix və coğrafiya, riyaziyyat və informatika, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə müəllimliyi ixtisasları üzrə 514 tələbə təhsil alır. Xüsusilə qeyd etmək lazımdır ki, filialda təhsil alan tələbələrdən 164 nəfəri məhz Şamaxı rayon sakinləridir. Elə bu faktın özü filialın mövcudluğunun Şamaxı və ətraf rayonların sakinləri üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.
    ADPU-nun Şamaxı filialı ali təhsil ocaqları içərisində öz ənənələri ilə seçilir. Bu gün ölkəmizin müxtəlif bölgələrində yüzlərlə məzunu şərəfli müəllim adını daşıyır, dövlət işlərində çalışırlar. Filialın təhsil müəssisələri içərisində reytinqi də yüksəkdir. Təsadüfi deyil ki, hər il filialın qəbul planı 100 faiz dolur, qəbul olunan abituriyentlərin əksəriyyəti 400-500 bal toplayırlar. Son illər qəbul olunanlar arasında 500 baldan yuxarı toplayanların sayı artmaqdadır.
    Haırda filialda 89 əməkdaş çalışır.Onlardan 35 nəfəri professor-müəllim heyəti,6 nəfəri inzibati idarə heyəti, 48 nəfəri isə tədris-köməkçi və xidmətedici heyətdən ibarətdir. Filialda tədrisin keyfiyyətini yüksəltmək üçün digər ali təhsil ocaqlarından tanınmış professor və dosentlər dərs demək üçün dəvət edilirlər.
    ADPU-nun Şamaxı filialının təkcə rayonun yox, bütün ölkənin təhsil sistemində, ictimai-siyasi həyatında xüsusi yer tutduğunu qeyd edən Filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışov bildirir ki, bu ali təhsil müəssisəsində yüksək intellektili pedaqoji kadrların hazırlanması üçün bütün imkanlar mövcuddur. “Burada təhsilin keyfiyyətini təmin etmək üçün ciddi nizam-intizam mövcuddur. Müəssisədə şəffaf müəllim-tələbə münasibəti formalaşıb,professor-müəllim heyəti arasında sağlam, rəqabətyönümlü münasibət hökm sürür. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazaya malik tədris binasının olması,zəngin dərslik, bədii ədəbiyyatla təchiz edilmiş kitabxananın fəaliyyət göstərməsi təhsilin keyfiyyətini və səmərəliliyini artıran əsas şərtlərdəndir.”
    Filialın elmi fəaliyyətinin, elmi potensialının artırılması daim diqqət mərkəzindədir. Son illərdə filialda 5 xarici ölkədən 25 elm xadiminin, eləcə də ölkənin nüfuzlu elm adamlarının iştirakı ilə III Beynəlxalq Həmzə Nigari Türk dünyası mədəni irs simpoziumu təşkil edilmiş, tədbir yüksək səviyyədə baş tutmuşdur. Filialın təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs edən professor Rüfət Hüseynzadə bu ənənlərin ildən-ilə genişləndiyini vurğuladı:
    “Filialda yüksək elm,bilik, maarifçilik mühiti hökm sürür.Mütəmadi olaraq keçirilən elmi seminarlar, elmi-pedaqoji müzakirələr, diskusiyalar, kitab təqdimatları, mənəvi-əxlaqi mövzularda keçirilən söhbətlər, görüşlər artıq bir ənənə halını alıb. Bütün bunlar isə tələbə və professor-müəllim heyətinin maariflənməsində mühüm rol oynayır.” Filialda son illərdə qazanılan uğurlarda direktor Tünzalə xanımın böyük rolunu qeyd edən professor bütün bunların gərgin əməyin, yüksək peşəkarlığın nəticəsi olduğunu söylədi-“Filialın direktoru Tünzalə Yusifova öz yüksək bacarıq və qabiliyyəti, yüksək təşkilatçılığı, səriştə və peşəkarlığı ilə burada çox möhtəşəm bir universitet, dəyərli təhsil ocağı formalaşdırmağa müvəffəq olub. Nəticədə universitetdə yüksək nizam-intizam yaradılmış, hər kəs öz işini layiqincə yerinə yetirir.”
    Filialda ictimai təşkilatlar-Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı və müxtəlif klublar fəaliyyət göstərir.Tələbələr şamaxıda, eləcə də respublikamızın müxtəlif bölgələrində keçirilən tədbirlərdə hər zaman fəal iştirak edirlər.
    Şamaxı filialı bu gün bütün ali təhsil ocaqlarına örnək ola biləcək bir təcrübəyə malikdir. Qazanılan uğurların bünövrəsində isə məsuliyyət, ciddi nizam-intizam amili dayanır. Elə artıq üçüncü ildir ki, filialda işləyən ADPU-nun dosenti Qüdrət Umudov da bizimlə söhbətində Şamaxı filialının təcrübəsinin geniş təbliğ olunmasının vacibliyini qeyd etdi;
    “Filialda yaradılmış işçi mühit,kollektivin bacarığı, işgüzarlığı, kadrların elmi səviyyəsi, ən əsası insanların səmimiyyəti mənim xoşuma gəlir. Filial rəhbərliyinin ciddi tələblərinə uyğun olaraq çox keyfiyyətli dərslər keçirilir. Vaxtaşırı keçirilən “açıq dərs”lər göstərir ki, müdərrislər işinin ustası, peşəsinin vurğunudur. Apardığım müşahidəyə əsasən deyə bilərəm ki,-mən həm də ADPu-nun özündə dərs deyirəm- regionda təhsil alan tələbələr mərkəzdə oxuyan tələbələrdən daha çalışqan və məsuliyyətlidir. Şamaxıda-qədim maarif və mədəniyyət ocağında belə bir təhsil ocağının olması çox təqdirəlayiqdir.”
    Yaş və Pedaqoji psixologiya kafedrasının dosenti Q. Əzizov filialın yarandığı gündən indiyə qədər ölkənin təhsil sistemində əhəmiyyətli rol oynadığnı vurğulayıb: “Filial yarandığı gündən qazandığı yüksək nailiyyətləri ilə həmişə seçilib. Tünzalə xanımın filiala rəhbər təyinatından sonra bu tədris ocağında nizam-intizam, təlim-tərbiyə, həmçinin maddi texniki baza ən yüksək səviyyəyə çatdırılıb. Bütün bunlar isə filialın ildən-ilə yeni uğurlara imza atmasına imkan yaradır”
    ADPu-nun Şamaxı filialının mövcudluğu rayonun və qonşu ərazilərin gənclərinin təhsil almasında böyük əhəmiyyət kəsb edir. Öz doğma rayonunda təhsil alıb işləyən bu gənclər artıq peşəkar kadrlar kimi öz sözlərini deyiblər. Bu təhsil ocağının qorunması, inkişafına hərtəerəfli dövlət qayğısının göstərilməsi çox vacibdir. Qədim Şirvanın elmi tarixinin yaşadılması üçün bu çox vacibdir!

    Nicat Mahmudov


    Facebook-da paylaş