• Bakıda 8 Mart Şousu: xanımları alət etməyə çalışdılar

    Bakıda 8 Mart Şousu: xanımları alət etməyə çalışdılar

    Dünən martın 8-i idi. Klara Setkin və Roza Lüksemburqun "ana"ları sayıldığı Beynəlxalq Qadınlar Günü.

    Rubrika.Az Milli.az-a istinadla bildirir ki, başda müstəqil jurnalist olduğunu iddia edən Xədicə İsmayıl olmaqla bir qrup azərbaycanlı xanım Bakıdakı "Nizami" metro stansiyasının yaxınlığında yürüş keçirməyə çalışdılar.

    Yürüşün özü kimi, adı ilə bağlı qarışıqlıq vardı.

    Belə ki, təşkilatçı qrup yürüşü "8 Marş - Zorakılığa qarşı GET" adlandırmışdı. Xədicə İsmayıl Facebook-dakı səhifəsində belə anons vermişdi: "Bu gün saat 2-də Azad qadın heykəli yanında mən də olacam. Solçu deyiləm. Feminist deyiləm. Qadınam".

    Digər qrup yürüşü "Qadına şiddətə yox!" aksiyası adlandırdı.

    Və ən nəhayət, yürüşün əsl təşkilatçıları olduqlarını iddia edən 8 xanım Facebook-dakı profillərində "Qadınlara qarşı şiddəti, zorakılığı dayandıraq!" aksiyası keçirmək niyyətlərini bəyan etdilər.

    Bundan başqa, yürüşün məqsədi ilə bağlı da anlaşılmazlıqlar vardı.

    Aksiyanın feministlər tərəfindən təşkil olunduğu deyildi. Sonra vurğulandı ki, xeyr, aksiyanın solçu qadınlar hazırlayır. Bir qədər keçdi, sağçılar solçuları "topa" tutdular ki, yalan danışmasınlar, AXCP, Müsavat və "Milli Şura"nın təəssübkeşi olan qadınlar hazırlayır aksiyanı.

    Ara qarışdı, mübahisələr başlandı, sağçılar solçuları zəiflikdə, solçular sağçıları ad mənimsəməkdə suçladı.

    Nəhayət, saat 14.00 oldu və "Nizami" metrosunun yaxınlığına toplaşan bir qrup xanım əllərindəki şüarları, şarları və çiçəkləri yelləyərək "Azad Qadın" heykəlindən yola çıxaraq Natəvanın heykəlinədək yürümək istədilər.

    Təbii ki, polis buna mane oldu.

    Səbəb Azərbaycan polisinin qadın hüquqlarını saymazdan gəlməsi, qadın düşməni olması və ya vətəndaş hüquqlarını kobudcasına tapdalayıb əzməsi istəyində olması ilə bağlı deyil.

    "Azadlıq" radiosu və "Meydan TV"dən tutmuş, sosial şəbəkələrdəki çoxsaylı "müstəqil"lərin iddialarına rəğmən.

    Səbəblər o yürüşdə yellədilən rəngbərəng şarların içində üfürülmüş hava, səslənən qışqırtılar qədər sadə idi.

    Xanımlar yürüşə səki ilə yox, yolun ortası ilə çıxmaq fikrindəydilər. Bu isə hərəkətin gur olduğu yerdə nəqliyyat üçün çox ciddi problemlər yaratmaqla yanaşı, absurd təsiri bağışlayan (bu barədə bir qədər sonra) tələbləri səsləndirən zərif cins mənsublarının öz həyatları üçün təhlükə mənbəyinə çevriləcəkdi.

    Bundan başqa, martın 7-də Bakı polisi bəyanat yayaraq bildirmişdi ki, xanımların keçirməyə hazırlaşdıqları aksiya şəhərin hakimiyyət dairələri ilə razılaşdırılmadığı üçün icazəsizdir və qarşısı alınacaq.

    Yəni rəsmi xəbərdarlıq olunmuşdu.

    Polis əməkdaşları, xüsusilə də zabitlər təxminən 30-40 dəqiqə xanımları dilə tutdular.

    Hadisə yerində çəkilmiş videolara baxın.

    "Zəhmət olmasa", "Xahiş edirik", "Lütfən, çox xahiş edirik", "Bir qədər geri çəkilsəydiniz, minnətdar olardıq" - bu ifadələri polislər söyləyirlər.

    Qətiyyətlərini bir-birinə baxıb artıran zərif, gözəl xanımlarımız isə fikirlərindən dönmür, daha da radikallaşır, "Qadına şiddətə yox!" qışqırırdılar.

    Solçu və feminist olmayan, sadəcə, qadın kimi aksiyaya qatıldığını deyən Xədicə İsmayıl isə artıq rola girməyə lüzum qalmadığını anladığından "rəhbər"liyi ələ almışdı.

    Polisi sorğu-suala tutandan sonra asayiş keşikçilərinə qanunlarla bağlı qısa spiç söyləyən Xədicə İsmayıl "Qızlar, geri çəkilməyin!" də qışqırdı.

    Bu, "adi iştirakçı" müraciəti deyildi istənilən halda - X.İsmayıl nə qədər danmağa çalışsa da.

    "Qadınam" deyərək aksiyaya yollandığını bəyan edən "müstəqil jurnalist"in "yardım"çıları Fatimə Mövlamlı və Aytac Tapdıq da fəaldılar. Hətta ifrat fəal: onlar polis əməkdaşlarını, sanki, sərt davranmağa vadar edirdilər.

    Təbii - aksiya "müstəqil"lərin Facebook profillərində canlı yayımlanırdı. "Meydan TV" və "Azadlıq" radiosunun sosial şəbəkələrdəki səhifələrində olduğu kimi.

    Kim nəyə etiraz edirdi?

    Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupunun təşkil etdiyi iddia olunan yürüşdə feminizmdən əsər-əlamət yoxdu. Hər halda "Qadına şiddətə yox!" şüarını feminizm nümunəsi saymaq üçün zəngin və məntiqsiz təxəyyül sahibi olmaq, ya da AXCP, Müsavat və "Milli Şura"nın fentezi janrındakı absurd gəvəzələmələrinə inanmaq gərəkdir.

    Aksiyaya qatılan xanımlar yürüşdən əvvəl sosial şəbəkələrdə yazmışdılar: "Məqsədimiz qadına qarşı məşiət və ailə zorakılığının bütün hallarına qarşı mübarizə aparmaq, bu problemləri aradan qaldırmaqdır. Cəmiyyəti patriarxatdan xilas etmək, kişilərin hegemoniyasından qurtulmaq, qadınların səsinin eşidilməsinə nail olmaq üçün bütün qadınları yürüşə dəvət edirik!"

    O da vurğulanmışdı ki, Azərbaycanda hər il 100 qadın ailə-məişət zorakılığının qurbanı olaraq qətlə yetirilir. Döyülən, cinsi zəmində qısnamalara məruz qalan, təcavüz olunan qadınlar gərəkli yardım ala bilmirlər.

    Azərbaycanda qadınların ailə-məişət zorakılığı kimi yaramaz, mənhus problemlə üzləşdiklərini hansı dövlət qurumu, rəsmi şəxs, millət vəkili və ya siyasətçi danıb ki?! Əksinə, bu problem ən yüksək səviyyələrdə müzakirə olunur, həll yolları aranır.

    Hüquq müdafiəçiləri, media da problemdən bəhs edir. Amma iş ondadır ki, Azərbaycanda qadının hüquqlarını tapdalayanlar, qadını aşağılamağa çalışanlar ən sərt cəzalarla qarşılaşırlar. Müsəlman ölkələrində "adi hadisə" hesab olunan, "adət-ənənə" ilə izah olunan olaylarla Azərbaycan cəmiyyəti barışmır.

    Bunu Xədicə İsmayıl da bilir, onun dəstəsinin mənsubları da.

    Digər tərəfdən, dünən keçirilən aksiyanın əsl təşkilatçıları hansısa irrasional, mifik "feminist qadınlar birliyi" deyildi.

    Əsla.

    AXCP və "Milli Şura" son günlərdə sosial şəbəkələrdə hakimiyyətə qarşı "hücum"larının informativ bazasının zəifləyib tükənməsindən narahatdır. Xarici ölkələrdəki "müstəqil bloqer" və "ictimai-siyasi fəal" olduqlarını iddia edən azərbaycansızlar da mövzu qıtlığından əməllicə əzab çəkirdilər.

    Hakimiyyətin sosial sahədəki ciddi qərarları, maaşların artırılmasından tutmuş, dollar kreditləri üzrə faizlərin bağışlanmasınadək geniş sahədə görülən işləri axı nə qədər tənqid etmək, yamanlamaq, qaralamaq olardı?!

    Məsələn, "Meydan TV" ilə Sevinc Osmanqızının son iki həftədə paylaşdıqları videoların adlarına baxmaq yetər ki, onların hikkə və hirslərinin səbəbini anlayasan.

    Azərbaycan iqtidarını "tənqid" etmək üçün mövzu axtarırdılar.

    "Feminist"lərin dünənki aksiyası - "Şiddətə yox" və ya "8 Marş" adları ilə mahiyyət yox, görüntü ilk plana keçmişdi - marığa yatanlar üçün əldəndüşmə hədiyyə oldu.

    Danışana yox, danışdırana baxaq

    Son 22 ildə Azərbaycan parlamentində qadın hüquqları və problemləri ilə bağlı 72 qanun qəbul edilib, ölkəmiz 87 beynəlxalq konvensiyaya qoşulub.

    Ölkəmiz 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 -ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub.

    ... Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. "Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Qadın zorakılığı haqqında" Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar. Milli Məclisdə təmsil olunan 125 deputatdan 20-si qadındır.

    Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri də ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Bildiyimiz kimi, menatlitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur.

    Ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməli, ictimai qınaq olmalı, profilaktik (maarifləndirmə) işləri həyata keçirilməlidir. Müəllimlər, ziyalılar, qadın siyasətçilər qadın zorakılığı adlanan bu bəlanın aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilərlər.

    Bəhs etdiyimiz problem var və onun həlli vacibdir.

    Azərbaycanda hər vətəndaş da sərbəst toplaşmaq azadlığına, fikir və düşüncə özgürlüyünə malikdir. Bu, danılmaz məsələlərdir.

    Fəqət, azadlıqları bəhanə etməklə süni gündəm formalaşdırmağa çalışmaq, adı belə, fərqli qələmə verilən qadın yürüşünü sırf siyasi aksiyaya çevirmək cəhdləri siyasi möhtəkirlik və ideya alverçiliyidir.

    Problem bir qrup xanımın "Nizami" metro stansiyasının yanında yürüş keçirmək istəyi yox, arxa planda durub bu zərif cins mənsublarını irəli verənlərin çirkin niyyətləri və siyasi əxlaqsızlıqlarıdır.

    Yoxsa 8 Martda kim hansı xanıma deyə bilər ki, hüquqlarından danışma...

    Rubrika.Az


    Facebook-da paylaş