• Sərnişin avtobusları ilə bağlı tələblər sərtləşdi: nə dəyişəcək?

    Sərnişin avtobusları ilə bağlı tələblər sərtləşdi: nə dəyişəcək?

    Ekspert: “Bu qaydalara əməl edilərsə, sərnişindaşımada problemlərin böyük bir hissəsi öz həllini tapacaq”
    Bakı şəhərində fəaliyyət göstərən avtobuslara dair tələblər müəyyənləşib. Bu barədə müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.


    Qərara əsasən, “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilib. Bu tələblər Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını həyata keçirən avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, habelə Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya aid infrastruktura (nəqliyyat mübadilə mərkəzlərinə, avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə) şamil edilir.

    İrəli sürülən tələblərdən bəzilərini qeyd edək: Salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi; sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm; maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu; sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu; qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı; ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları; dərman qutusu, hər birinin tutumu minimum 4 kiloqramlıq olan və bir ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq; avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu.

    Bu gün xüsusilə də Bakı kəndlərinə, qəsəbələrə hərəkət edən avtobuslardakı vəziyyət olduqca acınacaqlıdır. Avtobusların sayının az olması səbəbindən insanlar çətinliklə nəqliyyat vasitəsinə minib, ayaqüstə dayanmağa belə yer tapmırlar. Bundan əlavə avtobus sürücülərinin səriştəsizliyindən, nəqliyyat vasitəsinin istismara yararsız olmasından da şikayət çoxdur. Konkret olaraq yuxarıda irəli sürülən tələblərə Bakıda çox az avtobusda əməl olunur. Bəs bu tələblərin həyata keçirilməsi mümkün olacaqmı?



    “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov hesab edir ki, tələb varsa yerinə yetirilməlidir: “Xüsusilə də sərnişindaşıma məsələlərində təhlükəsizlik qaydalarının yüksək səviyyədə tətbiq olunmasından danışırıqsa, bu tələblər yerinə yetirilməlidir. Ötən il dekabrın 27-də yol hərəkətində təhlükəsizliyin təmin olunması ilə bağlı 2019-2023-cü illəri əhatə edən dövlət proqramı təsdiq olundu. Həmin sənəddə konkret olaraq ictimai nəqliyyatda təhlükəsizlik qaydalarının tətbiq edilməsi, bunun üçün zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub. Faktiki olaraq baş nazirin imzaladığı yeni qaydalar da bilavasitə bu proqramdan irəli gələn bir haldır. Orada bu gün sərnişindaşımada müşahidə olunan bütün problemlərlə bağlı tələblərə rast gəlmək mümkündür. Sərnişin avtobusları, qapısı açıq formada idarə edilməli deyil. Bu, sərnişinləri təhlükə altına alan haldır. Artıq avtobuslarda elə mexanizm tətbiq olunacaq ki, qapısı açıq olan avtobus idarə edilməyəcək. Sürəti məhdudlaşdıran cihazın quraşdırılması da çox önəmlidir. Mütləq şərtdir ki, avtobuslar onlar üçün nəzərdə tutulan sürət həddini keçməyərək hərəkət etsinlər. Bakıda bu gün avtobusların kifayət qədər sürətlə idarə olunmasını görürük. İnzibati riçaqlara, cəza tədbirlərinə baxmayaraq, yenə də bu kimi hallar yaşanır. Belə olduğu halda sürəti məhdudlaşdıran cihazın tətbiq edilməsi müsbət effekt verə bilər. Düşünürəm ki, bu tələblərin tətbiq olunması üçün problem yaranmayacaq. Yay aylarında müşahidə edirik ki, avtobusun içərisindəki yüksək temperatur səbəbindən sürücülər qapıları açıq qoyurlar”.

    Avtobuslaırn sayının artırılmasına gəlincə isə ekspert bildirib ki, hazırkı tələblərdə belə bir nüans yoxdur: “Tələblər əsasən 3 istiqamət üzrə köklənib. Birincisi, avtobusun texniki göstəricilərinə aiddir. İkincisi, avtobusun daxili tərtibatı, sonuncu isə xarici tərtibatıdır. Yəni bu tələblər sırf avtobusların istismarı ilə bağlı olan üç element üzrədir. Təbii ki, tələblərdə taksi, dayanacaqlarla bağlı da məqamlar var. Say məsələsi yuxarıda qeyd etdiyimiz dövlət proqramına aiddir. Orada bununla bağlı konkret müddəa mövcuddur. Göstərilib ki, əhalinin sayı nəzərə alınmaqla avtobusların sayı optimallaşdırılsın. Buna isə monitorinq və qiymətləndirmələr əsasında müəyyən olunacaq. Tələblərdə GPS-lə izləmə məsələsi də var. Bununla avtobuslar izləniləcək və belə halların qarşısını almaq üçün addımlar atılacaq. Pik saatlarda intervalı artırmaq olar ki, xəttə daha çox avtobus buraxılsın. Bu hal isə şirkətlərin imkanlarına bağlı olan məsələdir. Bakı Nəqliyyat Agentliyi bunun üzərində işləyir ki, sayın optimallaşdırılması ilə bağlı əlavə olaraq bir neçə qərar verilsin. Tələblərə əməl edilərsə, sərnişindaşımada problemlərin böyük bir hissəsi öz həllini tapacaq”.

    Rubrika.az


    Facebook-da paylaş