• Əli Kərimli və Hacı Tale Azərbaycanda iğtişaşlar hazırlayırlar - EYNULLA FƏTULLAYEV YAZIR

    Əli Kərimli və Hacı Tale Azərbaycanda iğtişaşlar hazırlayırlar - EYNULLA FƏTULLAYEV YAZIR

    EYNULLA FƏTULLAYEV

    Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan şiələrinin lideri Hacı Talenin (Bağırzadənin) həddən artıq sentimental audioyazısı yayılmışdı. Bu gün Hacı Tale sərt Qobustan həbsxanasının dustağıdır və uzunmüddətli həbsini çəkməkdədir. İslamçı lider Nardaran qiyamının təşkilatçılığında ittiham olunub.

    Nardaran – Bakıda yeganə dini oasiz və şiəliyin beşiyidir ki, burada təbii və tarixi səbəblər üzündən dünyəvi hakimiyyətlə çulğalaşmış müsəlman icması yaranıb. Azərbaycanda sərt siyasi rejim şəraitində dünya şiəliyi o qədər də böyük olmayan bir Abşeron qəsəbəsi formatında teokratik idarəetmənin dayanıqlı modelini qoruyub saxlaya bilirdi. Hakimiyyət uzun illər ərzində Nardarandakı özünüidarəetməyə göz yumurdu. Lakin var qüvvəsi ilə bu idarəetmə modelini bütün ölkəyə yaymaq istəyən siyasi qüvvənin özbaşınalığı siyasi rəhbərliyi çox çətin qərarın qəbuluna vadar etdi – onilliklərlə çiçəklənən formal islamçı özünüidarəetmənin ləğvinə qərar verildi. İctimai razılaşmanı hakimiyyət deyil, Hacı Talenin timsalında dünyəvi dövlət quruluşunun əsaslarını dağıtmağa çalışan siyasi islamın tərəfdarları pozdular.

    İ.Əliyev hökuməti hələ 2000-ci illərin əvvəllərində etməli olduğunu etdi, belə ki, Nardaranın ərazisində rəsmi Bakıdan daha çox qonşu İslam Respublikasının konstitusiya quruluşu fəaliyyət göstərirdi. Dini birlik, tarixi irs və sosial-siyasi inkişafın kulturoloji təfsiri dəyərlərinin arxasında gizlənərək, Şərqin aparıcı geosiyasi gücü qonşu olsa da, hər halda suveren dövlətin ərazisində özünə dağılmaz anklav qurmuşdu. Müasir dünya bu cür siyasi manipulyasiyanın, daha doğrusu, aşkar müdaxilənin yalnız bir presedentini tanıyır – İran meylli Hizbullahın nəzarəti altına düşmüş Beyrut, daha dəqiq desək, onun Dahya məhəlləsi. Siyasətlə din arasında zərif və görünməz sərhədin mövcudluğunun dərki Azərbaycan hakimiyyətinin əl-qolunu bağlayırdı.

    Axı Hacı Talenin özünün də çıxışında etiraf etdiyi kimi, azərbaycanlılar – şiə qisasçılığının Səfəvi formasının irsinin daşıyıcılarıdır ki, Qızılbaşların kəsən qılıncının qələbəsinin hesabına tarixin xarabalıqlarına gömülmüş böyük İran yenidən həyata qayıtmışdı. Şah İsmayıl və daha sonrakı Səfəvi şahları, sonradan isə Nadir şah və Qacarlar uzun əsrlər boyu, bəlkə əbədilik olaraq iki sivilizasiyanın – Azərbaycan-türk və İran-fars sivilizasiyalarının taleyini birləşdirərək, şiəliyi məzhəbdaxili döyüşkən dini təmayüldən müəyyən mənada milli-mədəni özünüdərk formasına sala bilmişdilər. Nardaran dilemmasının fəlsəfi, mənəvi-etik tərəfi uzun illər ərzində Azərbaycan hakimiyyətini sərt hərəkətlər etməkdən çəkindirirdi, o vaxta qədər ki, Hacı Tale dini icmanı fəal siyasi qüvvəyə çevirməyə cəhd etməyə başladı.

    Hakimiyyətin yeni şiə siyasi qüvvəsi kimi Hacı Tale ilə qarşıdurması zamanı dünyəvi liberal gücləri bəs daha çox nə narahat etdi?! Nardaran hadisələri zamanı misli görünməmiş qəribə bir olay baş verdi ki, Əli Kərimlinin timsalında liberal dünyəvi müxalifət Hacı Tale və islamçılarla birləşdi. Həmin hadisələrə qədər Ə.Kərimli qərbyönümlü siyasətçi rolunda çıxış edirdi. Axı Kərimli inadlı, hətta döyüşkən şəkildə NATO, Aİ və bütün Şimali Atlantik cəmiyyətlə inteqrasiyanın tərəfdarı idi və birdən-birə başqa bir qütbə atılaraq, arxasında Vaşinqtonun Qərb sivilizasiyasının əsas düşməni elan etdiyi Əl-Qüdsün, SEPAH-ın, Qumun, Tehranın, bir sözlə, şiəliyin bütün institutlarının dayandığı klerikal qüvvə ilə alyansa daxil oldu. Necə axı? Kərimlini azad olunması naminə Xalq Cəbhəsinin, Milli Şuranın və digər qərbyönümlü siyasi qüvvələrin bu gün də səy göstərdiyi Hacı Tale ilə nə birləşdirə bilərdi?! Bu ilanla kirpinin nə ittifaqıdır belə? Bu azmış kimi, Ə.Kərimlinin yaxın ətrafı sosial şəbəkələrdə Nardaran hərəkatını aşkar şəkildə dəstəkləməyə başladı və şiə puritanlarının obrazlarının bədii qəhrəmanlaşdırılmasına aludə olaraq, onları konstitusiya quruluşunun dəyişdirilməsi uğrunda silahlı qardaş qırğınına səslədilər. Əli Kərimlinin radikal şiə hərəkatının əsl məqsədlərindən xəbəri var idimi? Şübhəsiz ki. Bu, Hacı Talenin tərəfdarları ilə söhbətinin yayılmış audioyazısından da aydın görünür.

    “Bizim liderimiz Xameneidir. Demokratik müxalifət də bunu bilir. Müxalifət anlayır ki, liderimiz bizim heç zaman keçməyəcəyimiz qırmızı xəttimizdir. Və biz açıq şəkildə dedik – bizim liderimiz Xameneidir”, - Tale iddia edir. Kərimli ilə ittifaqa daxil olarkən islamçıların lideri nəyə ümid edirdi? Hacı Tale özü taktiki məqsədlərini açıqlayır: “Bizim tribunamız yoxdur, KİV-imiz yoxdur. Onların imkanlarından niyə istifadə etməməli idik ki? Özləri də dəyərlərimizə və liderlərimizə hörmətlə yanaşırlar”. Başqa sözlə, islamçıların siyasi və mənəvi lideri özü etiraf edir ki, bu, taktiki ittifaqdır və islamçılarla liberallar arasında keçilməz uçurum mövcuddur – Talenin tərəfdarlarının da xidmət etdiyi İranın ali siyasi rəhbərliyi.

    Fəqət əsas suala cavab vermək lazımdır: bəs Xamenei rejimi ilə əlaqələrini gizlətməyən şiə radikalları ilə ittifaqa daxil olan Kərimlinin məqsədi nə idi? Cəbhəçilərin lideri bu dəfə də kifayət qədər ikiüzlü, çirkin, dönük hərəkət edərək, siyasi istiqaməti və ideya dəyərləri bambaşqa olan antaqonist, lakin fəal mobilizə olunmuş qüvvə ilə yalnız ona görə ittifaqa gedir ki, başlıca siyasi vəzifəsini həyata keçirə bilsin – legitim hakimiyyət devrilsin. Budur hücuma keçən siyasi qüvvənin təhlükəsi.

    Kərimli hansı məqsədi güdür?

    Kərimlinin və Milli Şuranın nə fəaliyyət proqramı var, nə komandası, nə dəyərlər fəlsəfəsi, onlar ancaq hakimiyyət hərisliyinə bürünüblər. Əliyevlərin hakimiyyətini devirək, sonrasına baxarıq! Yəni taleyin ümidinə hərəkət edək! Faktiki olaraq Tehran rejiminin nökərləri ilə bir cəbhədə çıxış edib ölkəni bu cür məchul fəlakətə necə sürükləmək olar?!

    Kərimli heç özü də bilmir ki, özünün ideyasız tərəfdaşlarının bölünüb parçalanmış kövrək qrupları ilə birlikdə yeni avantüraya qədəm qoyub və onları Azərbaycanı Livana çevirmək istəyən yaxşı təşkilatlanmış, strukturlaşmış siyasi qüvvə uda bilər. Bu haqda Hacı Tale öz söhbətində açıq deyir. Ona, onun təlimatlarına qulaq asın!

    Budur, artıq neçə vaxtdır ki, ReAL lideri İlqar Məmmədov Əli Kərimlini dolayısı olaraq hakimiyyət uğrunda qeyri-legitim mübarizədə, seçkilərlə bağlı olmadan mübarizəni və inqilabi dalğanı başlatmaq hərisliyində ittiham edir. Ə.Kərimli isə İ.Məmmədova cavab vermir. Doğrudan da, bütün son seçkiləri Ə.Kərimli ya boykot edib, ya da başqa namizədləri - gah Rüstəm İbrahimbəyovu, gah Cəmil Həsənlini dəstəkləyib. 2018-ci il prezident seçkilərində isə Kərimli ümumiyyətlə iştirak etmədi, bir ovuc tərəfdarlarını “Məhsul” stadionuna çağırıb seçkilərin boykot edilməsinin alternativinin olmadığını elan etdi. İ.Məmmədov isə israr edir ki, əsl liberal inqilab seçicilərin seçkilərdə öz səslərini qorumaq uğrunda qızğın mübarizəsindən doğur.

    İlqar Məmmədov da Kərimlinin həqiqətindən şübhələnir

    Və o, həqiqətdən uzaq deyil. Lakin Tehranın nökərləri ilə taktiki ittifaq bağlamış Kərimlinin mübarizəsi seçki dövrünə bağlı deyil. Cəbhəçilərin lideri hər gün xalqı və cəmiyyəti vətəndaş itaətsizliyinə, sosial etirazlara və hakimiyyəti devirməyə çağırır. İnqilabçı rəhbər misal göstərməkdə də çətinlik çəkmir. Kərimli Azərbaycanı Venesuelaya çevirməyə çağırır. Bəli, bəli, Kərimli hər gün internet yayımları üzərindən cəmiyyətə bu fikri təlqin edir. Üstəlik, özünün bu səmimi məqsədində istənilən mübarizə vasitələrindən istifadə etməyə hazırdır, əsasən islamçılara, onların geniş elektoratına və ümumən əhalinin dindar kəsiminə ümid edir.

    Beləliklə, bizim gəldiyimiz başlıca qənaət - Kərimli demokratik prosesə və İlqar Məmmədovun tez-tez bəhs etdiyi leqal mübarizə formalarına deyil, xaosa və iğtişaşlara hazırlaşır. Üstəlik, islamçılarla birlikdə. Bu haqda Hacı Tale də açıq şəkildə deyib və deməkdə davam edir. Sual olunur, Kərimli hansı məqsədlə situasiyanı süni şəkildə gərginləşdirir, tərəfdarlarını kütləvi etirazlara çağırır? Və bu zaman gözlənilən çaxnaşmaların əsl məqsədinin hakimiyyətin devrilməsi olduğunu heç cür gizlətməyə çalışmır. Əgər bu, konstitusion quruluşun zorakı yolla dəyişdirilməsinə yönəlmiş çağırışlar deyilsə, bəs nədir?! Bəyəm Azərbaycanda seçkilər keçib? Bəlkə Kərimli həmin seçkilərdə səslərin çoxunu toplayıb və hakimiyyət ümumxalq səsverməsinin nəticələrini total şəkildə saxtalaşdırıb?! Axı Azərbaycanda ən yaxın seçkilər 2020-ci ilin payızından tez keçirilməyəcək. Və söhbət superprezident üsul-idarəçiliyi ilə idarə olunan ölkədə dövlət başçısının seçkilərindən deyil, cəmi-cümlətanı parlament seçkilərindən gedir.

    Kərimli isə hakimiyyətin sivil Qərb demokratiyasında qəbul edildiyi kimi seçkilər yolu ilə dəyişdirilməsi mexanizmlərini rədd edərək, hər saat olmasa da, hər gün sosial şəbəkələrdə xalq kütlələrini itaətsizliyə, iğtişaşlara və artıq faktiki olaraq dövlət çevrilişinə çağırır! Üstəlik, islamçıların hərəkatının liderinin dəstəyi ilə. Hələ üstəlik öz çağırışlarını İranda 1979-cu ildə baş vermiş yaşıl inqilab barədə tarixi həqiqətlərlə möhkəmləndirməklə. Kərimli bu dəfə siyasi səhv yox, cinayət törədir, hansı ki, bütün sivil ölkələrdə belə əməli qanunun bütün ciddiyyəti ilə cəzalandırırlar. Ancaq Azərbaycan hakimiyyəti nəyə görəsə sükut nümayiş etdirir və hadisələrin inkişafının qəribə ssenarisini laqeyd halda izləməklə kifayətlənir.

    Lakin ola blsin, biz hər halda səhv edirik. Onda nəyə görə Əli Kərimli hələ də Hacı Talenin sosial şəbəkələrdə yayılmış çağırışlarına reaksiya vermir? Bunu necə başa düşək? Doğrudanmı, söz Əli Kərimlidədir?!

    RUBRİKA.AZ


    Facebook-da paylaş