• Məktəblinin intiharı prezidentin nəzarətində - Elinanın qanı batmayacaq!

    Məktəblinin intiharı prezidentin nəzarətində - Elinanın qanı batmayacaq!

    Təhsil nazirinin iştirakı ilə keçirilən iclasda 162 nömrəli məktəbin direktoru ilə bağlı qərar verildi; cəmiyyətdə geniş rezonans doğuran hadisə deputatların və media təmsilçilərinin iştirakı ilə geniş müzakirə edildi; mərhum Elina Hacıyevanın anası yayılan videonu yalanladı: “Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır?”

    “Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı məsələ prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bununla bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın”.

    Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə deyib. O deyib ki, bu məsələnin ciddi şəkildə araşdırılmaması ilə bağlı fikirlərin əsası yoxdur: “Burada söhbət məktəblinin və ailəsinin hüquqlarından gedir. Baş verən hadisə ilə bağlı indidən kimisə günahlandırmaq düzgün deyil.

    Amma hadisə ilə bağlı düzgün olmayan məlumatları yaymaq hüquqları pozmaq deməkdir. Biz Azərbaycanda intihar hallarının azaldılması ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə maarifləndirici tədbirlər keçiririk.

    Necə olur ki, intihar həddinə çatan 8-ci sinif şagirdi ailəsindən dəstək almayıb? Düzdür, mən bu məsələdə heç kimi günahlandırmaq istəmirəm. Bu, istintaq araşdırmalarından sonra məlum olacaq. Bu cür məsələlərdə təkcə məktəbin, müəllimin deyil, valideynlərin də məsuliyyəti var”.

    Bundan başqa, Təhsil Nazirliyində də iclas keçirilib və məktəbin direktorunun işdən çıxarılması ilə bağlı qərar qəbul edilib. “Yeni Müsavat”ın xəbərinə görə, təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda bu qərar qəbul edilib.

    “Yayılan videodakı mənim balam deyil”

    Məsələlərdən biri də intihar edən məktəbli qızın gecə klubuna getməsi ilə bağlı kamera görüntülərinin paylaşılmasıdır. Mərhum yeniyetmənin anası Sevil Hacıyeva news24.az-a müsahibə verib və bu xəbərləri yalanlayıb. Müsahibəni təqdim edirik.

    - Sevil xanım, sosial şəbəkə və yerli mətbuatda qızınızın olduğu deyilən videogörüntülər və fotolar haqda nə deyə bilərsiz?

    - Videolarda və fotolarda olan qız mənim Elinam deyil. Mənim qızım çox tərbiyəli olub. O, heç vaxt siqaret çəkməyib, hətta yaxınına da buraxmayıb. Qızım çölə çıxmaq, rəfiqələri ilə harasa getmək istəyəndə məndən, nənəsindən, hətta atasından da həmişə icazə alıb.

    - Bəs görüntülərdə Elina olduğu iddia edilən qız əslində kimdir?

    - O qızlar Ramilə və Dianadır. Qızım olduğu deyilən məhz Ramilədir, yəni siqaret çəkən qız. Diana isə mənim qohumumdur. Şəkillərə diqqətlə baxıb, qızımın görüntüləri ilə tutuşdursalar, görəcəklər ki, fərqli-fərqli qızlardır. O görüntülərin qızımla heç bir əlaqəsi yoxdur!

    - Sizcə, bu görüntülər niyə yayılıb?

    - Başa düşmürəm ki, bunu niyə ediblər. Məqsədləri nədir? Mənim qızım haqq dünyasındadır. Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır? Bu, onu edənlər üçün böyük rəzalətdir! Ayıb olsun! Allaha həvalə etmişəm!

    - Sağlığında qızınızın xəbəri vardımı o görüntülərdən?

    - Bəli, Elina mənə demişdi ki, Diana yaxşı olmayan hərəkətlər edir. Hətta Elina özü dəfələrlə o cür hərəkətlərinə görə Dianaya irad tutmuşdu.

    - Sözügedən görüntüləri kimin yaydığı haqda hər hansı fikriniz varmı? Sizcə kim, ya da kimlər tərəfindən yayılıb?

    - Düşünürəm ki, bunu ancaq məktəbin direktoru edə bilər. Onun məqsədi odur ki, qızımı ləkələyib, özünü təmizə çıxartsın. O, yaxşı bilirdi ki, mənim qızım sakit, ağıllı, mədəni uşaq idi. Düzgün həyat tərzi sürürdü. Buna baxmayaraq, direktor özünü haqlamaq üçün bu cür iyrənc əməllərə əl atır.

    - Qızınızın yıxıldıqdan sonra çəkilən görüntüləri haqda nə deyə bilərsiz?

    - Təsəvvür edin, qızım özünü atıb, məktəbdə hər kəsin bundan xəbəri olub. Lakin bizə 2 saatdan sonra məlumat veriblər. Hətta təcili yardıma da gec zəng ediblər. Rəsmən qızımın həyatı ilə oynayıblar! Bu, vicdansızlıqdır! Cənab prezidentimizə və birinci xanımımıza dərin təşəkkür edirəm ki, bu məsələni diqqətə götürüblər! Mən ümid edirəm ki, onların sayəsində tezliklə haqq-ədalət öz yerini tapacaq! Qızımın ölümündə günahı olan hər kəs lazımi cəzalarını alacaq! Mən balamı itirdim! Digər valideyinlərin övladlarını bu şəkildə itirməmələri naminə prezidentimiz və vitse-prezidentimizin verdikləri qərar öz müsbət nəticəsini göstərər, inşallah!

    Səhiyyə Nazirliyi ittihamlara nə deyir?

    İntihar edən məktəblinin müalicəsi zamanı da müəyyən səhvlərə yol verildiyi müzakirə edilir. Mərhumun anası Sevil Hacıyeva bildirib ki, qızına vaxtında müdaxilə edilmədiyindən, işləməyən aparata qoşulduğundan dünyasını dəyişib. Eyni zamanda qeyd edilir ki, Elina intihar etdikdən təxminən 2 saat sonra təcili tibbi yardıma müraciət edilib.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında bildirib ki, şagirdin ölümü ilə bağlı araşdırmalar davam edir: “”Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır, ekspertiza aparılır. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma gedir. Araşdırma aparılan vaxt hər hansı bir açıqlamanın verilməsi istintaqın işinə müdaxilə kimi qiymətləndirilə bilər. Hadisəyə hüquqi qiymət veriləcək, kimin, yaxud kimlərin günahı varsa, onlar qanun qarşısında cavab verəcəklər".

    Məktəb psixoloqları nə işə yarayır?

    Bəs görəsən, məktəb rəhbərliyi hansı hallarda məsuliyyət daşıyır? Ümumtəhsil ocaqlarında psixoloq ştatı varmı? Onların fəaliyyəti niyə yarıtmaz səviyyədədir?

    “Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirdi ki, məktəblərdə çətin tərbiyə olunan uşaqların siyahısı olmalı və onlarla xüsusi qaydada iş aparılmalıdır: “Tam olaraq məsuliyyətin məktəb psixoloqunda olduğunu demək qeyri-mümkündür. Çünki məktəbdə psixoloq ştatı elə də çox deyil. Məktəb var ki, 1500 şagirdi var, ancaq bir psixoloq ştatı var. Sözsüz ki, bu işin öhdəsindən gəlmək çətindir. Ancaq onun asan bir yolu da var. Asan yol budur ki, məktəbdə çətin tərbiyə olunan, içkiyə, narkotikə meylli olan uşaqlar siyahıya alınır. Hər məktəbdə yüzlərlə belə uşaq olmur, maksimum 15-20 nəfər olur. Bu uşaqlar müəyyənləşdirilməli idi, nəzarətə götürülməli idi, qayğı ilə əhatə olunmalı idi. Psixoloq da üzərinə düşən vəzifəni yerinə yetirməliydi, mütəmadi olaraq nəzarət etməli idi, profilaktik söhbətlər aparmalı idi. Valideynlərlə görüşməli idi, cəmiyyətdə o uşaqların kimlərlə təmasda olduğunu, hansı əyləncəli məkanlara üz tutduqlarını araşdırmalı idi, onları bu zərərli vərdişlərdən çəkindirməli idi”.

    Ekspertin sözlərinə görə, bu hadisə məktəb direktorundan tutmuş, onun müavininə, psixoloquna, şagird və valideynlərinə qədər hər kəsin məsuliyyət daşıyacağı bir haldır: “Mətbuatda ailə haqqında yazırlar ki, intihar edən məktəblinin ailəsi normal deyildi. Bu şagird ailədə görmədiyi qayğını məktəbdə müəllimdən, sinif rəhbərindən, direktordan, sinif yoldaşlarından görməli idi. Mütəmadi qayğı ilə əhatə olunsaydı, onunla profilaktik söhbətlər aparılsaydı, çox güman ki, davranışı da düzələrdi. Bütün hallarda məktəb kollektivi məsuliyyət daşıyır, çünki hadisə məktəbdə baş verib. Məktəblərdə çətin tərbiyə olunan, zərərli vərdişlərə meylli olan uşaqlarla iş aparılmır. Bu hadisə də onun nəticəsidir. Təhsil Nazirliyi və digər qurumlar bu hadisədən nəticə çıxartmalı və əsas diqqəti uşaqların əxlaqi-mənəvi tərbiyəsinə, sistemli işlərin aparılmasına yönəltməli idi”.

    M.Mürşüdlü vurğuladı ki, sovet dövründə hətta müəllimlər problemli uşaqların, dərsə gəlməyənlərin evlərinə belə gedirdilər: “Mən son illər eşitməmişəm ki, bir sinif rəhbəri uşağın dərsə gəlməməsi ilə bağlı ailənin qapısını döysün. Belə bir praktikanı görmürük. Sovet dövründə məktəbin yerləşdiyi ərazidə olan polis idarələrində bu tip uşaqlarla iş üzrə ayrıca bir inspektor olurdu, onlarla praktiki iş aparırdılar. İndi belə bir ştatın olub-olmadığını bilmirəm. O zaman bu cür uşaqlara görə məktəb, ailə və cəmiyyət arasında bir üçbucaq yaranırdı və uşaqları nəzarətdə saxlayırdılar, onları düzgün tərbiyələndirirdilər”.

    Rubrika.az


    Facebook-da paylaş