• Yanan yataqxanada yaşayan hər ailəyə 300 manat kirayə pulu verildi

    Yanan yataqxanada yaşayan hər ailəyə 300 manat kirayə pulu verildi

    Hazırda nə qədər məcburi köçkün ailəsi yataqxanada yaşayır - rəsmi rəqəmlər
    Xəbər verildiyi kimi, aprelin 10-da Bakıda, Babək prospektində - “Azərsutikinti” xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib və alov söndürülüb. Koridorlar dar, bir ədəd giriş və çıxış olmağına baxmayaraq, yanğın zamanı xoşbəxtlikdən ölüm halı baş verməyib.

    Qeyd edək ki, binanın qəsdən yandırılması versiyası da irəli sürülüb. Lakin sakinlər bu fikrə kəskin etirazlarını bildiriblər. Onların iddiasına görə, bu cür vəziyyətdə olan binanın indiyə qədər yanmamasının özü belə möcüzədir.

    Etiraf etmək lazımdır ki, məcburi köçkünlərin məskunlaşdıqları digər yataqxanalarda olduğu kimi burada da elektrik xətlərinin vəziyyəti bərbad haldadır. Binaya təbii qaz verilmir, ona görə də yataqxanada məskunlaşan 23 ailənin hamısı otaqlarını elektrik enerjisi hesabına isidib. Sakinlər söyləyiblər ki, dəfələrlə naqillərdə problemlər, qırılmalar baş verib. Sakinlər tələb ediblər ki, onların hamısına məcburi köçkünlər üçün inşa edilən binadan mənzil verilsin.

    Bəs hazırda onların durumları nə yerdədir? Məcburi köçkünlər üçün binalar tikilirmi?

    “Yeni Müsavat” olaraq bu istiqamətdə araşdırma edərək, bəzi məlumatlar əldə etdik. Əvvəlcə onu qeyd edək ki, yanğın baş verən yataqxanada məskunlaşan bütün ailələr kirayə mənzillərə köçürülüb. İndiyə qədər bu kimi yataqxanalarda yanğın hadisələri tez-tez baş verib. Baş nazirin müavini Əli Əhmədov da qeyd etdi ki, son aylarda Bakıda 5 ardıcıl yanğın hadisəsi baş verib ki, bununla bağlı da ciddi göstərişlər verilib: "Hazırda mənzilə ehtiyacı olan məcburi köçkünlərin sayı da çoxdur. 100 minlərlə rəqəmlərlə ölçülür və bütün bunların hamısını həll etmək üçün zaman lazımdır. Yaxın bir neçə il ərzində problemin əhəmiyyətli dərəcədə kəskinliyini azaltmaq niyyətindəyik. Amma bundan ötrü on minlərlə yeni mənzillər tikilməlidir. Bunlar asan şeylər deyil və zaman tələb edir ki, Azərbaycan hökuməti bunları ardıcıl şəkildə həyata keçirə bilsin",-deyə baş nazirin müavini bildirib.

    Sakinlərdən aldığımız məlumata görə, aprelin 11-də onların bir qismi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilib. Biz ərazidə olduğumuz zaman da müşahidə edirdik ki, Rövşən Rzayev məcburi köçkünlərin adlarını qeyd etdirib, onların qəbula gəlmələri üçün şərait yaradır. Öyrəndik ki, 23 ailənin hər birinə 300 manat məbləğində kirayə pulu verilib.

    Son zamanlar yanan yataqxanalarda adətən bu cür təcrübədən istifadə edilir və sakinlər yataqxana təmir olunana qədər kirayə mənzillərə köçürülür. Nümunə kimi martın 6-da Nəriman Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğını göstərə bilərik. Həmin yanğın zamanı 2 nəfər dünyasını dəyişmişdi. Evləri yanan məcburi köçkünlər isə yataqxana təmir olunana qədər müvəqqəti kirayə mənzillərə köçürülmüşdü.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirilib ki, ilk növbədə pis vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzillərlə təmin olunması prosesi həyata keçirilir ki, bu, hazırda da davam etdirilir: “Ötən aylarda Sumqayıt şəhərində pis vəziyyətdə yaşayan məcburi köçkünlər mənzillərlə təmin olundular. Aprelin 5-də isə Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verildi. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb”. Bildirildi ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

    2018-ci ilin may ayında açıqlanan rəsmi rəqəmlərdə bildirilir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 149 qəzalı obyektdə 8701 ailə, 32743 məcburi köçkün məskunlaşıb. Bu ilin aprel ayının 5-də kompleksin açılışı zamanı isə məlumat verilib ki, artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.

    “Qaçqınkom”dan bildirilib ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

    Komitədən məlumat verilib ki, bu il ərzində 5 min məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi nəzərdə tutulub: “Ötən il Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış ”Qobu Park" yaşayış kompleksinin açılışı oldu. Bu kimi komplekslərin tikintisi davam edir. Ümumilikdə ötən il ərzində 5700 ailə - təxminən 25 min məcburi köçkün evlə, mənzillə təmin edilmiş oldu".

    Rubrika.az


    Facebook-da paylaş