• İbrahimbəyovun şok açıqlamalarına iqtidar və müxalifətdən reaksiyalar

    İbrahimbəyovun şok açıqlamalarına iqtidar və müxalifətdən reaksiyalar

    Tanınmış kinoşünas deyib ki, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar; müxalifət isə onu zorla vahid namizəd edib

    “İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o, çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi”.

    Rubrika.Az “Yeni Müsavat”a istiandla xəbər verir ki, kinodramaturq Rüstəm İbrahimbəyov “Dojd” telekanalına müsahibəsində belə deyib.

    Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət yekcins deyil. Kinorejissor hesab edir ki, iqtidar içində radikal güclər var: “Hansılar ki, axırıncı dəfə, yarım il əvvəl - ”Qafqaz triosu" filmimin ekranlara çıxması ilə əlaqədar mənimlə haqq-hesab çəkmək istədilər. Yarım il əvvəl elə bir KİV orqanı yox idi ki, mənə çamur atmasın".

    İbrahimbəyov deyib ki, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar, hətta prezidentə müvafiq fərmanın layihəsi təqdim olunub. Lakin İ.Əliyev həmin fərman layihəsini, sözün hərfi mənasında, cırıb atıb: “Sizə deməliyəm ki, bu həqiqətdir. O, ”Bu biabırçılığı qurtarın" deyib və layihəni cırıb atıb".

    Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə təhrik ediblər. Və o, öz keçmiş qərarına görə çox heyfsilənir: “Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər”.

    R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz namizədliyini irəli sürəcəklərini bildiriblər: "Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq".

    Kinossenaristin müsahibəsindəki tezislərdən biri “Qafqaz triosu” filmidir. Bu kino ilə bağlı müzakirələri ilk rejissor Ayaz Salayev açıb, filmi tənqid edən məqalə yazıb.

    İbrahimbəyov isə bunun ortaya atılmasını hakimiyyətin qollarından birinin “ssenarisi” hesab edir.

    Ayaz Salayev: ““Qafqaz triosu” qalmaqalının mənbəyi özüməm, kimsə deyə bilməz ki, tapşırıq almışam"

    Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi Ayaz Salayev “Yeni Müsavat”a bildirdi ki, İbrahimbəyov yalan danışır: “Bu məsələni mən qaldırmışam, qalmaqalın mənbəyi özüməm. Ona görə dediklərimin məsuliyyətini daşıyıram, indi də cavabdehəm. Və sevinirəm ki, həmin filmlə bağlı məsələni qaldırmışam. Amma bu filmə başqa yozum verməyə çalışan adamları başa düşmürəm”.

    A.Salayev qeyd etdi ki, film haqda yazdığı məqalənin hər sətirinə cavabdehdir: “Məni kimsə ittiham eləyə bilməz ki, tapşırıq almışam. O məqalədən əvvəl də kiçik bir yazım çıxmışdı. Yenə təkrar edirəm ki, İbrahimbəyov yalan danışır, gopa basır. Çünki bu filmin məqsədi o idi ki, Qarabağ işğal edilməyib, bu məsələ münaqişədir. Və guya münaqişə əsasında azərbaycanlıların ermənilərə əsassız nifrəti yaranıb. İbrahimbəyov o filminə səmimi bəraət qazandırmağa çalışan adamları məhv edir”.

    Fəzail Ağamalı: “Prezident lütfkarlığından irəli gələrək onu da bağışladı”

    İqtidaryönlü deputat Fəzail Ağamalının sözlərinə görə, İbrahimbəyov yol vermiş səhvlərini malalamağa çalışır: “Biz həmin dövrü unutmamışıq, İbrahimbəyov Milli Şuranın ideoloqu idi, radikal müxalifəti bir araya gətirərək prezidentliyə namizəd oldu, sona qədər getməyə çalışdı. Onun arzusu prezident olmaq idi. İndi belə danışır. Sənə kim məcbur edirdi ki, namizəd olasan?”

    F.Ağamalı dedi ki, İbrahimbəyov Rusiya vətəndaşı olmaqla başqa dövlət qarşısında öhdəliyi olduğu üçün Mərkəzi Seçki Komissiyası əsaslı olaraq onun namizədliyini qeydə almadı: “Amma o, düşmən mövqeyindən əl çəkmədi, ciddi səhvlərə yol verdi. Prezidentliyə namizədliyin iki dəfədən artıq olmasına məhdudiyyətin aradan qaldırılmasının əleyhdarlarından biri idi, Xalq Cəbhəsi olmaqla Milli Şurada müstəsna xidmətlər göstərirdi. Eyni zamanda Tiflisdə radikal müxalifətlə görüşmüşdü, həmin vaxt təlimatları kimdən aldığı bilinmirdi”.

    Deputat İbrahimbəyovu qeyri-səmimi insan sayır: “Vətənə sədaqətsizliyini çəkdiyi filmdə göstərdi, xalqı aşağıladı. Budur onun siması, xalqına münasibəti... İbrahimbəyov ambisioz, kosmopolitdir, tükənməyən ambisiyaları ciddi səhvlər yol verməsinə səbəb olur. Lakin cənab prezident lütfkarlığından irəli gələrək çoxları kimi, onu da bağışladı və İbrahimbəyov bunlardan nəticə çıxarmalıdır. Bu gün də prezidentə xoş sözlər deyirsə, onun etirafının bir növüdür”.

    F.Ağamalı iqtidar içində radikal mövqe tutanlara gəlincə, bildirdi ki, həmin şəxslər milli mövqedə dayanmışdılar: “Prezident isə onun titullarından məhrum olmasına qarşı çıxırsa, sadəcə, dövlət başçısının yüksək dəyərlərə sahib olmasının göstəricisidir. İbrahimbəyovun adı tarixə qara həflərlə yazılıb, vətəninə, xalqına sədaqətsiz biridir, Azərbaycanın çətin günlərində yanında olmayan adamdır. O, bundan sonra bir sıra filmlərin rejissoru kimi yaddaşlarda qala bilər”.

    Tural Abbaslı: “Günah İbrahimbəyova o boyda etimad göstərən müxalifətdədir”

    AĞ Partiya sədri Tural Abbaslı zamanında Milli Şuranın təsisçilərindən biri olub. Onun sözlərinə görə, vaxtında İbrahimbəyovun apolitik biri olduğu söyləmişdi: “Günah ona o boyda etimad göstərən bizdə, yəni müxalifətdədir ki, İbrahimbəyov kimi qeyri-stabil adama siyasi investisiya qoydular və bu da nəticəsidir. Onu heç kim namizəd olmağa təkid eləmirdi, özünü birləşdirici namizəd kimi təqdim edirdi. Hətta iri partiya sədrlərinin namziədliyi müzakirə olunurdu, amma Rüstəmin xeyrinə güzəştə gedildi, namizədliyi dəstəkləndi. Rüstəm bəy artıq siyasət və müxalifət üçün bir keçmişdir”.

    Rubrika.Az


    Facebook-da paylaş