• Yataqxanalarda yanğın müəmması: - sakinlər rəsmilərlə razılaşmır

    Yataqxanalarda yanğın müəmması: - sakinlər rəsmilərlə razılaşmır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 10-da jurnalistlərə açıqlamasında bildirib ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.

    Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi başlanıb. Müvafiq ekspertizalar təyin edilib, yataqxananın qəsdən yandırılmasına dair rəy də var.

    Eləcə də aprelin 10-da Nizami rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğının da qəsdən törədilməsi ilə bağlı ittihamlar səsləndirildi. Lakin bu fikir məcburi köçkünlərin etirazı ilə qarşılandı. Rəsmilər bildirdilər ki, yanğınla bağlı ekspertizanın rəyi məlum olduqdan sonra konkret fikir söyləniləcək.

    Bəs binanı konkret kimlər yandırıb? Onlar məsuliyyətə cəlb olunubmu? Bu barədə nə üçün ictimaiyyətə məlumat verilmir?

    Binada məskunlaşan məcburi köçkünlərlə əlaqə saxladıq. Onlar “Yeni Müsavat”a bildirdilər ki, aparılan istintaqın detallarından xəbərsizdirlər: “Kimin məsuliyyətə cəlb olunmasını biz bilmirik. Bildiyimiz odur ki, həmin günü Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin əməkdaşları olmasaydı, yuxarı mərtəbədə yaşayan hər kəs yanıb öləcəkdi. Əgər binanı sakinlər yandırsalar, o zaman heç olmasa camaat əvvəlcədən koridorda, pilləkənlərdə durardılar ki, qaça bilsinlər. Kim özünü bilərəkdən yanğına atar? Ona görə də bu versiyaya inanmırıq”, deyə, adlarının açıqlanmasını istəməyən, binada məskunlaşan sakinlər söylədilər.

    Onu da qeyd edək ki, Nizami rayonunda baş verən yanğın sonrası hadisə yerinə gələn baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, son zamanlar Bakıda ard-arda yanğınlar baş verir. Ə. Əhmədov söyləmişdi ki, yataqxanalarda yanğın təhlükəsizliyinin təmin olunması, müvafiq işlərin aparılması ilə bağlı ciddi tapşırıqlar verilib.

    Əvvəlcə onu qeyd edək ki, hazırda Bakıda yerləşən yataqxanalardan demək olar ki, məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılmayıb. Hazırkı mərhələdə daha pis vəziyyətdə, zirzəmilərdə, məktəblərin həyətində, bağçalarda, yaşanması mümkün olmayan şəraitlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçirilir. İndiyədək yataqxanalardan yalnız çox az sayda məcburi köçkünlər evlə təmin olunub. Yayılan rəsmi məlumatlardan və köçürülən məcburi köçkünlərin fikirlərindən belə aydın olur ki, dövlətin bu istiqamətdə apardığı iş qənaətbəxşdir və verilən mənzillər məcburi köçkünlərin rahatlığını təmin edə bilir. Hazırda da universitetlərin yataqxanalarında məcburi köçkünlər yaşamaqda davam edirlər. Bu yataqxanalarda yanğın təhlükəsizliyi məsələsinə gəlincə isə mütəxəssislərin fikrincə, həmin binalarda tam olaraq təhlükəsizlik tədbirlərini qurmaq mümkün deyil. Çünki əksər yataqxanaların bir çıxışı, dar koridoru, ensiz və orta təmirli pilləkənləri var. Eləcə də həmin binaların bir çoxunun heç ehtiyat su hovuzu da mövcud deyil. Bundan əlavə, yataqxanalar təbii qazla təchiz olunmadığı üçün elektrik xətləri normadan artıq yüklənir. Xətlər köhnə və qarışıq vəziyyətdə olduğu üçün qısaqapanmanın baş verməsi qaçılmaz olur. Bunun nəticəsidir ki, son illər məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğınlar baş verir.

    Yanğın sonrası məcburi köçkünlərin evsiz qalan qismi müvəqqəti olaraq kirayə mənzillərə köçürülür. Yataqxana təmir olunduqdan sonra isə onlar yenidən yataqxanaya qaytarılır.

    Məcburi köçkünlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, yanğından sonra yenidən yataqxanaya qaytarılacaqları bilirlər:

    “Ona görə də heç kim köçürülmə üçün öz pal-paltarını, əşyalarını yandırmaz. Bina yanan zaman biz düşünürdük ki, yenə də paltarımız yanacaq, kimdənsə paltar almaq məcburiyyətində qalacağıq. Onsuz da Qarabağda hər şeyimiz yandı, adımızı da ”qaçqın" qoydular. İndi binanı nə üçün yandırıb, belə bir addım ataq ki..."

    Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirib ki, baş verən yanğınlarda kənar təxribat axtarmaq lazım deyil: “Çünki kiçik yanğınlar hansısa xarici ölkənin marağında deyil. Mümkündür ki, bu məsələlər ehtiyatsızlıqdan baş verib. Qaçqınların, köçkünlərin məskunlaşdığı binalar yandırılırsa, səbəb yaşayışdır. Qaçqın demək istəyir ki, yaşayış yerimi yaxşılaşdır, yeni evlə təmin elə. Təbii ki, belə bir ehtimalın olmasına görə həmin yerdə yanğın təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir”.

    Əldə etdiyimiz məlumata görə, hələ ki, yataqxanalarda yanğın təhlükəsizliyi ilə bağlı ciddi işlərə başlanılmayıb.

    Rubrika.az


    Facebook-da paylaş