• MÖHTƏŞƏM 1 İL - Prezident İlham Əliyevin ömür yolu həyat fəlsəfəsidir

    MÖHTƏŞƏM 1 İL - Prezident İlham Əliyevin ömür yolu həyat fəlsəfəsidir

    Ə.Həsənov:“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularının xatirəsinə ən böyük ehtiramı onların ideyalarını yaşatması, demokratiya arzularını reallaşdırması, Azərbaycanın müstəqilliyini və suverenliyini etibarlı şəkildə qorumasıdır!”

    "Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür"


    İlham Əliyevin növbəti müddətə prezident seçilməsindən artıq 1 il vaxt keçib. Dünyada siyasi təlatümlərlə, qarışıq iqtisadi proseslərlə müşayət olunan bu 1 ildə Azərbaycan özünün növbəti uğur tarixini yazdı. Artıq 16 ildir ki, ölkəyə rəhbərlik edən İlham Əliyev son 1 ildə həm də 16 illik hakimiyyətinin məntiqi hesabatını verdi. Bu 1 il həm də xalqın liderinə, liderin xalqına olan sonsuz inam və sevgisinin təzahürü oldu!

    Bir neçə il öncə dünyada baş verən iqtisadi böhranın ilk dalğaları Azərbaycana çatanda çoxları (onlar həm də belə vəziyyətləri özləri üçün əlverişli şərait sanırlar)

    ölkənin bu sınaqdan çıxa bilməyəcəyini, təlatümlərin, xaosun başlanacağını zənn edir, siyasi əllaməlik edirdilər. Hətta ölkənin artıq çökmə mərhələsində olduğunu da söyləyənlər tapılırdı. Bəlkə də hamının təlaşlandığı bir zamanda sakitliyini və təmkinini itirməyən İlham Əliyev bir daha sübut etdi ki, o dövlətin sükanı arxasında təsadüfən əyləşənlərdən deyil,bu həm də onun ömür yolu,həyat fəlsəfəsidir.

    Məhz belə bir zamanda növbədənkənar seçkilərə getmək və böyük üstünlüklə opponentlərinə qalib gəlmək üçün tələb olunan siyasi iradə İlham Əliyevin uğurlarının təməlində durur. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bu sözləri İlham Əliyev 2003-cü il seçkilərindən sonra keçirilən andiçmə mərhələsində demişdi. Ötən müddət sübut etdi ki, cənab Prezident bir an da olsa bu müqəddəs yoldan dönmədi, onun siyasətinin mərkəzində Heydər Əliyev ideyaları-Azərbaycan və azərbaycanlılar dayandı! On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.

    2018-ci ilin 11 aprelində “Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.” Bu sözləri isə Prezident seçkilərdən sonra xalqa müraciətində səsləndirdi. Ötən bir il

    ərzində isə Azərbaycan inkişafın daha mühüm bir mərhələsinə qədəm qoydu-demək olar ki,hər bir azərbaycanlı öz həyatında, yaşayış səviyyəsində bunu hiss etdi. Prezidentin seçkilərdən cəmi 1 həftə sonra imzaladığı sənəd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında Fərmanı oldu. Bu həm də böyük sosial islahatların başlanğıcı oldu. Əmək haqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafəisinin təminatı istiqamətində aparılan siyasətin növbəti mərhələsini təşkil etdi.

    İqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirən Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə bildirib. Bu il minimum əməkhaqqı 130 manatdan 180 manata, minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırılıb. Prezident bildirir ki, bütün bunlar həm də davamlı olacaq, vətəndaş dövlətin qayğısını hər zaman hiss edəcək.

    2018-ci ildən bəri bölgələrə 28 səfər edən Prezident İlham Əliyev bu səfərlər zamanı həm görülən işlərə nəzarət edir, həm də yerlərdə vətəndaşlarla görüşür, onları narahat edən problemlərin həlli istiqamətində yerindəcə göstərişlər verir. Rayonların sosial-iqtisadi durumunun yaxşılaşdırılması, həmçinin infrastruktur layihələri ilə əlaqədar biri-birindən önəmli sərəncamlar imzalanıb.

    2018-ci il seçkiləri həm də çox əlamətdar bir tarixə təsadüf edirdi. Şərqdə ilk demokratik Cümhuriyyətin-AXC-nin yaranmasının 100 illiyi tamam olurdu. İlham Əliyev bu təntənəyə həm də öz tarixi qələbəsi ilə daha bir çalar əlavə etdi. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun təbirincə desək “Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularının xatirəsinə ən böyük ehtiramı onların ideyalarını yaşatması, demokratiya arzularını reallaşdırması, Azərbaycanın müstəqilliyini və suverenliyini etibarlı şəkildə qorumasıdır!”

    İlham Əliyev Azərbaycanda demokratiyanın, siyasi plüarizmin davamlı inkişafı üçün hər zaman münbit şəraitin yaranmasına çalışıb. Məhz elə bu siyasətin nəticəsidir ki, hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir.

    1 il tarix üçün çox da böyük olmayan bir zaman məsafəsidir. Amma,Azərbaycan kimi müstəqilliyin kövrək addımlarını atan ölkələr üçün ötən hər bir il eyni zamanda hesabat dövrüdür. Ilham Əliyev prezidentliyinin son 1 ilində qazandığı uğurlarla azadlıq tariximizin daha bir şanlı səhifəsini yazdı! Əli Həsənov İlham Əliyevin Prezidentlik dönəmini təhlil edərkən düzgün olaraq qeyd edir ki, “ Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş