• Səməd Seyidovun mühacirlərə uzanan “barışıq əli”ni sıxan olacaqmı...

    Səməd Seyidovun mühacirlərə uzanan “barışıq əli”ni sıxan olacaqmı...

    Əlövsət Əliyev: “Ölkə başçısına və müvafiq orqanlara müraciət etmişəm”; Elnur Məcidli: “Mühacirlərə yönəlik açıq barışıq addımı atılmalıdır

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Son aylarda, xüsusilə Novruz əfvindən sonra Azərbaycan hökumətinin opponentləri ilə davranış taktikasını dəyişdiyi sezilir. Son günlərdə bu özünü açıq şəkildə büruzə verməyə başlayıb. Meydan.TV əməkdaşlarının ölkədən çıxışlarına qoyulan qadağanın götürülməsi də bu qəbildən olan addım kimi qiymətləndirilir.

    Bu arada siyasi mühacirlə bağlı məsələ də gündəmə gəlib. Ölkəni tərk edib müxtəlif ölkələrdə yaşayan fəallarla bağlı da iqtidarın bir sıra addımlar atacağı bildirilir. Azərbaycan hökumətinin “söyüş müxalifəti”nə daxil olmayan mühacirlərlə dövlət maraqları naminə müxtəlif formatlarda əməkdaşlıq edəcəyinə dair iddialar var.

    Gununsesi.org-un əməkdaşı bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla əlaqə saxlayıb.

    Azərbaycanın hüquqi dövlət olduğunu deyən S.Seyidov bildirib ki, heç kəs qanunsuzluq etmədiyi halda məsuliyyətə cəlb oluna bilməz: “O insanlar qərarlarında sərbəstdirlər. Öz ölkələrinə gələ bilərlər. Onları hər hansı bir təhlükə gözləmir. Bu sualı onlara ünvanlamaq lazımdır ki, niyə gəlmək istəmirlər”.

    “Siyasi mühacirlərin fəaliyyətinə görə qohumları burada təzyiqlərə məruz qalıbsa, özlərini də təhlükə gözləmirmi” sualına S.Seyidov cavabında bunları deyib: “Əgər kimsə özünün günahsızlığına əmindirsə, hansısa qanunsuz əməldə iştirak etməyibsə, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur. Son zamanlar atılan uğurlu addımları da görürsünüz. Meydan TV əməkdaşları ilə bağlı elə eşitdiklərimiz buna nümunədir”.

    Mühacirlərin S.Seyidovun çağırışına mövqelərini aldıq.
    Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev ölkəsinə qayıda biləcəyini dedi: “Prezident İlham Əliyevin sonuncu əfv sərəncamı ilə siyasi məhbusların böyük bir qisminin azad edilməsi, məhkəmə-hüquq islahatları ilə bağlı islahatlara başlanılması haqqında bəzi qərarların qəbul edilməsi həqiqətən ölkədə insan hüquqları sahəsində vəziyyətin dəyişəcəyinə dair ümidləri artırıb. Bundan başqa, bəzi hüquq müdafiəçilərinin və jurnalistlərin ölkədən çıxışlarına qoyulan qadağaların götürülməsi də sevindiricidir. Belə bir mərhələdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun səsləndirdiyi fikirlər də təbiidir. Digər məmurlardan da belə fikirlərin eşidilməsi mümkündür. Siyasi fəallığı ilə seçilən mühacirlərin Azərbaycana çağırışı və onları Azərbaycanda heç bir təhlükə gözləməməsi haqqında onun bəyanatı isə hüquqi qüvvəyə malik akt deyil. Təbii ki, hər kəsin vətəndaşı olduğu ölkəyə qayıtmaq hüququ var və heç kim bu hüquqdan məhrum edilə bilməz. Mənim tanıdığım və barəsində cinayət işi istintaq edilən siyasi fəallar var. Şübhəsiz ki, həmin fəallar Azərbaycana qayıdacaqları halda dərhal həbs oluna bilərlər. Barəsində cinayət işi istintaq edilən şəxslər yalnız onların haqqında olan cinayət işi xitam edildikdən sonra Azərbaycana təhlükəsiz qayıda bilərlər. Mənim haqqımda da cinayət işi istintaq edilir və axtarışdayam. Barəmdə olan cinayət işinin xitam edilməsi üçün mən də son günlər ölkə başçısına və müvafiq orqanlara müraciət etmişəm. Barəmdə olan cinayət işi xitam edilərsə və mənə bu barədə rəsmi məlumat verilərsə, mən dərhal Azərbaycana qayıdacağam”.

    Fransada yaşayan bloger Elnur Məcidli dedi ki, Səməd Seyidovla tanışlığı illər öncəyə dayanır: “Onun Avropa Şurasındakı fəaliyyətini diqqətlə izləmiş biri kimi deyə bilərəm ki, Səməd müəllim Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası və digər Qərb institutları ilə əlaqələrin inkişafında hər zaman konstruktiv mövqe sərgiləyib. Siyasi mühacirlərin ölkəyə qayıtması ilə bağlı açıqlamaları əhəmiyyətlidir, lakin bu, sadəcə, fikir olaraq qalmamalıdır. Müxtəlif səbəblərdən, xüsusən öz fikirlərinə görə siyasi təzyiqə və repressiyaya məruz qalmış və mühacirətdə yaşamağa məcbur olmuş ziyalı kəsimi yenidən qazanmaq lazımdır. Avropada, Amerikada öz mövqeyi ilə seçilən, yaşadığı ölkəyə tam inteqrasiya olmuş, mötəbər qurumlarda işləyən, nüfuzlu mühacir azərbaycanlılar az deyil. Bu insanların ölkəyə gəlməsini əngəlləmək yerinə, onların potensialından milli maraqlar, ölkəmizin gələcəyi üçün istifadə etmək daha məqsədyönlüdür. Biz öz vətəndaşlarımızı küsdürməməliyik, tənqidi fikirlərə daha dözümlü yanaşmağı bacarmalıyıq. Günahsızlıq prezumpsiyası tərəflərə görə dəyişkəndir. Ona görə də bir az subyektiv səslənir, yəni kimsə sırf özünü günahsız hiss etdiyi üçün ölkəyə gəlməz, qarşı tərəfin mövqeyi də əhəmiyyətlidir. Məsələn, mənim haqqımda dövlət çevrilişinə cəhd ittihamıyla 2011-ci ildə açılan cinayət işi hələ də bağlanmayıb. Sübut olunmamış bir ittihama görə bu cinayət işi hələ də açıqdır və daha nə qədər açıq qalmalıdır, bu, insanı düşündürür. Düşünürəm ki, bu və buna bənzər açıqlamaların daha çox inandırıcılıq qazanması üçün dövlət tərəfindən mühacirlərə yönəlik açıq barışıq addımı atılmalıdır. Hətta prezident sərəncamı da ola bilər. Bu qərardan sonra ölkəyə qayıtmaqdan söhbət gedə bilər. Belə bir addımın atılması indiki məqamda arzuolunandır və kifayət qədər əhəmiyyətlidir”.

    Rubrika.Az


    Facebook-da paylaş