• Salyanda məktəb stadionunun mərkəzindən yolu kim salıb?- Məmur özbaşınalığı?..

    Salyanda məktəb stadionunun mərkəzindən yolu kim salıb?- Məmur özbaşınalığı?..

    “Toy məclisindən, yeyib-içməkdən qayıdan sərxoş adamlar da buradan keçərək məktəbdə tədris prosesinə mane olur...”

    Rubrika.Az bildirir ki, moderator.az redaksiyasına Salyan rayonunun Xıdırlı kənd sakinindən Milli Məclisin 60 saylı Salyan-Neftçala dairəsindən deputat Fəzail Ağamalıya ünvanlanmış şikayət ərizəsi daxil olub. Müraciətdə deyilir:

    “Hörmətli Fəzail müəllim! Sizi narahat edən Salyan rayonunun Xıdırlı kənd sakini, həmin kəndin orta məktəbinin müəllimi Elşad Məmmədkərimovdur. Kəndimizdə məni bir müəllim, ziyalı kimi qayğılandıran əsas məsələlərdən biri də orta məktəbin şimal hissəsindən bir ailə tərəfindən özbaşına, qanunsuz şəkildə yol açılmasıdır. Həmin yol məktəbin qanuni ərazisi hesab edilən stadionun düz mərkəzindən və məktəb binasının qarşısından keşərək kəndin digər mərkəzi yoluna birləşir. Məktəb həyətinə normal şəkildə daxil olmaq üçün bəhs edilən yola alternativ yol olduğu halda o yol nəyə gərəkdir? Həqiqət budur ki, sözügedən yol yalnız keçmişdə başçısı kənd icra nümayəndəsi olmuş Hüseynovlar ailəsinin rahatlığı üçün lazımdır. Çünki məktəb onlara buradan yaxındır. Keçmiş dövlət xəritəçəkmə komitəsinin rayon şöbəsinin əməkdaşları kəndimizdə işləyən zaman haqqında danışdığımız sabiq ərazi nümayəndəsi məktəb həyətinin deyilən hissəsindən keçən yolun guya “qanuni olaraq” xəritəyə salınmasına nail olub. Görəsən, şəxsi məqsədlər üçün dövlətə məxsus təhsil obyektinin hasarını dağıdıb onun həyətindən özbaşına yol salmaq Azərbaycan qanunvericiliyindəki hansı qanuna uyğundur? Buna görə həmin xəritəni tərtib edən qurum əməkdaşları da məsuliyyət daşımırmı?..

    Müraciətim mətbuatda yayılacağı halda, yəqin ki, onunla Təhsil Nazirliyi və Dövlət Əmlak Komitəsinin əməkdaşları da tanış olacaq və müvafiq nəticələr çıxararaq uyğun tədbirlər görəcəklər...

    Harda görünüb ki, orta məktəbin həyətinin ortasından, özü də fiziki tərbiyə, hərbi hazırlıq dərsləri, ictimai tədbirlər, yarışlar keçirilən yeganə məktəb stadionunun düz mərkəzindən sakinlərin daim gedib-gəldiyi yol keçsin? Təbii ki, bu, öncə məktəbdəki tədris prosesinin pozulmasına və nizam-intizam səviyyəsinin aşağı düşməsinə səbəb olan amildir. Çünki stadionda və siniflərdə dərs gedə-gedə hər cür adam bu yolla ötüb keçir, səs-küy yaranır və nəinki stadiondakı, eləcə də sinif otaqlarındakı müəllim və şagirdlərin diqqəti yayınır. Öncə dediyim kimi, bəhs etdiyim yol məktəbin həyətindən keçərək kəndin mərkəzi yoluna birləşir. Odur ki, Bunun bir təhsil ocağı üçün nə demək olduğunu özünüz düşünün. Təsəvvür edin ki, əgər fiziki tərbiyə müəllimi futbol dərsi keçirsə və ya məktəb, yaxud kəndlərarası yarış, rayon çempinatının oyunu keçirilirsə, aralarında yaşlı və ya qadınlar olan bir dəstə kənd sakini həmin yolla keçərkən müəllim, yaxud hakim oyunu dayandırmalı və həmin adamların keçib getməsini gözləməlidir.

    Qeyd edim ki, məktəb stadionunda 2 dəfə futbol üzrə rayon çempionatının qalibi olmuş Xıdırlı kənd komandası mütəmadi məşqlər keçir və rəqiblərini qəbul edir.

    Yağış yağan zaman kənd sakinləri stadiondan rezin çəkmələrlə keçir və nəticədə meydança şumlanmış tarlanı xatırladır. Axı stadion həm də müxtəlif əyləncəli oyunlar keçirən azyaşlı məktəblilərin sevimli məkanıdır...

    Müəllimlərə və kənd sakinlərinə bu özbaşınalığa qarşı kollektiv şəkildə şifahi və yazılı formada rəsmi qurumlara etiraz bildirmələri üçün müraciət etsəm də, onların sözü bir yerə gəlmir. Çünki bəhs edilən yolun “qanuni” “sahibi” olan Hüseynovlar ailəsindən ehtiyat edirlər. Bu səbəbdən 2008-ci ildə özüm təkbaşına həmin qanunsuz yolu bağlamağa cəhd göstərdim və onun qarşısını daşla hördürdüm. Rəsmi qurumlar isə qanunsuz yol açan vətəndaşı cəzalandırmaq əvəzinə məni – orta məktəbdə dərs prosesinin, müəllim-şagird kollektivinin haqqının pozulmasına etiraz edən müəllimi cəzalandırdı. Məni polis idarəsinə çağırıb xəbərdarlıq etdilər, Salyan Rayon İcra Hakimiyyəti isə “qanuni” şəkildə xeyli miqdarda cərimələtdi.

    Dəfələrlər İcra Hakimiyyətinə şikayət etsəm də, Prezident İlham Əliyevə müraciət yazsam da, heç bir müsbət nəticə yoxdur. Əksinə, bütün qurumlar mənim günahkar olduğumu bildirir.

    Hörmətli Fəzail müəllim güman edirik ki, siz bir millət vəkili olaraq Xıdırlı kəndinin uşaq və gənclərinin təhsil və təlim səviyyəsinə bilavasitə mənfi təsir göstərən sözügedən olaya müdaxilə edəcək, nəticədə haqq öz yerini tapacaq və kəndimizdəki bu bıabırçılıq və qanunsuzluğa son qoyulacaq. Bir ailəyə görə dövlət təhsil müəssisəsinin hasarı sökülərək yol çəkilməsinin qarşısı alınacaq. “Bu yol xəritədə var” deyib “qanun” arxasında gizlənənlər də öz layiqli cavabını alacaq.

    Möhtərəm Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vətəndaşlardan məmur özbaşınalığına qarşı mübarizədə dövlətə dəstək olmalarını xahiş edib. İnanırıq ki, bizim də haqlarımızın qorunmasına yönəlmiş bu müraciətimiz müvafiq hökumət qurumları tərəfindən ədalətlə qarşılanacaq və problem öz həllini tapacaq.

    Hörmətlə: Məmmədkərimov Elşad Məmmdəkərim oğlu, Salyan rayonu Xıdırlı kənd sakini, kənd tam orta məktəbinin müəllimi”.

    Qeyd: Şikayət ərizəsində adı çəkilən vətəndaş və qurumların məsələ ilə bağlı açıqlamalarına yer verməyə hazırıq.

    Rubrika.Az


    Facebook-da paylaş