• Azərbaycan İpoteka Fondu-uğurlar gərgin əməyin nəticəsidir

    Azərbaycan İpoteka Fondu-uğurlar gərgin əməyin nəticəsidir

    Fəxri Kazımov: "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin, maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması Fondun əsas vəzifələri kimi müəyyən edilib"

    Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə bütün sahələrin inkişafında yeni keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmaqdadır. Xüsusən ulu öndərin əsasını qoyduğu iqtisadi islahatlar strategiyasının uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi yüksəliş mərhələsinə qədəm qoyması ilə nəticələnib. Bu islahatların dərin iqtisadi əsaslara söykənməsinin nəticəsidir ki, hətta bütün dünyanı bürüyən qlobal iqtisadi böhran belə ölkəmizə ciddi təsir göstərə bilmədi.

    Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var.

    Son illər ölkədə əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın balanslı və dayanıqlı inkişafına nail olmaq məqsədilə dövlətin həyata keçirdiyi sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə müvafiq olaraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu öz fəaliyyətini uğurla davam etdirir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin, maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması, sahibkarların, xüsusilə, kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi ilə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Fondun əsas vəzifələri kimi müəyyən edilib.

    Rubrika.az xəbər verir ki,Azərbaycan Respublikasında uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə əhalinin yaşayış sahəsi ilə təmin edilməsi, ölkə vətəndaşlarının sosial problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 sentyabr 2005-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılmış, ölkədə ipoteka kreditləri sistemi formalaşdırılmışdır. Dövr ərzində Fondun əsasnaməsi və ipoteka kreditlərinin verilməsi qaydaları təsdiqlənmiş, ipoteka kreditlərinin verilməsi ilə mövcud infrastruktur yaradılmışdır. 2006-cı ilin mart ayında isə artıq Azərbaycanda ilk uzunmüddətli ipoteka krediti verilmiş və beləliklə Azərbaycanda və Cənubi Qafqaz regionunda ipoteka kreditləşməsi üzrə ilk dəfə tətbiq edilən bir maliyyə mexanizminin əsası qoyulmuşdur.

    Ümumiyyətlə dünya təcrübəsində ipoteka kreditləşməsinin müxtəlif modelləri mövcuddur. Azərbaycanda tətbiq olunmuş sxem demək olar ki, bu modellərin arasında ən qabaqcıl hesab olunan təkrar bazar və ya sekyuritizasiya modelidir. Bu modeli onun işləmə mexanizminə görə bəzən ikipilləli də adlandırırlar. Bu onunla bağlıdır ki, bu sxemdə birinci mərhələdə banklar vətəndaşlardan müraciətləri qəbul edir və onları emal etdikdən sonra müvafiq rəsmiləşdirmə işlərini aparırlar və öz vəsaitləri hesabına bu kreditləri verirlər. Daha sonra isə banklar bu kreditləri ixtisaslaşmış ipoteka institutlarına satırlar

    Rubrika.az xəbər verir ki, fondun idarə heyətinin sədri Fəxri Kazımovun peşəkarlığı, öz işinə yüksək məsuliyyətlə yanaşması nəticəsində qısa müddət ərzində böyük işlər görülüb. Məhz onun rəhbərliyi altında ötən dövr ərzində ipoteka kreditləşməsi çox əlverişli şərtlərlə verilmişdir ki, bu da dövlətin bu sahəyə olan diqqətindən və qayğısından xəbər verir. Bu uğurların davamı olaraq hazırda Fond sağlam və yüksək keyfiyyətli kredit portfelinə malik kredit təşkilatı kimi formalaşıb. Fondun maliyyə sağlamlığı ilə əlaqədar bir faktı nəzərinizə çatdırım ki, 2012-ci ildə «Fitch Ratings» agentliyi tərəfindən Fondun beynəlxalq kredit reytinqi suveren ölkə reytinqinə (BBB-) bərabərləşdirilib. Ən mühüm nailiyyət bundan ibarətdir ki, fəaliyyət dövrü ərzində Fondun xətti ilə verilmiş kreditlər hesabına on minlərlə Azərbaycan vətəndaşının mənzil şəraiti yaxşılaşıb,ev-eşik sahibi olub. Uğurlar Fondun fəaliyyətinə hər zaman yeni stimul verib. Fond tərəfindən yeni ipoteka məhsullarının işlənib hazırlanması nəzərdə tutulur. Bu isə öz növbəsində, Fonda daha çox maliyyə vəsaitlərinin cəlb edilməsini və AİF-in aktivlərinin daha da artmasını zəruri edir. Bununla əlaqədar olaraq, Fondun institusional inkişafı, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi, maliyyə bazarlarının təhlili üçün Fondda tədqiqat işinin təşkili, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının yaradılması qarşıda duran əsas məqsədlərdəndir.İnanırıq ki, Fondun səmərəli fəaliyyəti nəticəsində hələ çox Azərbaycan vətəndaşı isti ev-eşik sahibi olacaq, sevinəcək. Bu şərəfli işdə Fondun əməkdaşlarına uğurlar arzulayırıq!

    Nicat Mahmudov
    Rubrika.az


    Facebook-da paylaş