• Paşinyan oğlunu Qarabağdan Ermənistana apardı

    Paşinyan oğlunu Qarabağdan Ermənistana apardı

    Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasında savaş dərinləşir

    Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasındakı “soyuq savaş” davam edir. Üstəlik, daşnakların və bir dəstə generalın Nikol Paşinyana qarşı çıxması qarşıdurmanın kəskin müstəviyə keçəcəyini labüd edir.

    Bu arada erməni qəzeti “Jamanak” yazıb ki, tanınmamış “DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən devrilməsi məqsədilə sui-qəsd məsələsini müzakirə edirlər. Qeyd olunur ki, sui-qəsd müzakirəsi “Oqanovski” kimi tanınan “DQR” müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən “Ermənistanın məşhur oliqarxlarından birinin malikanəsində” təşkil edilib. Qəzetin yazdığına görə, əvvəllər Respublika Partiyasından Ermənistan Milli Məclisinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Nəşr vurğulayıb ki, görüş iştirakçıları “Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər”. Materialın dərc olunduğu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında “narahatlıqlar var”. Bununla belə, o əlavə edib ki, “bu haqda çox açıq” danışmaq olmaz". Jurnalistlərin “Sui-qəsdlə məşğul olanlar xarici, yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, “onlar müəyyən dərəcədə bir-birilərinə bağlıdırlar”. (Virtualaz.org)

    Vəziyyətin kritikliyi qarşı duran tərəflərin özlərini də narahat edir. Hökumətin sevgi və həmrəylik qışqırıqları fonunda cəmiyyətdə nifrət və düşmənçilik güclənir. Bunu Daşnaksütyun Partiyasının bürosunun sədri Armen Rüstəmyan partiyanın İrəvanda təşkil etdiyi mitinqdə deyib. “Hakimiyyət anlamır ki, keçmiş hakimiyyətlərlə bağlı daimi müqayisələr aparmaqla onlara bənzəməyə başlayır. Keçmişdə çoxlu yaxşı şeylər də olub. Özünüzə gəlin, tarix sizdən başlamır. Əldə edilənləri qiymətləndirməsək, hər şeyi itirə bilərik”, - deyə o bildirib. Paşinyanın Qarabağda sui-qəsdçilər olması bəyanatına toxunan Rüstəmyan bunun Ermənistan üçün təhlükəli olduğunu deyib: “Əgər bu bəyanatlar konkret fakt yox, yalnız şübhələrdisə, o zaman bu təhlükəlidir. Bu, Azərbaycan üçün hədiyyə deməkdir. Belə təəssürat yaranır ki, müəyyən şəxslər hakimiyyəti ələ alsalar da, nə edəcəklərini bilmirlər. Bu mitinqlə hakimiyyətin saxlanılması üçün siyasi və vətəndaş prosesi başlamalıdır. Biz blokada və müharibə şəraitindəyik, amma bu şəraitdə inkişafa məcburuq. Biz ölkəni düşmənə güzəştə getmədən inkişaf etdirməliyik”.

    Ziddiyyətlərin dərinləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotun xidməti yerinin dəyişdirilməsi də suallar doğurub. Məlumata görə, Aşot Paşinyan Qarabağdan İrəvandakı Nubaraşen rayonunda olan hərbi hissəyə yerləşdirilib. Məsələyə Ermənistan Müdafiə Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan facebook səhifəsində yaydığı açıqlamada yenə Azərbaycanı ittiham edərək, dolayısı yolla həm Bakını yayılan xəbərlərin arxasında dayanmaqda ittiham edib, həm də özü də bilmədən yayılan şayiələri təsdiqləyib: “Mən Azərbaycan stilindəki məqalə başlıqlarını şərh etməyəcəyəm. Ermənistan silahlı qüvvələrinin istənilən hərbçisi müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif toplanış, imtahan və hərbi təlimlərdə iştirak edə bilər”.

    Qeyd edək ki, Nubaraşendə 2017-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin V korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan Birləşmiş Qoşunlarının tərkibinə verilib. İrəvanla Moskva arasındakı razılaşmaya əsasən, vahid ordu birləşməsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası da daxil edilib. Qruplaşmaya Rusiya prezidentinin razılığı ilə Ermənistan dövlət başçısı komandan təyin edir. Hazırda komandan vəzifəsini Tiqran Pərvanyan icra edir. Sülh vaxtı qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olur. Qruplaşmanın rəhbərinin müharibə vaxtı kimə tabe olacağı haqqında qərarı isə Rusiya və Ermənistan prezidentləri müəyyənləşdirir. (Axar.az)

    Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, onun məsələyə fərqli baxışı var: “Mən buna Qarabağ klanının revanşı deməzdim. Ermənistanda klan deyil, hakimiyyət mübarizəsi gedir. Şübhəsiz ki, hakimiyyətdə kimin olmasının Azərbaycan üçün elə də bir fərqi yoxdur. Əvvəlki prezidentlər də Dağlıq Qarabağla bağlı işğalçı mövqe sərgiləyiblər. Demokrat görünüşlü Paşinyan da daha təhlükəli mövqe nümayiş etdirib. Bundan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq hesab edirəm ki, bu siyasət dəyişməyəcək. Ermənilərin Qarabağı Azərbaycana qaytarmaq fikirləri yoxdur. O fikrə gətirmək üçün isə bizdən maksimum fəaliyyət tələb olunur. Bu fəaliyyətin birincisinin adı zor tətbiq etməkdir”. Q.Çaxmaqlı hesab edir ki, Ermənistanda yalnız müharibə yolu ilə həmin fikri dəyişdirmək olar: “Aprel müharibəsindən sonra erməni cəmiyyətinin bəzi təbəqələri, hətta Ermənistan Milli Konqresində təmsil olunan partiyalar, başda Ter-Petrosyan olmaqla, dedilər ki, Dağlıq Qarabağı əldə saxlamaq üçün ətrafda işğal altındakı torpaqlar geri qaytarılmalıdır. Amma keçən zaman içində vəziyyət dəyişdi, ermənilər toparlandılar və ən müxtəlif siyasi və diplomatik manevrlərlə bu məsələni əvvəlki şəklinə gətirib çıxardılar. Nə əvvəlki hakimiyyət, ya da klan, nə də indiki Paşinyan güruhu bizə sərf etmir. Biz burada gedən prosesləri izləməli, dəyərləndirməli və buna uyğun da hərəkət etməliyik”.

    Rubrika.az


    Facebook-da paylaş