• Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində

    Bakı, Ankara və Tiflis müştərək möhtəşəm projelər içində

    İrəvanın son ümidi də basdırılır; Türkiyə və Gürcüstan öz erməni vətəndaşlarına işğal altındakı Qarabağa getməyi yasaqladı; Ermənistanın və separatçı rejimlərin təcridi güclənir; İrəvan Rusiyaya “gövdə” göstərmək istədi - Kremlin cavabı nə olacaq?..

    Azərbaycan, Türkiyə və Gürcüstan arasında iki və çoxtərəfli əlaqələr bütün sahələr, o sırada hərbi sfera üzrə uğurla inkişaf etməkdədir. Keçən həftə Qəbələ şəhərində müdafiə nazirlərinin üçlü formatda keçirilən görüşü və orada əldə olunan anlaşmalar bu yöndə yeni və mühüm bir səhifənin açılması ilə yadda qaldı.

    “Azərbaycanla Gürcüstanın həyata keçirdiyi birgə layihələr qonşu Türkiyənin, ABŞ və Avropa Birliyinin maraqlarına cavab verir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına açıqlamasında deyib. Nazir Azərbaycanı Gürcüstanın əsas strateji tərəfdaşı adlandıraraq əlavə edib: “Ərazilərimizin Rusiya tərəfindən işğal olunduğu bir vaxtda biz əsas strateji tərəfdaşımızla münasibətləri korlaya bilmərik”.

    *****

    Gürcüstan XİN rəhbərinin bu bəyanatı təbii ki, həm də işğalçı Ermənistana ünvanlanıb. O anlamda ki, İrəvanın gizli-açıq cəhdlərinə rəğmən, Tiflis Ermənistanla qısamüddətli maraqlar naminə öz strateji maraqlarını qurban verməyəcək, Azərbaycanla əlaqələri yüksək səviyyədə saxlayacaq.

    Yeri gəlmişkən, Gürcüstan və Türkiyə hökumətləri bu arada öz ərazisində yaşayan erməni vətəndaşlara işğal altındakı Qarabağa getməyi qadağan edib. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda “Jamanak” erməni qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, avqustun 6-da işğal altındakı Dağlıq Qarabağda 7-ci “Ümumerməni oyunları”nıln açılışı nəzərdə tutulur (az öncə burada tanınmamış separatçı qurumların futbol çempionatı keçirilmişdi). “Gürcüstandan və Türkiyədən olan erməni iştirakçılara bu ölkələrin hakimiyyətləri tərəfindən Dağlıq Qarabağa getməyin mümkünsüzlüyü barədə xəbərdarlıq edilib”, - deyə “Jamanak” əlavə edib.

    Yada salaq ki, Gürcüstan prezidenti Salome Zurabaşvili bu ilin martında İrəvanda ilk rəsmi səfərdə olarkən Dağlıq Qarabağdakı separatçı qurumun təmsilçilərinin işğal altındakı Abxaziya cə Cənubi Osetiyaya müntəzəm səfərlər eləməsi ilə bağlı Ermənistana açıq və sərt etiraz bildirmişdi.

    Onu da xatırladaq ki, az öncə BMT Baş Məclisində Ermənistan gürcü köçkünləri ilə bağlı Gürcüstanın ərazi bütövlüyünün əks olunduğu sənədin səsverməsi zamanı son 11 ildə ilk dəfə Rusiyanın mövqeyini müdafiə etməmiş, sənədin əleyhinə səs verməmişdi, sadəcə, bitərəf qalmışdı. Bununla da o, dolaysıyla Gürcüstanın ərazi bütövlüyünə dəstək ifadə eləmişdi. O ümidlə ki, Tiflis də Qarabağ məsələsində bundan sonra Bakının mövqeyindən çıxış eləməyəcək, Azərbaycanın ərazi bütövlüyünün təsbit olunduğu sənədlərin səsverməsi zamanı Ermənistan kimi, ən azı, bitərəf qalacaq. Eyni zamanda İrəvan bu addımla Gürcüstan ərazisi vasitəsilə Rusiyadan özünə yeni quru dəhlizi açılacağına (Abxaziya dəmir yolundan söhbət gedir) ümidi idi.

    Lakin Ermənistan rəhbərliyinin bu hiyləgər fəndi keçmədi. Sadə səbəbə: Azərbaycan Gürcüstan üçün ermənilərin təsəvvür etdiklərindən də artıq vacib, vazkeçilməz ölkədir. Onlar təkcə tale ortaqları yox, həm də strateji tərəfdaş ölkələrdir.

    Əlamətdar və ibrətamizdir ki, səsvermədən az sonra Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli sammiti zamanı Ermənistanın bölgədə bir az da təklənməsinə yönəlik anlaşmalar əldə edildi, faktiki, üçlü hərbi ittifaq yaradıldı, üç dövlətin birgə hərbi təlimlər keçirməsi haqda razılıq əldə olundu, mühüm bəyanatlar verildi.

    *****

    Bütün bunlar gözlənildiyi kimi, düşmən ölkədə təlaşla qarşılandı. Təkcə ona görə yox ki, üç ölkənin hərbi əməkdaşlığı ən əvvəl bölgədən keçən iri neft-qaz və nəqliyyat arteriyalarının (Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, başa çatmaqda olan Cənub Qaz Dəhlizi, “İpək yolu” və s.) mühafizəsinə və təhlükəsizliyinə hesablanıb, həm də bölgədə sərhədləri zorla dəyişdirməyə qarşı yönəlib. Başqa sözlə, üçlü əməkdaşlıq formatı həm də Ermənistanın işğal ortağı Rusiyanın Güney Qafqazda destruktiv siyasətini cilovlamağa hesablanıb.

    Aydındır ki, Rusiyanın siyasi-hərbi dəstəyi və himayəsi olmadan Ermənistan nə qonşu Azərbaycana və Türkiyəyə, nə də digər qonşu Gürcüstana qarşı torpaq iddiasında ola bilməz. Buna cürəti çatmaz. Ancaq maraqlıdır ki, hazırda vassal Ermənistanın heç Rusiya ilə münasibətləri də rəvan deyil və Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə çox ciddi sınaqlardan keçməkdədir. Bu da təzə fakt.

    Bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb və ona etiraz bildirilib. Səbəb isə səfirin ötən həftə eks-prezident, Putinin dostu Robert Köçəryanla görüşməsi olub. Diplomatla “Ermənistanın daxili işlərinə qarışmamaq” ətrafında söhbət edilib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə parlamentin xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan özünün facebook səhifəsində yazıb.

    “Nazir (Ermənistanın xarici işlər naziri - red.) mənə xəbər verdi ki, ötən cümə Rusiya səfiri XİN-ə çağırılıb və onunla Ermənistanın daxili işlərinə qarışmamaq kontekstində söhbət aparılıb”, - deyə parlamentdə hakim “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edən (baş nazir Nikol Paşinyan da onun üzvüdür) Rubinyan qeyd edib. Faktı BBC-yə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan da təsdiqləyib.

    Rusiya XİN də olayı təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. Şübhə yox ki, Moskva öz satellitinin bu hərəkətini cavabsız qoymayacaq. Kremlin əlində isə İrəvanı cəzalandırmaq, onu öz yerində oturtmaq üçün bəsdən də çox vasitə var...

    *****

    Qəribə, bir az da gülməli vəziyyətdir deyilmi? Marionet Ermənistan öz ağasına qarşı çıxır, onu öz “daxili işləri”nə qarışmaqda ittiham edir. Xarici sərhədlərini belə, rusların qoruduğu, olan-qalan iqtisadiyyatını, təhlükəsizliyini belə bütünlüklə Moskvaya könüllü həvalə edən Ermənistanın, görəsən, Rusiyaya dəxli olmayan “daxili işi” qalıbmı?

    Daha maraqlısı isə yəqin ki, Kremlin öz vassalının özbaşınalığına verəcəyi reaksiya olacaq...

    Rubrika.Az


    Facebook-da paylaş