• Müəllimlərin imtahanla işə qəbulu təhsilin keyfiyyətinə necə təsir edir? - RƏYLƏR

    Müəllimlərin imtahanla işə qəbulu təhsilin keyfiyyətinə necə təsir edir? - RƏYLƏR

    Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə, eyni zamanda əlavə yerləşdirmə başa çatıb. Artıq 6 ildir Azərbaycanda müəllimlər işə imtahan vasitəsilə qəbul edilirlər. Bu imtahan isə bir neçə mərhələdən ibarət olur: əvvəlcə müəllim olmaq istəyən namizədlərin sənədləri elektron qaydada, insan faktoru olmadan sistemdə toplanır. Sonrakı müddətdə isə test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələləri həyata keçirilir.

    "Report"un əməkdaşı müəllimlərin imtahan vasitəsilə işə qəbulunun təhsilin keyfiyyətinə necə təsir göstərdiyini araşdırıb.
    Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2013-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir və daimi işlə təmin olunan müəllimlərin sayı 20 mindən çoxdur.
    Nazirlikdən qeyd olunub ki, hər il tədris ilinin sonu keçirilən müsabiqə nəticəsində ümumi təhsil müəssisələrinə işə qəbul olan müəllimlərin sayında xeyli artım qeydə alınıb: “Müsabiqə nəticəsində vakant yerlər peşəkar kadrlar tərəfindən tutulub, nəticədə təhsilin keyfiyyət göstəricisində əhəmiyyətli artım müşahidə olunub”.
    Təhsil naziri Ceyhun Bayramov çıxışlarında daim vurğulayır ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Nazir hesab edir ki, müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb.
    C.Bayramovun da qeyd etdiyi kimi müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
    Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onların da 39 179 nəfəri, yəni 27 faizi 35 yaşa qədər olan gənc müəllimlərdir. Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür.

    "Yekunda bu da öz növbəsində təhsilin keyfiyyətinin artmasına ciddi şəkildə müsbət təsir göstərir”.
    Təhsil eksperti Kamran Əsədov “Report”a bildirib ki, Təhsil Nazirliyi son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir: “Ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son beş ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib. Bu il isə 7 mindən çox gənc müəllim təhsil sisteminə daxil olacaq”.
    O vurğulayıb ki, son illərdə istər müəllimlərin işə qəbulu, istərsə də direktorların işə qəbulundakı şəffaflıq nəticəsində ötən illərlə müqayisədə müəllim və direktor işləmək arzusunda olanların sayında üç dəfə artım müşahidə edilib: “Bu vəzifədə işləmək üçün sənəd verənlərin sayında kəskin artım bunu göstərir. Təkcə bu il 58 mindən çox iddiaçı orta ümumtəhsil məktəblərində işləmək üçün elektron ərizə təqdim etmişdi. Orta məktəblərə maraq təkcə ali təhsillilər arasında artmayıb. Eyni zamanda abituriyentlərdə bu sistemdə şəffaflığı görüb gələcək uğurlu karyeralarını burda görürlər”.
    K.Əsədov əlavə edib ki, son 3 ildə Azərbaycanda buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyətinin artması müşahidə edilir: “Bu ona görə baş verir ki, Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə şəffaf seçim yolu ilə dinamik, işini bilən, ixtisaslı və savadlı müəllimləri, direktorları qəbul edir. Yeni tədris ilində 3500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Bu orta məktəblərə yeni nəfəs gətirəcək, rəqabət mühitini artıracaq və təhsilin keyfiyyəti artacaq. Yeni təyinatlar müasir təhsil standartlarının orta məktəblərdə tətbiqini sürətləndirəcək. Məhz onların sayəsində ölkə təhsilində dinamik inkişaf baş verəcək”.
    Müəllimlərin işə qəbulu müsabiqəsi zamanı ildən-ilə daha yüksək bal toplayan müəllimlərin işə qəbul edildiyini bildirən ekspert deyib ki, bu da savadlı kadrların orta məktəb sisteminə daxil olması deməkdir: “Yekunda bu da öz növbəsində təhsilin keyfiyyətinin artmasına ciddi şəkildə müsbət təsir göstərir”.
    "Müsabiqə istedadlı gənclərin üzə çıxmasına şərait yaradıb, eyni zamanda müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırıb".
    Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov “Report”a açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi ilə bu sahədə şəffaflıq təmin edilib, müsabiqə istedadlı gənclərin üzə çıxmasına şərait yaradıb, eyni zamanda müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırıb: “Bütün bunlar məktəblərə savadlı müəllimlər qazandırıb. Əvvəllər yerlərə təyin olunan müəllimlər arasında təsadüfi şəxslər də olurdu. Onlar bu sahənin insanı olmadığından və təyinat prosesi düzgün aparılmadığından təhsil sahəsinə, cəmiyyətə lazımı qədər faydalı ola bilmirdilər. İndi isə tam əksinə, təyinatlar imtahan yolu ilə tam şəffaf qaydada həyata keçirilir. Sağlam rəqabət gənclərin daha savadlı, intellektual müəllim kimi hazırlaşmasına zəmin yaradır”.
    E.Abbasov qeyd edib ki, əvvəllər tələbələr təyinat zamanı daha çox öz rayonlarını seçirdilər: “Çünki savadlılıq səviyyəsi o qədər də əhəmiyyət daşımırdı. Ancaq indi namizəd olan şəxs sərf imtahan yolu ilə istənilən şəhərə, yaxud kəndə təyinat ala bilər. Əvvəllər seçim elektron qaydada olmadığından vakant yerlər bilinmirdi, yəni şəffaflıq olmurdu. Müəllimlər çatışmayanda qeyri-ixtisas fənlərinə seçim olurdu. Bu gün isə vakant yerlər çıxarılır və savadlı namizəd topladığı bala uyğun yer seçə bilir”.

    Rubrika.Az


    Facebook-da paylaş