• Tovuz rayon Məhkəməsinin ikibaşlı oyunu - Bir məhkəmənin iki qərarı- bu oyunda kim uduzdu,kim uddu?

    Tovuz rayon Məhkəməsinin ikibaşlı oyunu - Bir məhkəmənin iki qərarı- bu oyunda kim uduzdu,kim uddu?

    Bu hüquqi dövlətdə hüququn heçə sayılmasıdır!

    Rubrika.az saytına Tovuz rayon məhkəməsi tərəfindən qəbul edilmiş analoqu olmayan qərarlar barəsində ilginc məlumatlar daxil olub. İlk öncə məsələnin mahiyyətini diqqətinizə çatdıraq ki, hadisələrin sonrakı axarını görəndə təəccüblənməyəsiniz.
    Tovuz rayon məhkəməsinə müraciət edən Nağıyev Nurəddin Məhəmməd oğlu ifadəsində bildirir ki, 1992-ci ildə rayonun Nizami sovxozunun ərazisindən 2,30 ha torpaq sahəsi icarəyə götürüb və həmin torpaq sahəsində 8,5 ton kartof əkib. Əkin sahəsini suvarmaq üçün öz vəsaiti hesabına su sistemləri idarəsindən 32 ədəd 9 metr 30 sm turba, həmçinin Xatınlı sovxozundan 20 ədəd turba almışdır. Şikayətçi əkin sahəsini mütəmadi suvarmaq üçün öz vəsaiti hesabına UER markalı su nasosu alıb. Həmin vaxt Nizami sovxozunun direktoru işləyən Rafiq Əliyevin yonca sahəsini suvarmaq üçün 3 günlüyünə su nasoslarını istəməsindən sonra hadisələr əsl dramatik məcraya qədəm qoyur.Belə ki, şikayətçinin iddiasına görə su nasosunu alan R.Əliyev onu geriyə qaytarmır və nəticədə 2,30 ha sahədə əkilmiş 8,5 ton kartof susuzluqdan məhv olmuşdur.

    Beləliklə ziyana düşən N.Nağıyev ona dəymiş ziyanın ödənilməsi tələbilə Tovuz rayon məhkəməsinə müraciət edib. Şikayətçi tələb edir ki, 16 min manat dəyərində UER markalı su nasosu,hər biri 20 manat dəyərində olan 52 ədəd 220-lik turbalar və R.Əliyevin təqsirindən məhv olmuş cəmi dəyəri 4250 manat olan 8,5 ton kartofun dəyəri-cəmi 21.290 manat pul cavabdeh tərəfdən alınaraq ona verilməlidir.

    Rubrika.az saytı bildirir ki, yuxarıda bəhs edilən məhkəmə çəkişməsi ilə bağlı Tovuz rayon məhkəməsinin 2 qərarı mövcuddur. Z.Zeynalovun sədrliyi ilə Tovuz şəhərində pul tələbinə dair mülki işlə əlaqədar 3 iyun 2008-ci ildə açıq məhkəmə prosesi keçirilib. İddiaçının ifadfəsini dinləyən məhkəmə iş materiallarını araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək göstərilən maddi hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və 21.290 manat pul R.Əliyevdən alınaraq N.Nağıyevə verilməlidir. Beləliklə Azərbaycan Respublikasını n MPM-nin 238-244-cü maddələrini rəhbər tutan məhkəmə iddianın təmin edilməsi ilə bağlı qərar qəbul edib.

    Lakin nədənsə sonradan Tovuz rayon məhkəməsi öz qəbul etdiyi qərarın düzgün olmadığı qənaətinə gəlib və 25 noyabr 2008-ci ildə Süleymanov Loğmanın sədrliyi ilə keçirilən prosesdə tamamilə fərqli qərar qəbul edib. Nədənsə cəmisi 4 aydan sonra Tovuz məhkəməsi iş materiallarını araşdıraraq iddianın əsassız olduğunu hesab edərək təmin olunmamasına qərar verib. Səbəb olaraq göstərilir ki, mübahisəli hüquq münasibətləri 1992-ci ildə yarandığı üçün bu mübahisyə 1964-cü il sentyabrın 11-də qəbul edilmiş və 2000-ci il sentyabrın 1-də qüvvədən düşmüş Azərbaycan Respublikası MM-nin müddəaları tətbiq edilməlidir. Göstərilir ki, həmin məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilir. Beləliklə Tovuz rayon məhkəməsi həmin məcəllənin 82-ci maddəsini əsas tutaraq iddia qaldırılana qədər iddia müddətinin keçməsini əsas gətirərək N.Nağıyevin tələbini təmin etməyib.

    Göründüyü kimi 3 iyun 2008-ci ildə N.Nağıyevin iddiası üzrə keçirilmiş məhkəmə onun lehinə qərar qəbul edib. Həmçinin məhkəmə qərarında göstərilir ki, cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün şikayət edə bilər və bu baş verməyib. Məələnin maraqlı tərəfi ondadır ki, 25 noyabr 2008-ci il tarixində L.Süleymanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində də iddiaçı tərəf kimi N.Nağıyev göstərilir. N.Nağıyevin tələbinin təmin edilməsi ilə bağlı Tovuz rayon məhkəməsi 3 iyun 2008-ci il tarixində qərar qəbul etdiyi halda iddiaçı nə üçün yenidən iddia qaldırmalıdır? Axı artıq onun lehinə məhkəmə qərarı mövcuddur. Məhkəmə çəkişməsini qalib gələn bir şəxsin yenidən iddia qaldırması tamamilə absurddur. Artıq məhkəmə icra məmurları vasitəsilə qərarın icrasını reallaşdırmalı olduğu halda heç bir hüquqi prosedura uyğun gəlməyən addım atır. Bu artıq Tovuz rayon məhkəməsinin ikili oyununun ilk göstəricisidir. İkincisi,əgər eyni iddia üzrə artıq məhkəmə qərarı mövcuddursa eyni məhkəmə instansiyasının ikinci qərarı qəbul etməyə hüquqi səlahiyyəti yoxdur. Həmçinin birinci qərar barədə müəyyən olunmuş müddətdə heç bir apelyasiya şikayəti də mövcud deyildir. Beləcə Tovuz rayon məhkəməsi bütün hüquqi prosedurları heçə sayaraq özü öz qərarını təkzib etməklə ikili məhkəmə oyunu oynayır. Heç bir hüquqi savadı olmayan adam da başa düşür ki, Tovuz rayon məhkəməsi burada hüququn aliliyini yox,müəyyən maraqları üstün tutub. Qanunlara bu qədər sayğısızlıq isə yolverilməzdir. Bu hüquqi dövlətdə hüququn heçə sayılmasıdır!

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş