• Bakıdakı əfsanəvi “Lunapark”ın acınacaqlı halı

    Bakıdakı əfsanəvi “Lunapark”ın acınacaqlı halı

    Paytaxtın Xətai rayonu, Nobel qardaşları prospektində yerləşən, bir zamanların məşhur “Lunapark” illərdir baxımsız qaldığından xarabalığa çevrilib. Vaxtilə istirahət etməyə gələnlərin sayının çoxluğuna görə hətta basabas yaranan park indi uçub-dağıdılmış attraksionları, sındırılmış oturacaqları, qurumuş ağacları ilə əsl xarabalığı xatırladır. Lakin bu qəmgin mənzərə fonunda yaxşı xəbərlər də var-park “Ağ şəhər” layihəsinə salınıb və yaxın gələcəkdə abadlaşdırılacağı, ərazisinin genişləndiriləcəyi və yenidən şəhər sakinlərinin istirahətinə açılacağı gözlənilir.

    Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, əvvəllər Nizami Gəncəvinin adını daşıyan park sonradan iş adamları tərəfindən icarəyə götürülüb, yenilənərək paytaxtın yeganə “Lunapark”ına çevrilib. Parkda “Amerika təpəciyi”, “Mono-Rail”, “Viking”, “Ranger”, “Skuter”, “Qalaktika”, “Avtodrom”, “Qu-Quşu”, “Səma”, “Günəş”, “Qatar”, “Dəvələrin yarışı” kimi bir zamanların məşhur attraksionları quraşdırılıb. Fotostudiya və kafelər fəaliyyətə başlayıb. Hətta ilk vaxtlar o qədər adam gəlib ki, tıxacın qarşısını almaq üçün əsas yola çıxan qapı bağlanılıb. Amma bir neçə il keçməyib ki, parkın qara günləri başlayıb.

    ““Lunapark” təxminən 6 ildir ki, fəaliyyətini dayandırsa da, ərazi mühafizə olunur. Gözlənilir ki, yaxın gələcəkdə park öz əvvəlki şöhrətini özünə qaytaracaq”,-bunu isə adını söyləmək istəməyən parkın mühafizəçisi deyir. Onun sözlərinə görə, ərazidəki bütün attraksionlar, köşklər elə icarədarlar tərəfindən də satılıb, məsələn, bir neçə attraksionu Gəncədə açılan parkların biri üçün alıb aparıblar.

    Parkın yeganə giriş hissəsi də dağılıb, keçid üçün qoyulmuş dəmir körpü bir neçə yerdən deşilib, pilləkənlər qırılıb. Baxımsızlıqdan körpünün yan-yörəsi zibilliklə əhatələnib. Ərazidəki iri gövdəli, yaşıl ağacların bir neçəsi quruyub, sanki onlar da unudulan parkın parlaq keçmişinin ən yaxın şahidlərinə çevrilib.

    Vaxtlı-vaxtında budanmadığından qol-budaq atmış ağacların arasında itib-batan heykəllər diqqətimizi çəkir. Çiynində uşaq olan qadın heykəlinin bir qolu qopub, altlığında elmə məlum olmayan hərflərlə hansısa söz həkk edilib. Yanında balası olan digər bir ceyran heykəli isə nizamsız şəkildə uzanan ağac budaqlarının arasında görünməz olub. Bəlkə də, parkda başqa heykəllər də var, amma kol-kos basmış ərazidə ancaq ikisi gözə dəyir.

    Vaxtilə üzən qu quşlarının olduğu hovuzu yerli-dibli yoxa çıxıb. Bakı sakinlərinin ilk dəfə bu parkda gördüyü “Viking” atraksionu da paslanmış dəmir yığınını xatırladır. Parkın giriş hissəsində, vaxtilə şıdırğı alver gedən dönər və şirin pambıq satılan köşkün isə yalnız sütunları qalıb. Bir də yarpaqların arasında kloun başı keçirilmiş ağac parçası möhkəmcə dayanıb. Onun sifətində əvvəllər gülüş mimikası olan, sonradan yağışın-qarın yuyaraq bir hissəsini sildiyi, hazırda hansı emosiyanı ifadə etdiyi aydın olmayan qəribə bir ifadə var.

    Parkın içərisindəki binasının bir hissəsi müxtəlif qurumlara icarəyə verilib. Mühafizəçi deyib ki, bəzi otaqları müsiqiçilər icarəyə götürüblər, günün müxtəlif saatlarında məşq edirlər. Bir bir hissəsində isə mövsümü obyekt üçün icarəyə verilib, axşamlar açıq havada diskoteka təşkil edilir.

    “Nizami parkı 25 il müddətinə bir neçə biznesmenə icarəyə verilmişdi. Sonra aralarında bir-birinə inamsızlıq yarandı, ya da mənim bilmədiyim səbəblərdən ayrıldılar. Bir “Viking” qaldı, ona da maraq olmadığından alan olmadı. 2013-cü ildən park bu vəziyyətdədir. Gözləyirik, “Ağ Şəhər” layihəsinə salınıb, park abadlaşdırılacaq”,-bunu da mühafizəçi söyləyib.

    “Ağ Şəhər” layihəsinin mətbuat katibliyindən isə virtualaz.org-a bildiridlər ki, çox yaxın zamanda parkla bağlı yeni xəbər veriləcək. Parkın ərazisi böyüdüləcək və tamamilə abadlaşdırılacaq: “Nizami parkı uzun illər şəhər sakinlərinin sevimli məkanı olub. XIX əsrdə buraya gətirilən ağaclar indi də bağ landşaftında öz yerini alır. Burada yerləşən Nobel qardaşlarının ev muzeyi turistlərin maraq doğuran ziyarət məkanlarındandır. Hazırda ərazisi 10 hektar olan parkın sahəsinin Ağ Şəhərin Baş planına uyğun olaraq genişlənməsi nəzərdə tutulub. Abadlaşdırılacaq bağa müxtəlif rahat piyada keçidləri və eyni zamanda avtoparkinq yerləri planlaşdırılıb. Aparılan tədbirlər Nizami parkının həm şəhər əhalisinin sevimli məkanına həm də tədbirlərin keçirilməsi üçün populyar yerə çevrilməsini vəd edir”.

    Elə yaxınlıqda yaşayan sakinlər də səbirsizliklə o günü gözləyirlər.../virtualaz.org

    Rubrika.Az


    Facebook-da paylaş