• ABŞ və Rusiya Ermənistana “dirsək” göstərdi - Paşinyana sərt şillələr

    ABŞ və Rusiya Ermənistana “dirsək” göstərdi - Paşinyana sərt şillələr

    Putin İrəvanda “inqilab lideri” ilə ayrıca görüş təklifini rədd etdi; Amerika səfəri də Paşinyana fiasko vəd edir; baş naziri heç bir ciddi ABŞ rəsmisi qəbul etməyəcək; “demokratik Ermənistan” 4 tərəfdən sıxılır...

    Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfər proqramının gündəliyi açıqlanıb. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, səfər Kaliforniya ştatından, oradakı erməni icması ilə görüşdən başlayacaq. Paşinyanın ştatda mitinqi və çıxışı nəzərdə tutulub. Oradaca yerli erməni iş adamları ilə biznes-forum keçiriləcək. Ardınca o, Nyu-Yorka - BMT Baş Məclisinin sessiyasına gedəcək. Orada “inqilab” sərgisinə baş çəkəcək. Kolumbiya Universitetində olacaq və yenə erməni lobbisinin təmsilçiləri ilə görüşəcək.

    Ermənistan rəhbərinin ABŞ prezidenti Donald Trampla hər hansı təması barədə isə heç nə deyilmir. Paşinyan heç dövlət katibi Mayk Pomneo ilə də görüşmək şərəfinə nail ola bilməyəcək. Yəni ABŞ tərəfindən “xalq baş naziri” tam “qulaqardı”, “iqnor” edilib. Paşinyan və ABŞ-dakı erməni diasporu isə ilyarımdır dəridən-qabıqdan çıxırlar ki, Vaşinqton “inqilab lideri”nə, nəhayət, diqqət ayırsın, “məxməri inqilab” səbəbi ilə yeni hökuməti xüsusi mükafatlandırsın. Yəni maliyyə dəstəyi məsələsi.

    Bu isə gözlənilmir. Çünki inqilab Ermənistanı ABŞ-a yox, Rusiyaya daha da yaxınlaşdırıb, Nikolu Qərbdən çox, Rusiyanın adamına çevirib. Paşinyan Amerikada olsa-olsa, erməni lobbisindən müəyyən məbləğdə pul qoparmağa ümid edə bilər. Çünki hətta xaricdəki zəngin ermənilər də Rusiya vassallığında olan Ermənistana böyük sərmayə yatırmağa həvəsli deyilər. Pullarının qədrini bilirlər. Kəsəsi, budəfəki ABŞ səfərində də Paşinyanı tam fiasko gözləyir...

    *****

    Bu arada məlum olub ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Ermənistana səfəri çərçivəsində işğalçı ölkədə cəmi bir neçə saat olacaq. “Yeni Müsavat” xəbər verir ki, bu haqda “168 Jam” qəzeti yazıb. Nəşr bildirir ki, səfər zamanı Putin İrəvanda gecələməyəcək və Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak edəndən dərhal sonra Moskvaya qayıdacaq.

    Nəşr onu da vurğulayır ki, Rusiya rəhbəri hətta liderlərin şərəfinə verilən rəsmi şam yeməyinə də qatılmayacaq. Bundan əlavə, erməni tərəfi Paşinyanla Putinin ikitərəfli görüş keçirməsini rica etsə də, onların bu arzusu Kreml tərəfindən rədd edilib.

    İstisna deyil ki, imtina həm də bugünlərdə eks-prezident, V.Putinin yaxın dostu Robert Köçəryanın təzədən həbsdə saxlanması ilə bağlı çıxarılan qərarla bağlıdır. Putin çox istəyirdi ki, Köçəryan İrəvan səfərinə kimi azadlığa çıxsın. Bununla bağlı Moskvadan ismarışlar da olmuşdu. Lakin Paşinyan Köçəryanı həbsdə saxladı...

    Beləcə, xarici siyasət kursunu “iki stul”da oturmaqla həyata keçirməyə çalışan Nikol Paşinyan faktiki surətdə nə Rusiyanın, nə də ABŞ-ın etibarlı adamına çevrilə bilir. Ona eyni dərəcədə Rusiya da, Qərb də şübhəli nəzərlərlə baxmaqda davam edir. Bu yandan da onun hakimiyyətinin daxili dayaqları zəifləməkdədir. Qalmaqallı istefalar başlayıb. Ölkədə daxili narazılıqlar artır. Əsas səbəb də Paşinyanın verdiyi vədləri tuta bilməməsidir.

    *****

    “Paşinyan hakimiyyətə gələndən sonra 2050-ci ilə qədər verdiyi vədlərə əməl etmədiyi, iqtisadi, siyasi və hərbi cəhətdən heç bir problem həllini tapmadığı üçün çalışır ki, müxtəlif variantlara əl atsın”. Bu sözləri Axar.az- a açıqlamasında politoloq Arzu Nağıyev Ermənistanda müzakirə mövzusuna çevrilən Paşinyanın “2050 - Strateji İnkişaf Sənədi” barədə danışarkən deyib. O, Ermənistan rəhbərliyinin, eyni zamanda Paşinyanın qeyri-adekvat açıqlamalarının, sadəcə olaraq, siyasi manipulyasiyalardan başqa bir şey olmadığını bildirib.

    “Paşinyan bütün bu proseslərdə hətta güc strukturlarının istefasını belə ön plana çəkdi ki, Ermənistan vətəndaşının başı digər məsələlərə qarışsın. O, iqtisadi sahədə konkret nəticə əldə edə bilmədiyindən müxtəlif yollara əl atır. Bununla heç bir nəticə əldə oluna bilməz. Çünki Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə onun nə iqtisadi, nə siyasi, nə də hərbi doktrinası və ya planı var idi. Bunlar da olmadıqca sözügedən vədləri həll etmək mümkün deyil. Son vaxtlar baş verən münaqişələr, eyni zamanda, qızıl yatağının istismarı ilə bağlı ekoloji problemlər, Köçəryan məsələsini gündəmə gətirməkdə məqsəd ondan ibarətdir ki, Paşinyan verdiyi vədlərə əməl edə bilmədiyi üçün Ermənistan vətəndaşını aldatmağa çalışır. Həmçinin Rusiya və Qərb arasında konkret mövqe seçə bilmir. Buna görə də Ermənistana sərmayə qoyulmur, iqtisadiyyatda hansısa irəliləyiş yoxdur”, - deyə politoloq qeyd edib.

    Ekspert Paşinyanın verdiyi vədlərin həyata keçməməsinin onun diaspor siyasəti ilə də bağlı olduğunu düşünür: “Paşinyana elə gəlirdi ki, Ermənistan diasporundan tam istifadə edə biləcək. Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illərdə Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsi - təxminən 70 faizi Rusiyada yaşayan ermənilər tərəfindən göndərilib. Hesabatda həmçinin qeyd olunur ki, 2014-cü ildən etibarən pul köçürmələri azalıb. Son zamanlar Rusiyaya qarşı da sanksiyalar tətbiq olunur. Ona görə də Rusiya Ermənistan iqtisadiyyatı ilə bağlı problemləri tam şəkildə həll edə bilmir. Ermənistan isə iqtisadi vəziyyətini düzəltmək üçün İran, Gürcüstan və digər dövlətlərdən yararlanmağa çalışsa da, heç bir dövlət ona köməklik etmir. Buna görə də Ermənistan büdcəsinə daxilolmalar azalıb. Rusiya iqtisadiyyatında baş verən proseslər də Ermənistana neqativ təsir edir. Hətta Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Bütün bunların başında Paşinyanın iqtisadi konsepsiyasının yoxluğu dayanır”.

    Politoloq Rasim Musabəyova görə isə Ermənistanda iş yerlərinin qismən artımı, büdcə daxilolmalarına dair rəqəmlər təzyiqlər nəticəsində “qara iqtisadiyyat”ın leqallaşması sayəsindədir: “Bunun nəticəsində statistikada Ermənistan iqtisadiyyatında müsbət dəyişikliklərin baş verdiyi göstərilir. Amma reallıqda iqtisadiyyatda inkişaf yoxdur. Ciddi iqtisadçılar bunu anlayırlar. Deyirlər ki, yaxşı, sən qara və boz iqtisadiyyatın bir qismini vergilərə cəlb etməklə buna nail olmusan. Bəs sonra nə edəcəksən? Daxili və xarici investisiyalar olmadığı təqdirdə böhranı dərinləşdirməyə gətirib çıxara bilər. Başqa yandan, inqilab nəticəsində erməni xalqının tələbləri artır. Bunu ödəmək üçün nə real iqtisadi proqram var, nə də imkan. Paşinyanın gedib Avropa və Amerikada dilənməsi ilə bunu həll etmək olmaz. Çünki orada Paşinyana mesaj verildi ki, sən Rusiyanın forpostusan, gəlib bizdən nə istəyirsən? İnqilab etmisən, gözəl, demokratiya inkişaf edir, nə gözəl. Amma sənin böyüyün oradadırsa, get xahişini onlara elə”.

    *****

    Əlavə edək ki, sabah - sentyabrın 21-i Ermənistanın formal müstəqillik günüdür. 28 ildir müstəqil dövlət adına karikatura olan “Ermənistan” adlı bu psevdodövlət Rusiya vassallığında beləcə çabalamağa davam edir. Hətta “məxməri inqilab”ın da suverenlik və müstəqilliyə zərrəcə köməyi olmadı. Çünki daxildəki rejimi dəyişməkdən öncə, Rusiyadan kölə asılılığından qurtulmaq gərəkdir. Bundan ötrü isə qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq laızmdır...

    Rubrika.Az


    Facebook-da paylaş