• Özünə umac ova bilməyib millətə əriştə kəsənin fiaskosu

    Özünə umac ova bilməyib millətə əriştə kəsənin fiaskosu

    Rubrika.az oxu.az-a istinadən bildirir ki, bu gün sosial şəbəkə və mətbuatın gündəmini zəbt edən məsələlərdən biri də AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atası haqqında yazdığı status oldu.

    Məsələ burasındadır ki, Selcan yazdığı statusla özünü illər boyu xalqa demokrat kimi sırıyan Fuad Qəhrəmanlının iç üzünü açdı.

    Əslində, Selcanın yazdığı status bir gəncin hayqırtısı, illərin əziyyətinin, şiddətinin təzahürü idi.

    Elə ondan başlayaq ki, Selcan Qəhrəmanlı yox, Yağmur soyadını daşıyır. Bir qız övladı üçün atadan doğma, əziz kim ola bilər ki? Bir qız övladı üçün ata qoxusu, ata nəfəsindən şirin nə ola bilər ki? Amma təəssüf, görünür, Fuad özünü əsl azərbaycanlı ata kimi ailəsinə nə sevdirə bilib, nə də tanıda bilib. Əgər Selcan atasının soyadından imtina edib anasının təxəllüsü Yağmuru götürübsə, görünən kəndə nə bələdçi?

    İndi düşünün, qızının dizini, həyat yoldaşının barmaqlarını sındıran bir şəxs illər boyu demokratiyadan dəm vurur, hakimiyyət sevdası ilə alışıb-yanır. Siyasətdə belə bir deyim var, dövlət ailədən başlayar. Öz ailəsinə şiddət göstərən, qızı tərəfindən sadist kimi damğalanan bir şəxsin dövlət idarə etməsini təsəvvür edirsiniz? Etməyin, çünki bunu təsəvvürdə canlandırmağın özü belə bu millətə xəyanətdir. Ailəsinə zülüm verən şəxs millətə nələr etməz ki?

    Gələk məsələnin ikinci tərəfinə. Selcanın statusundan sonra anası da açıqlama verərək qızını dəstəklədiyini, son ana qədər arxasında olacağını, ərindən boşanmaq istədiyini bildirdi. Baxın, klassik, normal azərbaycanlı ailə modelini düşünək. Qadın ərinin dayağıdır, arxasıdır, gücüdür. Qadın ərini dəstəkləyər, qoruyar, sirrini saxlayar, ailədaxili problem heç anasına da deməz. Bəs görək, Qəhrəmanlı ailəsində vəziyyət necədir? Hakimiyyət sevdası ilə alışıb-yanan Fuad vəziyyəti, şiddəti, sadizmi elə həddə çatdırıb ki, qadın dilə gəlib və bunu açıqlamaqdan, cəmiyyətə çatdırmaqdan çəkinmir.

    İndi gələk məsələnin üçüncü tərəfinə. Status yazılandan qısa müddət sonra Fuad Qəhrəmanlı açıqlama verərək, qızının profilinin oğurlandığını açıqladı. Özünə siyasətçi deyən, böyük iddiaları olan bir şəxsin açıqlamasının miskin və cılızlığı o dəqiqə görünür. Adətən, sosial şəbəkədə “bazar arvadları mübahisəsi” üslubunda olan qalmaqalda, skrinlər paylaşılanda qarşı tərəf “profilimi oğurlayıblar, bunu yazan mən deyiləm” tipli status yazır. Bu adamları haradasa başa düşmək olar, naşıdırlar, adi insandırlar, siyasətçi deyillər və heç bir iddiaları yoxdur.

    Suda boğulan saman çöpündən yapışan kimi, bu şəxslər də “profilim oğurlanıb” bəhanəsindən yapışırlar. Amma bu bəhanəni gətirən bir siyasətçidirsə, böyük iddiaları varsa, bir ziddiyət yaranır. Ya bu şəxsin siyasətin “s” hərfindən belə xəbəri yoxdur, ya da ki…

    Yox, Fuadın açıqlamasından sonra Yağmur canlı yayım açaraq “ya da ki” məsələsini düşünməyə imkan vermədi. Yağmur atasının yalan danışdığını, statusun ona məxsus olduğunu, profilinin oğurlanmadığını açıqladı. Bu da Qəhrəmanlıya bir şapalaq.

    Siyasət elmində böhranların idarə edilməsi məsələsi var. Hansısa bir problem, böhran vəziyyəti yarananda siyasətçi, idarəçi müxtəlif addımlar atır, böhranı idarə edir. Qəhrəmanlının siyasət elmində “düha” olması elə adi bir hesablamanı düzgün apara bilməməsindən bilindi.

    İndi təsəvvür edin, belə bir güclü “siyasətçi” BMT Baş Assambleyasında və ya hansısa beynəlxalq təşkilatın, qurumun iclasındadır və orada hansısa bir problem yaranır. Onun vəziyyətdən çıxmağını təsəvvür edə bilirsiniz? Şəxsən mən yox, fantaziyam güclü olsa da, bunu təsəvvür edə bilmədim.

    Son olaraq, yenə xatırladım ki, ailəsini idarə edə bilməyən şəxs dövləti necə idarə etmək istəyir? Siyasətin “s” hərfindən xəbəri olmayan şəxs necə özünə siyasətçi deyir? Ailəsinə, qızına şiddət göstərən şəxs necə özünü demokratiya carçısı elan edir?

    Fuad Qəhrəmanlı, xatırladıram, dövlət ailədən başlayır, dövlət idarə etmək ailəni idarə etməkdən başlayır. Vaxtınız olanda Aristotelin “Siyasət” əsərini alın, vərəqləyin. Bəlkə, bir az siyasi savadınız artar.

    Rubrika.az


    Facebook-da paylaş