• Türkiyəli ekspert: Suriya böhranı bitdikdən sonra Türkiyə Qarabağla daha yaxından maraqlanacaq - MÜSAHİBƏ

    Türkiyəli ekspert: Suriya böhranı bitdikdən sonra Türkiyə Qarabağla daha yaxından maraqlanacaq - MÜSAHİBƏ

    Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlunun Oxu.Az-a müsahibəsi:

    - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-a səfər edəcəyi gözlənilir. Sizcə, ABŞ Prezidenti Donald Trampla görüşdə hansı müzakirələr aparılacaq?

    - Tramp-Ərdoğan görüşündə iki vacib məsələnin ön plana çıxacağını söyləmək olar. Bunlar Suriya münaqişəsi və ABŞ Konqresinin Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul edilən qətnamələrdir.

    İlk olaraq Suriya böhranı son aylarda ikitərəfli münasibətlərdə ən çox müzakirə edilən mövzulardan biri idi. Ancaq Türkiyənin “Barış pınarı” əməliyyatından sonra bu müzakirələr yeni bir mərhələyə qədəm qoydu.

    ABŞ hərbçiləri Suriya ilə sərhəddən geri çəkilərkən yaranan boşluğu Rusiya və Suriya hərbçiləri doldurdu. Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Soçidə baş tutan görüşdən sonra bu mövzu Türkiyə və Rusiya arasında daha aktuallıq kəsb etməyə başladı.

    Digər tərəfdən, “Barış pınarı” əməliyyatı ABŞ dairələrində Türkiyəyə qarşı cəbhəni hərəkətləndirdi. Təkcə demokratlar deyil, respublikaçılar da Donald Trampın “Barış pınarı” əməliyyatı üçün Ərdoğana “yaşıl işıq” yandırmasını tənqid etdilər.

    Bildiyimiz kimi, Suriya məsələsi ilə əlaqəli olaraq Nümayəndələr Palatasında Türkiyəyə qarşı iqtisadi sanksiyaları özündə ehtiva edən qətnamə qəbul olundu.

    Bu qanun layihəsinin Senat tərəfindən qəbul edilib qanuni qüvvəyə minmə ehtimalı var. Ərdoğan bu ehtimala qarşı Trampın veto hüququndan istifadə etməsini istəyəcək. Bundan başqa, Ərdoğan “erməni soyqırımı” layihəsinin Nümayəndələr Palatasında qəbul edilməsidən narahatlığını bildirəcək, bunun Senatda qəbul edilməməsi üçün Trampın dəstəyini istəyəcək.

    Nəticə olaraq Ərdoğanın bu səfərinin məqsədi ikitərəfli əlaqələrdə mövcud olan problemləri minimuma endirmək üçün Trampdan dəstək almaqdır.

    - Türkiyənin Rusiya ilə əlaqələri genişlənir, münasibətlər yeni fazaya keçir. Lakin əsas sual budur – Rusiya Türkiyə üçün hansı təhlükə yarada bilər?

    - Türkiyə və Rusiya Suriyanın boru kəmərləri, nüvə enerjisi və müdafiəsi sahəsində yeni əməkdaşlıq formalaşdırırlar. AKP hökumətinin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması, ABŞ və digər NATO ölkələri ilə problemlər yaşamasına yol açıb. Bu böhran hələ də bitməyib.

    AKP hökuməti Qərb ölkələri ilə yaşadığı problemlərdə Rusiyadan tarazlaşdırıcı mexanizm kimi yararlanmaq istəyir. Ancaq digər tərəfdən, Ankaranın Moskvadan təktərəfli asılılığı artır.

    Türkiyənin nüvə enerjisindən müdafiə sənayesi kimi strateji sahələrdə Rusiyadan asılı hala gəlməsi, hər iki tərəfin fərqli cəbhələrdə yer aldığı regional məsələlərdə Moskva lehinə qırılmaya yol aça bilər.

    - Moskvanın xeyrinə işləyə biləcək “kartlar” hansılardır?

    - Prezident Ərdoğan “Barış pınarı” əməliyyatından öncə rusiyalı deputatları qəbul etmişdi. Bu deputatlar arasında Krımı təmsil edən birinin də olması Ukraynanın reaksiyası ilə qarşılandı. Ankara bu mövzunu diplomatik protokol xətası kimi qələmə versə sə, Kiyev bunu Türkiyənin Rusiyaya güzəşti kimi dəyərləndirir.

    - Türkiyə Qarabağ münaqişəsi ilə bağlı siyasətində hər hansı bir redaktələr edibmi?

    - Türkiyə Qarabağ məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyü dəstəkləyən mövqe sərgiləyib. Türkiyənin Ermənistana qarşı Azərbaycana tam dəstək verən siyasətində dəyişiklik etməsi müzakirə mövzusu deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə Qarabağ münaqişəsinə görə Ermənistanla quru sərhədini 20 ildən çoxdur ki, bağlayıb.

    - Bəs sizcə, Türkiyə Suriyaya ayırdığı diqqəti Qarabağ məsələsində sərgiləyir?

    - Ankara Suriyadakı müharibəni yaxından izləyir və öz təhlükəsizliyi əleyhinə hər hansı bir balans dəyişikliyi görmək istəmir. Ankara PKK-nın Suriya qanadı olan YPG-nin Türkiyənin Suriya sərhədi boyunca muxtar bölgə qurmasından xüsusilə narahatdır.

    Bu məqsədlə həm təhlükəsizlik qayğısı, həm də Türkiyədə yaşayan dörd milyon suriyalının ölkələrinə geri göndərilməsi üçün Suriyadakı prosesləri yaxından izləyir. Bu vəziyyət Ankaranın Qarabağ və digər problemlərə yetərincə diqqət göstərdiyi anlamına gəlməz. Suriyadakı böhran həll olunduqdan sonra Ankara digər münaqişələrlə də daha yaxından maraqlanmağa başlayacaq.

    Rubrika.Az


    Facebook-da paylaş