• İrəvanda anti-Azərbaycan “sxodka”sı - xüsusi xidmət agentlərinin iflas projesi

    İrəvanda anti-Azərbaycan “sxodka”sı - xüsusi xidmət agentlərinin iflas projesi

    Ermənistan ölkəmizdə etnik zəmində çaxnaşma yaratmaq yönündə uğursuz səylərini davam etdirir; həbs edilən və Bakıda bu həftə məhkəməsi olacaq vətən xaini Fəxrəddin Aboszadənin taleyi satqınlara görk olacaqmı?..

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə haqq qazandırmaq üçün ən müxtəlif fəndlərə əl atmaqda davam edir. Onların arasında ölkəmizdə guya etnik zəmində problem olması barədə iddianı vaxtaşırı gündəmə gətirib üfürmək də var.

    Bəllidir ki, “talış kartı” erməni antitəbliğatçılarının ölkəmizə qarşı istifadə eləməyə çalışdıqları ən sevimli vasitədir. Bu məqsədlə illər öncə İrəvanda təxribatçı məqsəd güdən və təbii ki, talışların deyil, sırf ermənilərin maraqlarına işləyən üzdəniraq “Talış radiosu” da açılıb. Amma nə nəticə var, nə də radioya qulaq asan talış.

    Ola da bilməz. Çünki etnik təmizləmə nəticəsində monoetnik ölkəyə çevrilmiş Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycan tolerant dövlətdir və burada əsrlərdir türklər, talışlar, ləzgilər, yəhudilər və digər millətlərin nümayəndələri birgə, dinc-yanaşı yaşayır. O üzdən də erməni məkrinə uyub tora düşən talışlar yox dərəcəsindədir - bir neçə zatı-qırıqdan başqa.

    *****

    Bununla belə, düşmənin məkrli cəhdləri davam edir. Belə ki, 6-7 dekabr tarixində İrəvanda erməni, İran və bəzi digər xüsusi xidmət orqanları agentlərinin iştirakı ilə Azərbaycan əleyhinə növbəti “sxodka” olub. Gələn məlumatlardan hasil olan qənaət belədir ki, “Qafqaz-Xəzər regionunun köklü xalqlarının elmi konfransı” adı verilən bu üzdəniraq toplantıda əsas hədəf Qafqazda türkofobiyanı qızışdırmaq və yaymaq olub.

    Ancaq diqqətçəkicidir ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə toplantıda MDB və İrandan elə də tanınmış alim iştirak etməyib. İran isə tədbirdə Tehran Universiteti yanında qeyri-formal şərqşünaslıq dərnəyinin az tanınan bir üzvü qismində təmsil olunub - hansı ki, İranın işğalçı ölkədəki səfirliyi tərəfindən görüntü xətrinə “elmi konfrans”a ezam edilib.

    Toplantının əsas cəlbedici mövzusu isə Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan talış əmək miqrantları olub. Yəni gerçəkdə heç bir elmdən, talışşünaslıqdan və s. söhbət getməyib. Bütövlükdə toplaşanların məqsədi əslində bu olub: Ermənistan hökuməti tərəfindən anti-Azərbaycan ovqatını gücləndirmək üçün ayrılan büdcəsini mənimsəmək. Hansı ki, Nikol Paşinyanın əhalinin diqqətini daxildəki sosial problemlərdən yayındırmaq istəklərinə də cavab verir.

    Toplantıda işçi dil rus dili olub. Ancaq əksər çıxış edənlər ermənicə danışıb və talış üzdəniraq vətənpərvərlər tərcümə ilə təmin edilməyiblər. Bu zaman onlardan kimisi avamcasına boşluğa baxır, başqası, məsələn, Zabil Məhərrəmov kimisi ehtirasa gələrək, zalda olan Ermənistan Şərqşünaslıq İnstitutunun əməkdaşlarını videoya çəkirmiş.

    Aydın idi ki, Rusiyadan olan talış işçi qonaqları erməni tarixçi-təbliğatçıların onların beyinlərinə israrla yeritmək istədikləri çox az maraqlandırıb. İsmayıl Şabanov və Zahirəddin İbrahimli aldıqları əmri yerinə yetirməklə məşğul idilər. Onlara qoşulan Elşən Həsənov və Rüstəm Ağayev isə belə görünür, o dərəcədə aşağı səviyyəyə eniblər ki, düşmənə səcdə eləməkdən savayı çıxış yolu tapmayıblar.

    Ürəkdən sevinən yalnız Rusiyadakı talış diasporunun lideri kimi özünü təqdim edən Zabil Məhərrəmov olub. Axı o özünə doğma olan İrəvana qayıtmışdı və deyəsən, tam ciddi şəkildə ümid edirmiş ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindəki dostları yenə ona stabil əmək haqqı kəsəcəklər. Pul isə bu dəqiqə Zabilə heç vaxt olmadığı qədər lazımdır - heç olmasa, özünü və Moskva rayonlarının ictimai-iaşə müəssisələrində ofisiant işləyən məşuqəsini saxlamaq üçün.

    *****

    Qeyd edək ki, taleyin zibilliyinə atılmış Zabil Məhərrəmov nə vaxtsa kişi kimi, ləyaqətlə pul qazanmağa cəhd edib, hətta gecə keşikçisi işinə düzəlib. Ancaq tezliklə başa düşüb ki, kişi kimi yaşaya bilmir və qəlbi satqınlığa doğru çəkir. Budur, indi o, İrəvandadır. Onun səfəri haqda Nikol Paşinyanın özü də məlumatlıdır - o Paşinyan ki, onun “şərəf və ləyaqətini” Məhərrəmov talış diasporu arasında qətiyyətlə müdafiə edir. Burada yerinə düşər, yazsaq ki, “Kül başına Paşinyan, Zabil Məhərrəmov kimi müdafiəçin var”.

    Di gəl, ermənilərin zənnincə, “konfrans”da Rusiyadakı talış diasporunun lideri kimi özünü təqdim edən bir adamın iştirakı, şübhəsiz, böyük uğurdur. Təbii ki, Zabil Məhərrəmov, İsmayıl Şabanov kimi satqın və Vətən xainlərinin Azərbaycan dövlətçiliyinə sadiq, Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda yüzlərlə şəhid vermiş zəhmətkeş və qürurlu talış xalqına dəxli ola bilməz. Bu, Azərbaycan cəmiyyətində, o cümlədən onun ayrılmaz hissəsi olan talış toplumunda yalnız acı istehza doğurur.

    Erməni şərqşünaslığının belə tədbirləri təşkil eləməkdə baş hədəfi sözsüz ki, Azərbaycanda yaşayan xalqlar arasında nifaq salmaqdır. Hansı talışşünaslıqdan söhbət gedə bilər ki, konfransın təşkilatçılığını həm də İrəvan Şərqşünaslıq İnstitutunun “Xristian şərqi” şöbəsi edib? Ola bilsin, ermənilərin daha uzaqgedən hədəfləri var və onlar belə bir ideya üçün əsas yaradırlar: “talışlar öz xristian köklərinə qayıtmalıdır”. Axı ermənilər iddia edirlər ki, onlar Qafqazda ən qədim xristianlardır.

    Elə isə günün birində Zabil Məhərrəmovun erməni-qriqoryan inancını qəbul edən ilk tanış olacağı təəccüb yaratmayacaq. Öz ata-babalarının dinindən artıq o, imtina edib - nə vaxt ki, yüngül əxlaqlı erməni aktrisası Mariyetta Vardanyana başı bağlı şəkildə ekrandan talış qadınları adından müraciət etməyi məsləhət görmüşdü (az sonra bəlli oldu ki, o, talış yox, ermənidir).

    Bu xüsusda tədbirin qayəsində həmçinin o dururdu ki, guya Qafqaza islamın gəlişi ilə qəbilələrarası çəkişmələr başlayıb və nəticə etibarilə islamlaşan xalqlar əziyyət çəkib. Halbuki Qafqazda münaqişələr, faktiki, məhz gəlmə ermənilərdən sonra başlayıb. Əsla təəccüblü deyil ki, ermənilər belə bir məkrli gündəliyi olan konfransa yalnız Moskvadan bir neçə soyu-kökü bilinməyən talışı, həmçinin Rusiya Elmlər Akademiyasının yalançı alimlərini gətirə biliblər.

    *****

    İrəvanda məhz belə bir anti-Azərbaycan “sxodka”sı keçirilib. Əfsus ki, Azərbaycanın bəzi savadı az olan vətəndaşları Məhərrəmov, Şabanov və İbrahimli kimi fırıldaqçıların mənimsədikləri epitetləri bəzən yanlış anlayırlar. Onların əsl siması isə məhz belə vəziyyətlərdə, “sxodka”larda üzə çıxır.

    Bu avantüristlər Azərbaycan tarixinə həmişəlik Vətən xainləri kimi düşüblər. Onların Fəxrəddin Aboszadə kimi peşmançılıq keçirib tövbə eləməkdən başqa yolu yoxdur - hansı ki, Moskvada tutularaq Bakıya təhvil verilib və tezliklə məhkəməsi başlayacaq.

    Görk olacaqmı?..

    Rubrika.Az


    Facebook-da paylaş