• İşgəncəyə məruz qalan uşaqların atası həbs edildi

    İşgəncəyə məruz qalan uşaqların atası həbs edildi

    Xəqani və Nuranə Əkbərovalara Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham verildi, qadının hamilə olması nəzərə alınmaqla polis nəzarətində saxlanılacaq

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Ombusdman Səbinə Əliyeva işgəncəyə məruz qalan azyaşlı uşaqlarla bağlı ölkənin baş prokuroruna müraciət edib. Bu barədə Ombusdman Aparatı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı ombudsman Zakir Qaralova müraciət edib.

    Müraciətdə zorakılıq ehtimalı, məsələnin ictimai və hüquqi məzmununu nəzərə alınmaqla, nəzarətə götürülərək araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə bağlı məsələlər əksini tapıb.

    Xatırladaq ki, anaları vəfat edən iki azyaşlı uşağın atası və analığı tərəfindən işgəncəyə məruz qalması hadisəsi ictimaiyyətdə böyük qəzəblə qarşılanıb. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər var. Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadır. Onların atasının himayəsindən alınıb babaya verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.

    Uşaqların işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Ötən gün uşaqların atası Xaqani Kazımov və ögey anası Nuranə “Səni axtarıram” verilişinə çıxaraq ittihamları rədd ediblər. Belə ki, X.Kazımov qayınatasının ona böhtan atdığını, uşaqları onun döydüyünü deyib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını qırdılar. Birinci xanımımın atası bizi döydü. Əlimizdə bununla bağlı ekspertiza rəyi var. Hansı valideyn uşaqlarını belə döyər? Özləri uşaqları bu cür ediblər. Evdən övladlarımı aparanda heç bir şeyləri yox idi. Təkcə qolu şişmişdi. O da ağacdan yıxılmışdı, yoxlatdırmışdıq, qırığı-çatı yox idi. Bizi şantaj edirlər”.

    Həmçinin Nuranə də uşaqlara yaxşı baxdığını, onları heç vaxt incitmədiyini deyib. Uşaqların babası, Ağcabədi rayonu, Aşağı Qiyaməddinli kənd sakini Qulu İbrahimov isə olanlarla bağlı APA-ya bunları bildirib: “Nəvələrimin döyülməsi barədə xəbəri mənə kürəkənim Xaqaninin əsgərliyə gedən böyük oğlu deyib (qeyd edək ki, azyaşlı uşaqlar Xaqani Kazımovun ikinci evliliyindəndir - red.) Uşaq vaxtlarından onu da xalası saxlayıb, yəni mənim qızım. Əsgərliyə getməmişdən əvvəl axşam mənə zəng edib soruşdu ki, ”baba, sən yatmısan?" Dedim, “nə olub, bala?” Dedi ki, Xaqani ilə arvadı Nuranə balaca qardaşlarım Qulu və Hüseyni döyürlər. Əgər səhər özünü çatdırmasan, 5 yaşlı Hüseyni ölümcül hala salarlar. Səhər artıq özümü Zabrata çatdırdım. Qapılarını döydük, üzümüzə açmadılar. Qapının gözlüyündən baxıb gördüm ki, uşağın ikisinin də qolu, ayağı sarıqla bağlıdır. Saçları da baxımsız haldadır. Qışqırdım ki, “Totu”, “Şaşı”, neynirsiniz?" Atası, “Qulu, sizi aparacaq” deyib, uşaqları gəlməyə qoymadı. Zəng vurdum “102"-yə, polislər gəldi. Ancaq Xaqani həmin ilk gələn polislərlə də söyüşlə danışıb, qapını açmadı. Bundan sonra gələn iki idmançı polis bir-birinin çiyninə çıxaraq 14 daşdan ibarət hasardan həyətə daxil oldu. Xaqani yenə qapını açmaq istəmədikdə, polislər pəncərəni açıb, evə girdilər. Pəncərəni açan kimi uşaqlar ”bizi öldürürlər", - deyib qışqırdılar. Polislərin yanında uşaqları soyundurub, bədəninə baxdıq. Bu şəkilləri də polis bölməsində çəkmişik".

    Babanın sözlərinə görə, uşaqların bədənində 38 zədə yeri aşkar edilib.

    Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Kəmalə Ağazadə bildirdi ki, uşaqların təhlükəsizliyi ilə bağlı onlar dərhal müəssisəyə yerləşdirilməlidir: “Uşaqların təhlükəsiz yerə köçürülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyi lazımdır. Yəqin ki, artıq tədqiqat işləri aparılır ki, uşaqların ata və ögey ana tərəfindən həqiqətən zorakılığa məruz qalması araşdırılır. Şəxsən mənə məlumatlar gəlib ki, uşaqların babası qərəzlidir. Məlum olduğu kimi, mətbuatdan sonra uşaqların babası və qarşı tərəf efirə də çıxdı. Bildirim ki, elə ilk gündən mən baba ilə əlaqə saxlayıb, söhbət aparmışdım və məlum olmuşdu ki, baba hüquq-mühafizə orqanlarına müraciət edib ki, uşaqları polis vasitəsilə o evdən çıxarsın. Şəxsən mən illərdir ki, uşaqlarla işləyirəm və görmədim ki, azyaşlı uşaqlar bu cür sözləri demək iqtidarında olsun.

    Düşünürəm ki, burada ilk olaraq uşaqlar hər iki tərəfdən təcrid olunmalı, müəssisəyə yerləşdirilməli, onlarla peşəkar mütəxəssislər, psixoloqlar iş aparmalı, uşaqların sağlamlıqlarına vurulan zərərlə bağlı mütləq müayinələr aparmalı idi. Üç gün öncə mən babaya deyəndə ki, gəlin Bakıya, uşaqları müayinədən keçirək, baba dedi ki, ”Bakıya gəlməyə maddi imkanım yoxdur". Amma səhəri gün gördük ki, baba efirə, canlı yayına çıxıb. Məndə olan məlumata görə, uşaqların vəziyyəti heç də pis deyil. Görüntülərdə əks olunan zədələr ayrı-ayrı zamanlarda baş verib. Kim zəmanət verir ki, həmin uşaqlar yıxılmayıb.

    Məlum olduğu kimi, babanın qızı dünyasını dəyişib, uşaqlar atada qalıb, ata isə evlənib. Əlbəttə ki, bu zaman qarşı tərəfdə bir qıcıq yaranır ki, analıq uşaqlara pis baxacaq, döyəcək. Analıq və atanın günahsız olduğunu dilimə gətirmirəm. Babanın da günahsız və ya günahlı olduğunu demək mümkün deyil, bunu yalnız istintaq dəqiq müəyyən edə bilər. Amma bir daha qeyd edirəm ki, bu məsələdə bir qərəzlilik müşahidə edirəm. Bunu da yalnız mütəxəssislər üzə çıxarda bilər. Uşaqlar körpədir və onlar deyilənləri təkrarlaya bilərlər".

    Günün sonunda məlum olub ki, işgəncəyə məruz qalan uşaqların atası həbs edilib. Xəqani və Nuranə Əkbərovalara Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham verildi, qadının hamilə olması nəzərə alınmaqla polis nəzarətində saxlanılacaq.

    Rubrika.Az


    Facebook-da paylaş