• Dünya və ətrafımız yeni virusun cəngində - Azərbaycan da təhlükədə

    Dünya və ətrafımız yeni virusun cəngində - Azərbaycan da təhlükədə

    Professor: “Son zamanlar Azərbaycanda da soyuqdəymədən ölənlər var ki, bu da ”donuz qripi" və ya koronovirusun göstəricisi ola bilər"

    Çində son iki gündə yeni müəmmalı virusa yoluxma ilə bağlı hallar üç dəfə artıb. Təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 200-dən artıqdır və üç nəfərin tənəffüs yollarının xəstəliyindən öldüyü bildirilib. Sətəlcəm kimi başlayan bu virus barədə çox şey məlum deyil.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Səhiyyə Nazirliyi Çində yeni koronovirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair tövsiyə verib.

    Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ötən il dekabrın 31-də Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronovirus səbəbindən baş verdiyini bildirib. Koronoviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

    Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

    İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronovirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

    Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq; Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra; canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək; Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

    Eyni zamanda Cənubi Koreyada da naməlum mənşəli sətəlcəm hadisəsi qeydə alınıb. Xarici mətbuat yazır ki, Cənubi Koreyada bu xəstəliyə ilk yoluxan şəxs İnçxon aeroportunda aşkarlanıb. Uxandan gələn həmin şəxs Çin vətəndaşı olub. Karantin müayinəsi zamanı qadının yüksək temperaturdan əziyyət çəkdiyi müəyyən edilib. Cənubi Koreya hakimiyyəti onun hazırda karantində olduğunu və müalicə aldığını bildirir.

    Rəsmi məlumata görə, Azərbaycanda nə “donuz qripi”, nə də koronovirus aşkar edilməyib.

    Məlum olduğu kimi, bizə qonşu dövlət olan İran və Gürcüstanda da “donuz qripi”nin yayılması ilə bağlı hər gün məlumatlar alırıq. Məlumatlarda Gürcüstanda iki nəfərin bu virusdan öldüyü bildirilir. İranda isə artıq bu virusdan 114 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat yayılıb. Bədnam qonşumuz Ermənistanda da yanvarın 11-dək qrip virusu diaqnozu ilə 668 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb.

    Qeyd etdiyimiz kimi, virusun əhatəsində qalan Azərbaycanda, rəsmi məlumatlara görə, “donuz qripi”ndən ölən yoxdur. Lakin ötən həftədən Lerik rayon sakini 41 yaşlı Azad Qafarov, Binəqədi rayon sakini 35 yaşlı Rəşad Qəniyev ötən gün müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda ölüb.

    İnstitutun direktoru Həqiqət Qədirova virtualaz.org-a bildirib ki, hər iki şəxs ağır vəziyyətdə olub, amma onların “donuz qripi”nə yoluxmaları ilə bağlı yazılanlar doğru deyil: “Vəfat edən xəstələrin vəziyyəti ağır olub, göstərilən tibbi yardımlara baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb”, - direktor deyib.

    Bu virusların yayılmasının arxasında mafiya oyunları varmı?

    2009-cu ildə məlumat yayılmışdı ki, dünyada “donuz qripi”nə yoluxanların sayı 6 min nəfərdən yuxarıdır. Məlumatlar arasında o da bildirilirdi ki, əslində bu virus müxtəlif “siyasi qüvvələr” tərəfindən yaradılıb və dünyada insanların sayının azaldılmasına xidmət edir. Eyni zamanda virusun əslində bir fırıldaq olduğunu deyənlər də var. Bu fikrin müəllifləri hesab edirlər ki, dünyada müxtəlif növ qriplərdən hər il insan ölümləri baş verir. Bu ölümlər isə sadəcə olaraq, həmin insanların orqanizmlərindəki digər çatışmazlıqlarla bağlıdır...

    “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, koronoviruslar kifayət qədər təhlükəlidir: “Öncə deyim ki, bu virusların əhalinin sayının azaldılması və ya digər məsələlərlə bağlı atılmış addım olduğunu söyləmək çətindir. Bu, bir ittihamdır və bunu da demək üçün gərək fakta söykənək. Lakin onu deyim ki, koronoviruslar ilk 1960-cı ildə soyuqdəymə xəstəlikləri olan insanların nəfəs borularında aşkarlanıb. Virusun özəlliyi ondan ibarətdir ki, qısa müddətdə yuxarı tənəffüs yollarının iltihabı prosesini törədir. Nəticədə pnevmoniya, sətəlcəmə gətirir və çox zaman da xəstə dünyasını dəyişir. Yəni virus çox ağırdır. İmmunitet sistemi zəif olan insanların bu virusa yoluxması daha ciddi fəsadlara yol aça bilər. O baxımdan artıq koronovirusdan ölüm halları da qeydə alınıb. Bu ayrı-ayrı zamanlarda mövsümü soyuqdəymə vaxtı təsadüf edilən bir virusdur. Hesab edirəm ki, biz də bununla bağlı ehtiyatlı olmalıyıq. Əgər koronovirus hansısa ölkədə yayılıbsa, bunun Azərbaycana keçmə təhlükəsi realdır”.

    “Donuz qripi” ilə bağlı Adil Qeybulla bildirib ki, çox zaman rəsmi statistika ilə real vəziyyət üst-üstə düşmür: “Əgər qonşu ölkələrdə bu xəstəlik varsa, Azərbaycanda da bunun yayılması çox böyük ehtimalla realdır. Bunu kimsə istisna edə bilməz. Son zamanlar Azərbaycanda da soyuqdəymədən ölənlər var. Bu da ”donuz qripi" və ya koronovirusun göstəricisi ola bilər. Adi məntiq bunu deyir. Ancaq təbii ki, rəsmi statistika artıq faktdır. Təəssüf ki, bəzən bu, reallığı əks etdirmir. Burada müxtəlif səbəblər var. Bilirik ki, Azərbaycanda əhalinin bir hissəsi məcburi köçkündür və yaşayış yerini məcburi tərk edib. Ona görə də real statistika aparmaq çətinliyi var. Bəzi xəstələr isə qeydiyyata düşmürlər. Onların ölüm səbəbi də bilinmir. Ev şəraitində, müəyyən ekstremal situasiyada dünyasını dəyişən adamın ölüm səbəbi də bir çox hallarda tam yoxlanmır. Hesab edirəm ki, istənilən şəraitdə ölən adamın ölüm səbəbi yoxlanmalı, bilinməlidir. Bunlar olmadığı üçün bəzən problem yaranır. Bunun da səbəbi odur ki, insanlar özləri buna qarşı müqavimət göstərirlər. Ölülərini yarmağa qoymurlar. Nəticədə ölüm halları tam aşkarlanmır və bunlar da real statistikaya təsir edir. Ona görə də insanlar arasında maarifləndirmə işlərinə də ehtiyac var. Tam əminliklə deyirəm ki, qonşu ölkələrdə bu cür hallar aşkarlanırsa, deməli, Azərbaycanda da bu virus var".

    Rubrika.Az


    Facebook-da paylaş