• Seçki bitməmiş özünü bitirən namizəd

    Seçki bitməmiş özünü bitirən namizəd

    35-3-cü dairədə sular sürətlə durulur.

    Rubrika.az-ın musavat.com-a istinadən məlumatına görə, millət vəkilliyinə namizəd Rauf Arifoğlunun dairə üzrə “dublikat”ı (süni namizədi) məsələsi üzərindən sirr pərdəsi artıq götürülüb. Rauf Arifoğlunun səslərini bölməyə və seçiciləri çaşdırmağa hesablanmış bu, çirkin və primitiv texnologiyanın, seçki fırıldağının arxasından Ümid başqanı, Rauf bəyin dairə üzrə rəqibi İqbal Ağazadə çıxıb. Zatən, əvvəldən buna şəkk-şübhəmiz yox idi.

    Nədəni az qala, uşağa da bəlli: dairədə ən şanslı namizəd Rauf Arifoğludur. Buna şübhə edənlər ərazi üzrə ilkin seçkilər (praymerz) də keçirə bilərlər. Burası da dəqiqdir ki, Rauf bəy heç kəsin, heç bir rəqib namizədin bostanına daş atmadan, mənəvi kurallara və qanunlara əməl edərək olduqca normal, ağıllı bir seçki kampaniyası aparır. Buna prosesi izləyənlərin hamısı asanlıqla əmin ola bilər.

    Hətta İqbal Ağazadənin “çağırılmamış qonaqları”na qarşı da o, fantastik səbir, sayğı göstərir. Onları öz elektoratı kimi bağrına basır, “Onlar da seçicidir və mövqelərinə hörmət eləmək lazımdır” deyir, təxribata əsla uymur. Seçkilərə bir siyasi yarış kimi baxır, düşmənçilik, qisas fürsəti və ya düşmən qazanmaq vasitəsi kimi yox. Qanunları tapdamır, rəqibə “arxadan” zərbə vurmaq ağılının ucundan belə, keçmir. Çünki buna rəqibindən fərqli olaraq, ehtiyac duymur. Müxtəsəri, başını aşağı salıb işini görür. Ta o məqama kimi ki, kimsə ona “arxadan” zərbə endirmək fikrinə düşsün.

    O zaman hamı kimi onun da müdafiə olunmaq haqqı var. “Dublikat” məsələsində “Yeni Müsavat” olaraq bir azca bu məsələnin üstünə getməyimiz də müstəsna olaraq, həmin zərurətdən yarandı və rəqibin niyyəti qısa zamanda faş, özü isə rüsvay oldu. Bir daha aydın oldu ki, maddiyyət hələ hər şeyi həll eləmir. Yəni ki, seçkiyə qoşulmusansa, zəhmət çək özünü seçki yarışı qaydalarına uyğun apar. Üstəlik, partiya rəhbərisənsə, ikiqat, üçqat diqqətli ol, özünü yandırma. Nəhayət, qarşında kimin olduğunu fərq elə.

    Rauf Arifoğlu bizim namizəddir. Güclü namizəddir. Hətta media cameəsinin layiqli namizədidir. Onu təkcə biz müdafiə etmirik ki. Başqa ünlü yazarların təbliğat yazılarına diqqət edin. Az qala, ölkənin bütün qələm əhli onun deputat olmasını istəyir. Düz də edir. Çünki Rauf Arifoğlu hamının sözünü deməyi bacaran, hamının karına, dadına yetəcək bir şəxsdir. Arxaya yox, qabağa baxan, yaxşılığı unutmayan, keçmişlə deyil, gələcəklə uğraşan insandır.

    Rauf Arifoğluna qarşı çirkin kampaniya, sayğısızlıq “Yeni Müsavat”a, bütövlükdə “Yeni Müsavat” media qrupuna, böyük bir kollektivə, ünlü qələm sahiblərinə sayğısızlıqdır. Özünü uzun müddətə bu kollektivin hədəfinə gətirmək və təcrid eləmək deməkdir. Ağıllı siyasətçi isə heç vaxt medianın düşməninə çevrilməz, əksinə, onunla dost olmağa çalışar. Bunu həm də əxlaqlı siyasətin qaydaları diktə edir.

    İstənilən seçki də siyasətçi üçün hakimiyyətə gəlmək vasitəsidir. Hər halda belə olmalıdır. Lakin siyasətçi “hədəf bütün vasitələri doğruldur” məntiqi ilə hərəkət eləməz, bu günün sabahını da düşünər. Ələlxüsus söhbət ölkə ictimai rəyinə ciddi təsiri olan bir KİV-ə və onun böyük kollektivinə qarşı mənəviyyatsız, rəzil mübarizə üsulundan gedirsə. Axı bir seçki ilə, bir deputat mandatı ilə hər şey bitmir. Əfsus ki, İqbal bəy seçki bitməmiş özünü bitirmək yolunu tutub.

    Bu da qəribədir ki, özünü ölkə boyu prezidentliyə şanslı sayan partiya rəhbəri adicə deputat seçkisi üzrə bir dairədə səs yığmaqdan bunca narahatdır və özünütəbliğ üçün əsas rəqibini gözdən salmaq, onun təbliğatına mane olmaq taktikası seçib. Əslinə qalsa, anlaşılandır. Deyildiyi kimi, Rauf Arifoğlu sadə rəqib deyil. Öz işini yaxşı bilən, təbliğatı və yarışı aparmağı bacaran, tutumu böyük adamdır, çətin rəqibdir. O üzdən nəticə də ortadadır. Əsas nəticə isə fevralın 9-da olacaq. Uzaqgörənlərin hamısı onu bilir.

    Və sonda. İllər öncə qəzetimizə müsahibəsində Ümid başqanı belə bir fikir söyləmişdi ki, Türkiyə Ermənistanla sərhədi qeyd-şərtsiz açmalıdır. Guya o halda işğalçı ölkə iqtisadi cəhətcə qardaş ölkədən asılı duruma düşəcək və Qarabağ probleminin həlli asanlaşacaq. Maraqlıdır ki, Nikol Paşinyan daxil, bütün erməni rəhbərləri də illərdir eyni sözü deyirlər: “Türkiyə şərt qoymadan sərhədləri açmalıdır”.

    Ancaq Ankara ilə İrəvan arasında iflas olan “futbol diplomatiyası”, bədnam Sürix protokolları, “dindaş və qardaş” İranla Ermənistan arasında davam edən isti əlaqələr, “4 günlük” aprel savaşı bu tezisin tam yanlış olduğunu ortaya qoydu.

    İqbal bəy yenə yanlış mövqedədir. Özü də təkcə Qarabağ məsələsində yox...

    Rubrika.Az


    Facebook-da paylaş