• Çirkab bataqlığında təmizlik davası, “katalonların Fiquya qəzəbi” və işgəncəylə etirafedici ifadə almaq cəhdi

    Çirkab bataqlığında təmizlik davası, “katalonların Fiquya qəzəbi” və işgəncəylə etirafedici ifadə almaq cəhdi

    Bu mövzuda çox yazılıb, görünür, hələ uzun müddət də yazılacaq – siyasətə poetik-inqilabi-sinfi mübarizə yanaşması dəyişənə qədər.

    Biz XXI-ci əsrin üçüncü onilliyini xərcləməyə başladığımız ərəfədə hələ də ayrıca götürülmüş bir ölkənin siyasi fəal insanlarını müxtəlif kateqoriyalara bölərək damğalayırıq.

    Əgər iqtidar komandasına mənsubuqsa, bizə müxalif olanları, dədəmizin mirasıymış kimi sahibləndiyimiz dövlət idarəçiliyinə iddia edənləri “düşmən dəyirmanına su tökən rəzil satqınlar”, “vətəni satmağa hazır olan xain qüvvələr” hesab edirik və eləcə də adlandırırıq.

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, müxalifət düşərgəsinə aidiksə, iqtidar komandasının üzvlərini ucdantutma korrupsioner adlandırırıq, bu komanda ilə əməkdaşlıq edən digər qüvvələri yadelli işğalçılara qulluq edən kollaborasionist qüvvələr hesab edirik.

    30 ildir ki, bu ölkədə siyasi qüvvələr eyni düşüncə tərzini dəyişmədən eyni xətt üzrə hərəkət edir, öz orbitlərində fırlanırlar. Real yaxınlaşma, gerçək dialoq, dürüst müttəfiqlik, sağlam rəqabət söhbəti yoxdur ki, yoxdur. Bu xüsusda baş verənlərin hamısı imitasiyadır. Siyasi arenadakı münasibətlər sistemi bundan artıq deyil.

    Düşərgə dəyişənlərə münasibət də eyni qəbildəndir. Dünən iqtidar komandasının vitrinində olan hansısa bir şəxs müxtəlif səbəblərdən qapı dalında qoyulanda çox keçmir ki, müxalifət düşərgəsinin vitrinində peyda olur və haqq-ədalət carçısına, demokratiya uğrunda alovlu mübarizə çevrilir. Misallar çəkək. Rəsul Quliyev, Əli İnsanov, Gültəkin Hacıbəyli və onların komandasında olanlar. Vaxtilə müxalifətçi rəqiblərinə nələr deyirdilər, amma indi onlarla eyni səfdə dayanıb iqtidardakı rəqiblərinə eyni cür od-alov püskürürlər.

    Yaxud vaxtilə Elçibəyin komandasında yer alan, zaman-zaman zərbəçi funksioner rolu oynayan şəxslər bu gün mandatla və başqa nələrləsə təmin olunublar və hazırkı iqtidar komandasının qatı müdafiəçisinə çevriliblər, Roma Papası onların yanında katolisizmdən danışmaz hala gəlib. Mövcud iqtidarın əzəli və qatı müdafiəçisi Siyavuş Novruzov yalan olub, onlar gerçək. (Yeri gəlmişkən, jurnalistlər mühitində cənab Novruzovu sədaqət simvolu kimi təqdim etmək tendensiyası var, amma onun əsl sadiqliyini bəzi komanda yoldaşları kimi qapı dalında qoyulduğu vaxt müşahidə edə bilərdik).

    Həmin adamlara öz keçmiş komandalarında münasibət hər iki halda mənfi səciyyəlidir. Onları asıb-kəsir, aşağılayır, təhqir edir, keçmişlərini başlarına qaxırlar.

    Halbuki məsələyə soyuqqanlı baxmaq, anlamaq lazımdır ki, siyasətə inqilab və müharibə dövrünün arşınları ilə yanaşmaq olmaz. Nə iqtidarda, nə də müxalifətdə olmaq qəbahət və cinayət deyil. Bu ölkədə yaşayan millətin heç bir qrupu Marsdan və digər planetdən kosmik gəmiylə gəlməyib, hamısı eyni materialdandır. Prinsipcə, nə hakimiyyətdə təmsil olunanları, nə müxalifətçiləri, nə də bitərəfləri ayrıca kateqoriyaya aid etmək, “bunların hamısı yaxşıdır, dürüstdür”, “bu birilərin hamısı əliəyridir, yaramazdır” kimi dəyərləndirmək olmaz.

    Hipotetik olaraq o cür süni kateqoriyaya ayırıb qəbul etdiyimiz adamların yerini dəyişsək, nə baş verəcək? Bu dəfə də köhnə iqtidar komandası yeniləri korrupsiya və rüşvətxorluqda, talançılıqda, ölkənin mənafeyini satmaqda, Qarabağ münaqişəsində dişsiz mövqe tutmaqda, düşmənə güzəştə meyllilikdə və sair çoxdan hamımıza tanış olan bəd əməllərdə ittiham edəcəklər. Təzələr də boş oturmayacaqlar, onlar da köhnələri “gəlmişdiniz, gördük” silsiləsinə aid olan ittihamlara qonaq edəcək, onların vaxtında ölkənin darmadığın edildiyini, sərvətlərini tarmar olunduğunu, gələcək nəsillərin haqqının yeyildiyini, Qarabağın satıldığını iddia edəcəklər. Bitərəflər qrupunda isə vəziyyət belə olacaq: yeni hakimiyyətə yaxınlaşa bilən, dəvət alan, başa keçirilənlər “kollaborasionst”lər hesab ediləcək, dəvət edilməyənlər, qapıdan qaytarılanlar, etimad göstərilməyənlər isə öz “dissident” rollarını oynamaqda davam edəcəklər.

    30 ildir bu kimi olayları, prosesləri təkcə öz ölkəmizdə yox, yaxın qonşularda, eləcə də uzaq ölkələrdə görürük, müşahidə edirik.

    Siyasət budur, başqa bir şey deyil, o, uğurlu, əlverişli sazişlər bağlamaq sənətidir və ona ülvi dəyərlər, yüksək mənəviyyat prizmasından baxmaq yanlışdır. Hansı qüvvə başqaları ilə daha çevik, daha sərfəli razılaşma əldə edə bilirsə, edir, daha onların ideoloji dünyagörüşlərinə, keçmiş fəaliyyətlərinə məhəl qoymur. Biz gündə olan ölkələrin hamısında belədir, bizdə öndə olan ölkələrdə də çox fərqli deyil.

    Siyasi qüvvələr məsələlərə idealistcəsinə yanaşsaydılar, o zaman müxalifət düşərgəsi keçmiş və odoiz nazirləri özünə yaxın buraxmamalıydı, çünki onlar ölkənin ən məşhur korrupsionerləri kimi ad çıxarmışdılar. Demək, adamın öz mənafeyinə uyğun olanda düşərgə dəyişənə də, keçmişdə korrupsioner olana da, gələcəkdə yenidən korrpsioner olmaq istəyənə də dözümlü yanaşa bilir.

    Bütün bu qarmaqarışıqlığın, bulaşıqlığın, neqativliklərin fonunda yenə də kimlərsə tapılır, siyasət və siyasətçiləri idealizə edir, kimlərisə hədəf taxtasına çıxarır, “satqın” elan edir, qaralayır. Uzun illərin siyasi uğursuzluqlarının, məqsədə çatmazlığın acısını yaşayan çoxsaylı insanlar da dərhal mizraqlarını götürüb hədəf taxtasında söykədilmiş personanı "dəlik-deşik" etməyə başlayırlar.

    O adamların sırasına baxırsan, görürsən ki, öz liderləri 20 il öncə iqtidar düşərgəsinin sevimlisiydi, partiyasının 4-5 mandatı, 7-8 qəzeti, mənfəətli biznes strukturu, təhkim olunduğu oliqarxlardan aybaay gələn muzdu vardı, ayda iki dəfə xarici səfərlərdə olurdu, partiyasının funksionerləri Strasburqda hökumət adamlarıyla oturub-dururdu, təbliğatçı mirzələri hakimiyyətdəki və müxalifətdəki islahatçıların müttəfiqliyindən, real və leqal olaraq vahid komandada birləşməsinin zəruriliyindən palaz-palaz yazılar yazırdılar.

    Ancaq indi həmin adamlar başımıza “idealist dissident” kəsiliblər, müxalifətçilkdən əl çəkib neytral olmaq, iqtidar komandasıyla yaxınlaşmaq istəyənləri düşmən adlandırırlar. Halbuki özləri iqtidarla yaxınlığın kitabını yazıb, filmini çəkiblər.

    O kampaniyaya qoşulanların, “əhsən, əla yazıdır” deyənlərin arasında bir imza da var. O adamın lideri 1993-cü ilin 24 iyununda qanuni prezidentin – Elçibəyin səlahiyyətlərinin əlindən alınmasına dair qanun layihəsi hazırlatmışdı. Ölkədə demokratiyanın bərqərar olunmasına imkan verməyən, onu beşiyindəcə boğan, öz diktatirasınu qurmaq istəyən, özündən güclüyə rast gəldiyi üçün bunu bacarmayan şəxsin tərəfdarı, uzun illər partiya qəzetinin baş redaktoru olmuş adam indi “haqq-ədalət çarçısı” olub.

    Adama deyərlər, iqtidarla əməkdaşlıq yaman şey idisə, 1993-cü ildən 1998-ci ilə qədər etdiyiniz nəydi? Siz iqtidarla can-bir qəlbə olanda, onun resurslarından bəhrələnəndə normal idi, başqası elə edəndə xainlik, reneqatlıqdır? Pisdirsə, iki halda da pisdir, yaxşıdırsa, ikisində də yaxşıdır.

    Bu tip adamların əsas məqsəd odur ki, maddi sərvətlərə özləri yaxın olsunlar. Günü sabah onlara mandat vədi verilsin, bizneslə məşğul olmalarına şərait yaradılsın, onda görərik necə “dissident” olduqlarını. Uzun illər iqtidar komandasına bir köynək yaxın olaraq milyonçuya çevrilənlərin vəkilləri də məsələyə bu yöndən baxsalar, daha faydalı olar.

    Ümumiyyətlə, siyasi fəaliyyətində manevrlər, sərt dönüşlər etmiş adamlara “katalonların Fiquya qəzəbi” presedenti ilə yanaşmaq doğru deyil. Heç kəsin sona qədər eyni partiyada, eyni düşərgədə qalmaq kimi öhdəliyi yoxdur, heç kəs belə bir əhd-peyman bağlayıb kitaba əl basmayıb.

    Bilməyənlər üçün zəruri qeyd: 2000-ci ildə “Barselona”da oynayan portuqaliyalı futbol ulduzu Luiş Felipe Madeyra Kaeyru Fiqu o dövr üçün rekord qiymətə - 37 milyona “Barsa”nın əzəli rəqibi “Real”a keçmişdi. Madridlilər eyforiyada ikən barselonalı katalonlar dərin üzüntü və şiddətli qəzəb içindəydilər. Onlar Fiqunun keçidini “satqınlıq”, “xəyanət” adlandırırdılar, “Real” Kataloniyanın hansı şəhərində oynayırdısa, qatı azarkeşlər onu izləyir, top Luiş Fiqunun ayağına düşən kimi kütləvi fitəbasma təşkil edirdilər, söyüş sədaları stadionu başına götürürdü. Adam nə etmişdi? Belə baxanda heç nə, öz peşəsi ilə məşğul idi, ötən il olduğu kimi, bu il də futbol oynayırdı və onun üçün fərqi yox idi ki, hansı formanı geyir və topu hansı qapıya tuşlayır. Amma ispaniyalılar bir portuqaliyalının peşə fəaliyyətinə hərbi-siyasi səciyyə vermişdilər.

    Əlbəttə, yenə bəziləri çıxıb içində “haqq-ədalət”, “demokratiya”, “azad seçki”, “insan haqları”, “vicdan azadlığı” və sair söz birləşmələri keçən çıxışlar edə bilər, amma hamımız ölkədəki real durumu yaxşı bilirik. Bilirik ki, bu, heç də ürəkaçan, könüloxşayan situasiya deyil, normaldan uzaqdır. Bu situasiyanı siyasi qrupların yerini “hopp” edərək dəyişməklə də düzəltmək mümkün deyil. Çıxış yolu hamılıqca maariflənmək, dürüst olmaq, azad seçkiləri, normal dövlət idarəçiliyini təmin edəcək konstruktiv mexanizmlər yaratmaqdır. Buna isə nə təşəbbüs edən var, nə də onu topluca istəyən. Bəzi partiyaların bunu hansı şiddətlə istəməsi azdır, fakt odur ki, elə qüvvələr təkləniblər və durumu dəyişməyə gücləri çatmır.

    Bu baxımdan hamının çabaladığı çirkab bataqlığında bir-iki nəfəri seçib “cümlə xəyanətlərə bais” elan etməklə yara sağalası deyil. Öz üst-başı çirkin, lehmənin içində olanların başqalarını “natəmiz”likdə suçlaması da ayrı dərddir.

    ***

    Göründüyü kimi, bu boyda yazıda növbəti dəfə mətbu hücuma məruz qalmış Rauf Arifoğlunun adını çəkmədim. O, ünvanına səslənmiş bənzər ittihamlara dəfələrlə və tutarlı şəkildə cavab verib. Ancaq ittihamların sonu görünmür, hər dəfə bir başqa siyasi qrup və ya yazar eyni ittihamları səsləndirir, R.Arifoğlunun etirafedici ifadəsini almağa çalışır. Bu, bir növ 37-ci il havasıdır. O vaxt repressiya olunacaq şəxsə fiziki işgəncə verərək, özünə qarşı ifadə alırmşlar, indikilər də psixoloji təzyiqlə çalışır ki, Arifoğlu, nəhayət, bezərək, “düz eləməmişəm, günahların hamısı məndədir” desin.

    Bir də hansısa müəllifin bir siyasət adamını qaralayaraq, “siyasi meyit”, “günü keçmiş”, “artıq heç kəsə lazım olmayan” adladırması presedenti yeni deyil. 1993-cü, 2003-cü ildə də üstünə belə adlar qoyulanlar olmuşdu. Ad qoyanlar indi adam arasına çıxmaz olublar, “siyasi meyit” adlandırılanlar isə hələ də meydandadırlar və elə bir gün olmur ki, rəqibləri onların kölgəsini qılınclamasın.

    Rubrika.Az


    Facebook-da paylaş