• “Yayım haqqı ödənilmir…” – “İNNOVA” İnnovativ Reklamçılıq şirkətindən ŞİKAYƏT

    “Yayım haqqı ödənilmir…” – “İNNOVA” İnnovativ Reklamçılıq şirkətindən ŞİKAYƏT

    ““İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Reklam Agentliyinə yayım haqı və dövlət rüsumu ödəmir”.

    Bununla bağlı şikayətçilər iddia edir ki, “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-nin yeni yaradılmasına baxmayaraq bir çox reklam yerlərinin ekskluziv satışı məhz həmin şirkətə həvalə edilib:

    ““İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC tez bir zamanda yaradılsa da bir çox yerlərin ekskluziv satışı onlara həvalə edilib. Hətta paytaxtın mərkəzi küçəsi sayılan Nizami küçəsində yerləşən reklam qurğularına da məhz adıçəkilən şirkət nəzarət edir və bütün bunlara görə agentliyə heç bir rüsum və yayım haqqı ödənilmir. Bununla yanaşı pandemiya dövrü olmasına baxmayaraq işçilər qanunsuz əsaslarla ixtisar edilirlər. Şirkətin isə ADRA ilə eyni binada, eyni mərtəbədə fəaliyyət göstərməsi bir çox şübhəli məqamlardan xəbər verir”.

    Şikayət məktubunda qeyd edilən faktlarla əlaqədar olaraq Azərbaycan Dövlət Reklam Agentliyinə rəsmi sorğu ilə müraciət etdik. Sorğumuzu cavablayan agentlik bildirib ki, sözügedən şikayət həqiqəti əks etdirmir və ittiham olunan şirkət agentliyə bütün ödənişlərini vaxtında ödəyiblər:

    “Müraciətdə qeyd olunanlar həqiqəti əks etdirmir və hüquqi əsası yoxdur. Əgər kiminsə yazılanlarla bağlı konkret şikayəti varsa məsələnin araşdırılması üçün aidiyyatı qurumlara rəsmi şəkildə müraciət etmək hüququ var.

    Arayış üçün bildiririk ki, “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC Dövlət Reklam Agentliyi tərəfindən təsis edilib. Şirkət reklam yayıcılarına bu sahədə innovativ həllər təklif etməklə bazar iştirakçıları ilə əməkdaşlıq edir. Bununla yanaşı, bəzi hallarda reklam satışı ilə də məşğul olur. Təkcə 2019-cu il ərzində şirkət tərəfindən 25083,69 manat yayım haqqı və 2221,63 manat dövlət rüsumu ödənilib".

    Həmçinin agentlik işçilərin pandemiya dövründə qanunsuz əsaslarla ixtisar olunması məsələsinə də aydınlıq gətirib:

    "İşçilərin işdən kənarlaşması ilə əlaqədar bildiririk ki, pandemiya dövründə şirkətdən 1 nəfər əməkdaş əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq ayrılıb. Əlavə olaraq bildirmək istəyirik ki, şirkət bazar iqtisadiyyatı mühitində fəaliyyət göstərir və bütün saxlanma xərclərini özü təmin edir. Bununla əlaqədar, rəqabətqabiliyyətliyinin yüksəldilməsi və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə şirkət mütəmadi olaraq kadr potensialını gücləndirir. Bu səbəbdən müxtəlif vaxtlarda şirkət əmək müqavilələrinə xitam verməklə yanaşı yeni mütəxəssisləri də cəlb edir”.

    Rubrika.Az yensiabah.az-a istinadla şikayət məktubunu oxucularına təqdim edir:

    "Prezident İlham Əliyevin 2017-ci il sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) yeni fəaliyyətə başladığı zaman bir çox sahibkarlar tərəfindən sevindirici hal oldu. İlk ağıla gələn isə bu qurumun xidməti ilə həm xalqın, həm də ölkə başçısının etimadını doğruldacağı oldu. Amma təssüf... Böyük ümidlər gözlənilən ADRA yarandığı 3 il ərzində bir sıra xoş olmayan hadisələrə, qanunsuz işlərə, hətta bəzi özbaşınalıqlara şahidlik etdi. Bu zamana qədər hadisələr məcrasını hansı istiqamətə dəyişdi bu isə bilinəndir.

    Məlum zaman aralığında müxtəlif reklam agentlikləri reklam yerləri ilə təmin olunması üçün ADRA-ya dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməyiblər. Bu azmış kimi də reklam yerləri olan bəzi şirkətlərin qurğuları səbəbsiz olaraq sökülüb.

    3 illik “stajı”olan bu qurumdan etimad, etibar gözləyən sahibkarlar ADRA-nı publik fiqur kimi ona görə dəstəklədilər ki, reklam bazarına şəffaflıq gələcək, vahid idarəetmə sistemi olacaq. Yəni ki, “qardaş”, “dost-tanış” frazaları aradan qalxacaq, bütün işlər qanun çərçivəsində görüləcək. Hər şey fikirdə və sözdə qaldı. Belə ki, çox keçmədən ADRA-nın nəzdində “İNKOM MMC ” adlı şirkət fəaliyyətə başladı. Bu şirkətin əsas iş prinsipi isə “eksklüziv ovu” oldu. Yəni ki, digər reklam şirkətlərindən fərqli olaraq, reklam yerləri “İNKOM MMC ” yə həvalə edildi.

    Belə ki, Bakının məşhur Nizami küçəsində möhtəşəm və bahalı reklam qurğuları quraşdırılıb. (nümunə olaraq aşağıdakı fotolarla tanış ola bilərsiniz). Bu qurğular isə dodaq uçuqladan qiymətlər hesabına ərsəyə gətirilib. Hansı ki, belə külli məbləğlər digər reklam şirkətlərində yalnız xülyadır. Çünki, təqribi yerləşdirilən 5 qurğunun hər biri 10.000 manat civarı olmaqla, bir ilə 600.000 manat təşkil edir. Burada bir sual yaranır: - Bəs bu qədər pullar hara “axın” edir? “İNKOM MMC” hər reklam yerinə görə dövlətə ödəmə etməli olduğu halda rüsum və yayımlardan niyə yayınır?

    Ölkə iqtisadiyyatına təsir edən ADRA-ya məxsus daha bir şirkət isə “İnnova” İnnovativ Reklamçılıq MMC-dir. Bu şirkət 2018-ci ildə bazara hegemon kimi daxil oldu desək, yanılmarıq.

    “İnnova” reklam bazarında bayraqların monopoliyasına baxır. Yəni “İnnova”nın “icazəsi” olmadan bu işləri həyata keçirmək müşkül məsələdir.

    Hazırda isə şirkətin balansında 20-25 skroller, körpülərdə reklam qurğuları, panolar və s. var. Ancaq “İnnova” bu qurğulara görə ADRA-ya pul ödəmir, bununla da dövlət büdcəsinə daxil olacaq pulları mənimsəmiş olur. Burada dövriyyədə olan məbləğ isə təqribi ayda 50.000-100.000 min arası olmaqla “İNKOM”u üstələyir. Yəni ki, illik ortalama 1.000 000 manat kimlərinsə maraqlarına hesablanır. Bu “Aysberq”in hələ görünən tərəfidir. Görünməyən tərəfləri isə inanırıq ki, Hüquq mühafizə orqanları, Baş prokurorluq, Korrupsiya idarəsi, DTX tez zamanda ifşa edərək, üzə çıxaracaq.

    Unutmayaq ki, preziden İlham Əliyev də haqq olanı və ədaləti dəstəkləyir. Bu kimi qurumların dövləti, xalqı aldatması yolverilməzdir!".

    Rubrika.Az


    Facebook-da paylaş