• Zəfər sərkərdəsi, Azərbaycanın azadlıq müharibəsi və “kontuziyalı” Paşinyan...

    Zəfər sərkərdəsi, Azərbaycanın azadlıq müharibəsi və “kontuziyalı” Paşinyan...

    Dünya həm də gördü ki, Azərbaycanın ən yüksək keyfiyyətlərə malik, qətiyyətli, zəfərlərə imza atan lideri, Ermənistanın isə Paşinyan kimi məzmunsuz, mənasız, avantürist bir baş naziri var

    Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalçı ordusunun təxribatlarına və hücumuna cavab olaraq, əks hücuma keçib. Rəşadətli Ordumuz Qarabağda uğurlu hərbi əməliyyatları davam etdirir. Bugünədək 50-yə yaxın yaşayış məntəqəmiz, o cümlədən Cəbrayıl şəhəri, Hadrut, Suqovuşan qəsəbələri işğaldan azad edilib, bir sıra mühüm strateji yüksəklilər əsgərlərimizin nəzarəti altına alınıb.

    Ali Baş Komandanın iradəsi, qətiyyəti sayəsində və formalaşdırdığı güclü Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar həm də diplomatik müstəvidə də öz əksini tapır, orada da davam etdirilir. Əlbəttə, diplomatik müstəvidə əldə edilən böyük nailiyyətlər də birbaşa Prezident İlham Əliyevin şəxsən özünün uğurlarıdır. Eyni zamanda bu həssas məqamda informasiya cəbhəsində də Prezident İlham Əliyev şəxsən özü liderlik edir.
    Dövlət başçısı gərgin, sıx iş qrafikinə rəğmən hər gün 2-3 xarici telekanala, agentliyə geniş müsahibələr, açıqlamalar verir, habelə dünyanın müxtəlif ölkələrinin tv-lərində canlı yayıma bağlanır. Prezident çox sərrast şəkildə Azərbaycanın tam haqlı mövqeyini izah edir, faktları çatdırır və Ermənistanı, onun başçısını ifşa edir.
    Faktiki olaraq artıq bütün dünya İlham Əliyevin bu konkret faktlara söykənən açıqlamaları, müsahibələri ilə informasiya cəbhəsində də düşmənin arxasını yerə vurub, onların işğalçı dövlət kimi təxribatçılıqla, terrorla məşğul olduğunu bir daha sübuta yetirib.
    Rubrika.Az musavat.com-a istinadən bildirir ki, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “RİA Novosti” agentliyinə müsahibə veriblər. Ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb.

    Azərbaycanın Prezidenti məğrur duruşda, faktlara söykənən açıqlamalarla cavab verərək, Azərbaycanın nə qədər qüdrətli və haqlı dövlət olduğunu təsbitləyirdi. Eyni zamanda Ordumuzun uğurlarından fəxrlə, qürurla danışırdı!

    d4bbf13e1c9b6fc27d4e75ed5c39ab2a.jpg (58 KB)

    Paşinyan isə xaotik baxışlarla, şizofrenlərə məxsus ağız, üz hərəkətləri ilə yalanlar uydurur, avantürist cavablarla özünü gülüş hədəfinə çevirir.

    “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur” sualına cavabında Prezident İlham Əliyev ilk olaraq hərbi əməliyyatların başlama səbəblərini açıqlayır, Ermənistanın dinc – mülki əhaliyə qarşı müharibə apardığını, Azərbaycanın rayon və şəhərlərini bombaladığını konkret faktlarla diqqətə çatdırdı.


    Daha sonra Azərbaycan Ordusunun uğurları barədə danışdı və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdiyini bildirdi. İtkilərə gəldikdə, dövlət başçısı dinc əhalinin statistikanı təqdim edir və hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini söylədi. Və ardınca möhür vuran bir açıqlama verdi: “"Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz"!

    Eyni suala cavabında Nikol Paşinyan isə rabitəsiz, anlaşılmaz cümlələr dilə gətirdi, sanki ya sualı anlaya bilməmişdi, ya da fikri özündə deyildi, nə danışdığını özü də anlamırdı. Bu duurmda aparıcı sualı bir daha izah formasında təkrarladı. Paşinyan yenə də normal bir cavab verə bilmədi, yalnız onu dedi ki, Ermənistanın itkiləri çoxdur. Belə bir güclü ordu ilə üzləşəcəklərini təsəvvür etmədikləri və döyüşlər başlayanda şoka düşdüklərini də onun sonrakı sözlərindən başa düşmək olur.

    O, bunu “XXl əsrdə presedentsiz müharibə” adlandırdı və dərhal da yalanlar sırımağa başladı, guya Ermənistan Türkiyə və Azərbaycanla döyüşür. Nə qədər özünə hörmət etməyən biri olasan ki, gücsüzlüyünü, haqsızlığını, işğalçılıq siyasətini davam etdirmək, müqavimət göstərmək imkanlarının tükəndiyini belə iftiralarlarla ört-basdır etməyə çalışasan...

    Hazırda Ermənistanın uydurmalarından biri də odur ki, guya Azərbacan tərəfdən müharibədə Suriya, Liviyadan gələn muzdlular da döyüşür. “RİA Novosti”də verilən ikinci sual da məhz bununla bağlı oldu.

    Təbii ki, İlham Əliyev Azərbaycan ordusunun böyük potensiala malik olduğunu və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırdı. Bunu isbat edən faktı göstərdi Ali Baş Komandan. Ermənistanın darmadağın edilmiş hərbi texnikasının nümunəsində tam məntiqli şəkildə qeyd etdi ki, muzdlular bunu etmək üçün heç bir kvalikasiya və texniki imkanlara malik deyillər. Azərbaycan terrorla mübarizənin ön cərgələrində gedən dövlətdir və terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına imkan verə bilməz. Bu günə kimi heç kim Azərbaycan tərəfindən muzdluların iştirakına dair heç bir fakt təqdim etməyib. Azərbaycan Prezidentinin qəti və əsaslandırılmış cavabından sonra Paşinyan nala-mıxa vurmağa başladı, nəinki fakt göstərə bildi, əksinə, Əliyevin rəsmi faktlara söykənən arqumentlərinin qarşısında rəzil duruma düşdü: Təsəvvür edin, dövlət başçısı özünü şayiə yayan ara adamları obrazına salaraq, saxta sosial şəbəkələrdəki kollajlara – hansı ki, onlar uzun illər öncə Suriyada, Liviyada çəkilib - istinad edir, fake məlumatları səsləndirir. Nə qədər qeyri-ciddi adam olasan ki, bu həddə enəsən...

    Özünü vəziyyətdən çıxarmaq üçün növbəti bphtankara başlayır: Avantüra xarakterli cavabında Paşinyan Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürür, Türkiyə amilini artıq “sübut olunmuş fakt” kimi təqdim edir.

    Paşinyanın niyə belə yalanlara əl atmasının səbəbi də sirr deyil: Ermənistan məğlub olur, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və artıq Ermənistan daxilində paralel olaraq iğtişaşlar da gözlənilir. Belə vəziyyətdə Paşinyan Türkiyə amilini uydurur, bununla həm daxili auditoriyanı aldatmağa çalışır ki, guya məğlub olmalarının səbəbi budur. Həm də belə həyasızlıqla müəyyən güclərin diqqətini cəlb etməyə çalışır.

    İlk gündən sirr deyil ki, məğlubiyyətə uğrayan Ermənistan müharibənin coğrafiyasını genişləndirməyə, müxtəlif təxribatlarla prosesə üçüncü tərəfləri cəlb etməyə çalışır. Bunun üçün hər cür təxribata gedirlər və artıq bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ordubad rayonuna da raket atıblar. Bununla çalışırlar ki, Azərbaycan ordusu həmin atəş nöqtəsini vursun, sonra da haray salsınlar ki, guya Azərbaycan Ermənistanı vurur, KTMT işə qarışsın. Bu dərəcədə eybəcər bir məğlubiyyət yaşayır Paşinyan və bütövlükdə Ermənistan...

    Tərəflərə verilən üçüncü sual isə oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmada baza prinsipləri ilə bağlı oldu. Xahiş edildi ki, bu prinsipləri, onları necə başa düşdüklərini açıqlasınlar...

    Prezident İlham Əliyev qısa şəkildə həm baza prinsiplərinin işlənmə tarixçəsi, həm də onun mahiyyəti barədə məlumat verdi. Aydın şəkildə izah etdi ki, bu prinsiplər Ermənistanın əvvəlki rəhbərliyi ilə danışıqlar prosesində işlənib hazırlanıb. Paşinyan hakimiyyətə gələndən sonra isə görülmüş bütün işlər kənara qoyuldu, danışıqların formatının dəyişdirilməsinə cəhd göstərildi və ümumiyyətlə danışıqlar prosesinə böyük zərbə vuruldu. Bundan başqa, Ermənistanın yeni hakimiyyəti aqressiv ritorika ilə heç bir güzəşt olmayacağını bəyan etdi və açıq şəkildə yeni işğal planlarını reallaşdırmağa başladı.
    Olduqca açıq danışan, heç bir manevr etmədən danışan Azərbaycan Prezidentinin yüksık natiqlik, usta diplomat, dünya miqyaslı siyasi lider obrazını, konkret, punktual bir Zəfər sərkərdəsi olduğunu nümayiş etdirdi.


    Paşinyan isə aciz görkəmə düşərək, Azərbaycan Ordusunun apardığı əməliyyatlarda, müharibədə kontuziya almış şəxs təsiri bağışlayaraq sualdan yayındı, çünki Ermənistanın özünün də razılıq verdiyi danışıqların detalları münaqişənin mərhələli həll variantını, 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və son mərhələdə Dağlıq Qarabağın satatusu məsələnin həllini nəzərdə tutur. Paşinyan bu həqiqətləri dilə gətirə bilmir və buna görə də sualdan ümumi cavablarla yayınır. Necə etiraf etsin ki, bütün variantlarda Ermənistan haqsızdır, işğalçıdır və istər danışıqlarda, istərsə də döyüşdə Azərbaycanın torpaqlarından çıxmalıdırlar...
    4-cü sual isə belə oldu: “Əgər kompromisslər haqqında danışsaq, siz hansı kompromisə hazırsınız? Elə bir xətt varmı ki, siz heç bir halda onu keçməyəcəksiniz?”.
    Cənab Əliyev bu suala da olduqca təmkinlə cavab verdi, Azərbaycanın prinsiplərinin dəyişməz olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev aydın şəkildə izah etdi ki, Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırdı ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması təmin edilməlidir. İlham Əliyev Azərbaycanın digər yaşayış məntəqələrində, Rusiyada, Gürcüstanda bu nümunələrin olduğunu göstərdi və nəyə görə eyni vəziyyətə Dağlıq Qarabağda nail olmağın mümkün olmadığını sual etdi.
    Beləliklə, İlham Əliyev nəinki müharibədə qələbəni qarşıya məqsəd qoyub, hətta artıq böyük qələbədən sonra görüləcək işləri, atılacaq addımları da planlaşdırıb. İlham Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açdı və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif etdi.
    Paşinyan isə yenə də xaotik baxışlar və qeyri-adekvat davranışları ilə aparıcını sualı 3 dəfə təkrarlamaq məcburiyyətində qoydu. Yalnız heç bir məntiqi, əsası olmayan “xalqların öz müqəddəratını təyin etməsi prinsipi” ətrafında danışdı və beləliklə aydın oldu ki, o, ümumiyyətlə danışıqlar masasında müzakirə etməyə hazır deyil, bütün variantları kənara atıb və yalnız təxribatçılıqlarla məşğul olur. Bununla isə o, faktiki olaraq Ermənistanı indiki məhv durumuna salmış olur...
    Nəhayət, aparıcı 5-ci sualını verir: “Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiz. Tarixdə necə qalmaq istəyərdinz?”

    Əliyev əlbəttə bir zəfər sərkərdəsi kimi, bu suala həm də şəstlə, qürurla cavab verir: “Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçünsə bu işğalçı müharibədir”!

    Daha sonra prezident bunu ən incə detallarınadək izah edir. Eyni zamanda bu müharibədə tərəflərin fərqini əsaslandırır: “Fərq bundadır ki, Azərbaycan əsgəri öz torpağında və bu torpaq uğrunda həyatını qurban verir, Ermənistan əsgəri isə onun hakimiyyətinin işğal altında saxladığı başqa ölkənin ərazisində ölür”.
    Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür. Bu suala cavabı rəyini rəhbər tutduğu və iradəsini ifadə etdiyi xalq verə bilər.
    Paşinyan isə bu suala cavab verə bilmir... Bu sualdan yayınaraq, yenə də qayıdır Türkiyə ilə bağlı uydurmalara, yalanlara, böhtanlara...
    Yəqin ki, indiyədək dünya belə bir uydurmaçı dövlət rəhbəri görməyib...

    Bu debata MDB coğrafiyasında milyonlarla insan baxdı. Və hər kəs də gördü ki, Azərbaycan necə bir gerizəkalı lideri olan terrorçu dövlətlə döyüşür. Dünya həm də gördü ki, Azərbaycanın ən yüksək keyfiyyətlərə malik, qətiyyətli, zəfərlərə imza atan lideri, Ermənistanın isə Paşinyan kimi məzmunsuz, mənasız, avantürist bir baş naziri var.

    Terrorçuluq, işğalçılıq siyasətini daim priroritet seçən Ermənistan dövləti Paşinyan kimi birinin idarəçiliyində daha da eybəcərləşib, təhlükəli olub.
    Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycanın Şanlı Ordusu bu təhlükəni önləməkdə, düşmənə, işğalçıya, terrorçuya öz yerini göstərməkdədir...
    Paşinyan isə öz qeyri-ciddiliyində və avantürasında nə qədər istəyir, davam etsin.

    Rubrika.Az


    Facebook-da paylaş