• Qərbdən Ankaraya yeni qərəzli yanaşma və hücum

    Qərbdən Ankaraya yeni qərəzli yanaşma və hücum


    Türkiyə lideri deyib ki, ölkəsini Avropanın ayrılmaz bir hissəsi kimi görür, amma hücumlara təslim olmayacaq


    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı üzvlüyünə rəsmi namizəd olan ölkəsini Avropanın ayrılmaz bir hissəsi kimi gördüyünü, ancaq hücumlara və ikili standartlara təslim olmayacağını deyib.

    “Yeni Müsavat”ın verdiyi xəbərə görə, Ərdoğan ölkəsinə və xalqına qarşı açıq hücumlara, ədalətsizliyə və ikili standartlara baş əymək fikrində olmadıqlarını açıqlayıb.

    Məlumdur ki, Türkiyənin Aralıq dənizinin şərq hissəsindəki qazma fəaliyyətləri Türkiyə ilə Aİ arasında gərginlikləri artırıb.

    Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell bu ay Türkiyənin Kiprlə bağlı ritorikasının da qurumla gərginliyi artırdığını və Ankaranın davranışı ilə blokdan “ayrılığını genişləndirdiyini” anlamalı olduğunu deyib.

    Almaniya kansleri Angela Merkel isə Avropa İttifaqının dekabrda keçiriləcək növbəti zirvə görüşündə Türkiyənin Aralıq dənizindəki mübahisəli sularda təbii qaz axtarışına başlamasının müzakirə ediləcəyini bildirib.

    Ərdoğan “ölkələr və ya təşkilatlarla siyasət, dialoq və danışıqlar yolu ilə həll edilməyəcək problemimiz olduğuna inanmırıq” deyib.

    O əlavə edib ki, Aİ miqrant problemi və Türkiyənin blokun həqiqi üzvlüyü ilə bağlı verdiyi vədlərə əməl etməlidir.

    Əslində Qərblə Türkiyə arasında yaranan bu gərginliyin əsas səbəbkarı Avropadır. Avropa Birliyi Türkiyəni alternativlər axtarmağa vadar etdi.

    Bu, Türkiyənin gücünü göstərmək imkanları yaratdı. AB Türkiyəni sıxmağa çalışdıqca, Ərdoğan daha böyük güclə meydana çıxır. Nəticədə Ankara daha geniş coğrafiyalara, əməkaşlıqlara açılmaq qərarına gəlir.

    Türkiyənin Rusiya ilə münasibətlərinin yaxınlaşması da məhz Qərbdən olan təzyiqlərin nəticəsidir.

    Ərdoğan dünyada qüdrətli bir lider kimi özünü təsdiqləmiş siyasətçidir və təzyiqlər qarşısında necə duruş gətirmək lazım gəldiyini yaxşı bilir.

    O baxımdan Türkiyə ilə Aİ arasında münasibətlərin gələcəyinin necə olacağı hələlik dumanlı görünür.

    Azad Məsiyev: “Aİ Türkiyəni küncə sıxırsa, əvəzində Türkiyə-Rusiya-Azərbaycan əlaqələri yeni inkişaf platforması yarada bilər”
    Politoloq Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə NATO üzvüdür, dünyada demokratik dövlətlərdən biridir: “Hətta demokratiyasına görə Avropaya nümunə olacaq ölkədir.

    Amma çox təəssüf ki, Avropa Birliyində olan dövlətlər onun bu qurumda üzvlüyündə maraqlı olmadılar, hətta terrorla üz-üzə qoydular, ölkədə dövlət çevrilişi cəhdlərinə rəvac verdilər, onu təklədilər.

    Amma bütün bunlar Türkiyənin əzmini qıra bilməz, qardaş ölkənin müstəqil siyasəti var və Ankara Avropa Birliyi ilə təması da qırmır".

    A.Məsiyev hesab edir ki, buna rəğmən Aİ Ankaranı küncə sıxmağa davam edir, ögey münasibət göstərir: “Biz bunu Fransa, Almaniya və Yunanıstanın timsalında daha aydın görə bilərik.

    Ankara istəyər ki, Avropa Birliyi ilə yaxınlaşsın. Amma qonşuları ilə də münasibət saxlamaqda maraqlıdır.

    Türkiyə ilə Rusiyanın Suriyada, Liviyada, eləcə də Qarabağ məsələsinin həllində birgə əməkdaşlığını görə bilirik.

    Hesab edirəm ki, Fransanın Türkiyəyə aqressiv münaibəti Avropa Birliyindən qaynaqlanır, qardaş ölkəni öz “ailə”sində görmək istəmir.

    Lakin Türkiyə-Rusiya-Azərbaycan əlaqələrinin inkişafı gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmağa, türkdilli ölkələrin də inkişafına gətirib çıxara bilər.

    Çünki türkdilli ölkələr Rusiyanın təsir dairəsində olan dövlətlərdir, bu ittifaqın yaranması regionda yeni inkişaf platforması yarada bilər".

    Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

    Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Qərb Türkiyə ilə sona qədər “soyuq müharibə” apara bilməz:

    “Türkiyə ABŞ-ın müttəfiqidir və Qərbin bu ölkə ilə münasibətləri pisləşdirməsi Vaşinqtonu qane edə bilməz. Avropa İttifaqı Ərdoğana təzyiqlər göstərməklə Türkiyəni Rusiya ilə daha da yaxınlaşdırır.

    Artıq yeni dünya nizamı yaranmaqdadır və istər Qərb, istər ABŞ hesablayır ki, kim hansı strateji seçimi etməkdədir.

    Yeni düzəndə Türkiyəni küncə sıxışdırmaq, onu itələmək və özündən izolyasiya etmək Avropanın başında çatlaya bilər. Hər halda, Merkelin çıxışından da görünür ki, Türkiyə ilə danışıqlar aparmaq lazımdır".

    R.Məmmədova hesab edir ki, yeni gərginlik Yunanıstana görədir və Türkiyənin Aralıq dənizində qazma işlərində heç bir qanunsuzluq yoxdur. Onun fikrincə, Fransa və Yunanıstanın ermənipərəst siyasəti də Türkiyə ilə olan gərginliklə bağlıdır.

    Rubrika.Az


    Facebook-da paylaş