• “Azərişıq” ASC-də dövlətin pulu belə xərclənir-Tendersiz satınalmalar, açıqlanmayan səbəblər

     “Azərişıq” ASC-də dövlətin pulu belə xərclənir-Tendersiz satınalmalar, açıqlanmayan səbəblər

    Büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək "Azərişıq" ASC-nin vəzifələrindən biridir

    “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) azsaylı qurumlardandır ki, ünvanına xoş sözlərdən daha çox, vətəndaş narazılığı, şikayətlər dolanır. İnternet üzərindən bir axtarış etmək yetər ki, “Azərişıq”ASC ilə bağlı saysız şikayətlərin, faktlar sadalanan tənqidi yazıların şahidi olasan. Həm də, necə? Şikayətlər hansısa bölgə, yaxud şəhərlə məhdudlaşmır...Az qala ölkənin hər bir kəndini, hər bir küçəsini əhatə edir.

    Bu ilin əvvəlində-yanvarın 7-də Vüqar Əhmədovun “Azərişıq”ASC-nə sədr təyinatı da cəmiyyətin gözləntilərini doğrultmur kimi görünməkdədir. Fakt odur ki, bir ilə yaxın Vüqar Əhmədov rəhbərliyi dönəmində də bu qurumla bağlı vətəndaş şikayətləri, korrupsiya iddiaları səngimədi.

    Elə yaxın günlərdə paytaxtın Səbail rayonu 20-ci sahə ərazisində yaşayan sakinlər də “Azərişıq” ASC-dən şikayət edibər. Ərazidə yaşayan sakinlər deyir ki, qurumun 20-ci sahəyə baxan ərazi üzrə əməkdaşı onlardan müəyyən məbləğdə pul alaraq, qeyri-qanuni xətlə elektrik verib. Bir neçə ay qeyri-qanuni xətdən istifadə etdikdən sonra qurum əməkdaşı ödənişin məbləğini artırıb, bu isə sakinləri qane etməyib... (Bu likdən oxuya bilərsiniz: https://arantv.az/?p=243136)

    Tendersiz satınalmalar...

    İndi isə “Azərişıq” ASC ilə bağlı yenixeber.org-a fərqli məlumatlar daxil olub. Fərqli dedikdə... söhbət büdcə vəsaitinin bəlli qanunlardan fərqli xərclənməsindən gedir. “Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən...

    HAŞİYƏ: “Dövlət Satınalmaları Haqqında” qanunun ilk iki cümləsində deyilir: Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, yəni Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər və qrantlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericilikdə dövlət vəsaitinə aid edilən digər vəsaitlər hesabına

    satınalmalar Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüququ və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

    ***

    Dövlət satınalmaları ilə bağlı mediada demək olar ki, günaşıra yazılır. Şübhəsiz ki, bu da səbəbsiz deyil. Baxmayaraq ki, dövlət satınalmaları ilə bağlı qanunda bütün detallar incəliklə yer alır, amma bu istiqamətdə söz-söhbətlər, problemlər azlmır ki, azalmır. Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin də iradları və tövsiyələri də unudulası deyil... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

    Yenixeber.org-a daxil olan məlumata görə Dövlət Elektrikpaylayıcı Şirkəti olan “Azərişıq” ASC satınalma tenderi keçirmədən son iki ayda üç şirkətlə müqavilə bağlayıb: 20.10.2020-cil il tarixdə “ZZ Procurement” MMC ilə plastik boruların alınması ilə bağlı dəyəri 47760 manat olan, 23.10.2020-cil tarixdə “NET Elektrik” MMC ilə generatorların alınması ilə bağlı dəyəri 436723 manat olan və 12.11.2020-cil tarixdə “LUBRİSTAR” MMC ilə sintetik yağların alınması ilə bağlı dəyəri 352255 manat olan müqavilələr.

    Bu malların alınması barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,..."Azərişıq" ASC bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

    "Azərişıq" ASC həm də alınan malların sayı və miqdarını açıqlamır. Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək "Azərişıq" ASC-nin vəzifələrindən biridir. Bunun əksi olanda isə saysız suallar meydana çıxır. Həm də haqlı olaraq. Axı hər bir Azərbaycan ailəsi elektrik enerjisinin istehlakçısıdır. Aybaay “uşağının boğazından kəsib” "Azərişıq" ASC-nə pul ödəyir.

    ***

    Biz bu və digər faktorlara aydınlıq gətirmək məqsədi ilə bütün tərəflərin mövqeyini öyrənmək istədik. “LUBRİSTAR” MMC-nin internet üzərindən əlaqə kordinatlarını tapa bilmədik(?) Böyük məbləğdə dövlət vəsaitinə iddialı bir şirkətin internet üzərindən əlaqə vasitələrinin olmaması da müəyyən şübhələrə yol açır... “ZZ Procurement” MMC-nin isə saytındakı bir mobil telefon nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı(?) “NET Elektrik” MMC-nin isə elektron poçtuna sorğu da ünvanladıq, telefonla da danışa bildik. Sorğumuzu cavablandıracaqlarına söz versələr də, olmadı.

    Bu arada maraqlısı "Azərişıq" ASC-nin reaksiyası, daha doğrusu susqunluğu oldu. Qurumun elektron poçtuna bu ayın 13-də ünvanladığımız sorğumuza hələ də cavab gözləməkdəyik. Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə bir neçə dəfə telefonla danışa bilsək də, nəticə olmadı.

    Bunun adı nə? Mətbu sayqısızlıqmı, yoxsa verilcək cavabın yoxluğu,... bilə bilmədik. Ümüd edək ki, bundan sonra tərəflərin məsələyə aydınlıq gətirməsi ilə qarşıdakı günlərdə növbəti yazını hazırlaya biləcəyik.(yenixeber.org)

    Rubrika.Az


    Facebook-da paylaş