Suqovuşanda şəhid olan Ziya Atanın son sözü: “Atam bilməsin...“
44 günlük müharibə başa çatsa da, qəhrəman Azərbaycan əsgərinin göstərdiyi şücaət hələ də dillər əzbəridir. Bu qəhrəmanlıqdan yəqin ki, çox danışılacaq. Qələbəmiz nəsillərdən nəsillərə ötürüləcək. Bu qəhrəmanlıq dastanının ərsəyə gəlməsində əvəzsiz rolu olanlardan biri də şəhid Əliyev Ziyadxan İbrahim oğludur.
Rubrika.Az bildirir ki, əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan Əliyev (sosial şəbəkələrdə Ziya Ata kimi tanınırdı)12.01.1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində dünyaya göz açıb. Bəli, yaşasaydı, bu gün onun 24 yaşı olacaqdı. Ziyadxan 2014-cü ildə Azərbaycan Texniki Universitetinin Avtomatika mühəndisliyi ixtisasına qəbul olub. 2018-ci ildə ali təhsilini başa vurub. Lakin səhhətində problem olduğu üçün əsgər getməsi bir qədər ləngiyib.
Anası Müşkünaz Həziyevanın sözlərinə görə, ona müalicə aldıqdan sonra hərbi xidmət üçün müraciət etməli olduğunu bildiriblər:
“Oğlum bir il müalicə aldı, daha sonra Cəbrayıl rayon hərbi komissarlığından hərbi xidmətə yollandı. 2019-cu ilin oktyabrın 24-ü o artıq hərbi xidmətdə idi. Oğlumu əvvəl Bərdə korpusuna, daha sonra isə Mingəçevirə göndəriblər. Elə oradan da sentyabrın 27-i müharibə başlayan kimi cəbhəyə yollanıb. Əgər dinc dövr olsaydı, oktyabrda oğlumun hərbi xidməti başa çatacaqdı”.
Ziyadxan cəbhəyə təzə yollanana zaman ailəsinə bu barədə məlumat verməyib. Sentyabrın 25-i o, bacısı ilə danışıb. Bacısı ondan döyüşdə olub-olmadığını soruşanda olmadığını deyib. İnandırıcı olmaq üçün isə bacısına əvvəlcədən təlimdə olan bir şəklini göndərib. Müşkünaz ana isə oğlu ilə o, şəhid olmadan bir gün əvvəl danışıb:
Oğlum çox vətənpərvər və savadlı idi. Sentyabrın 31-i axşam saat 4-də bizə zəng vurdu. Atası ilə biraz danışdıqdan sonra məni telefona çağırdı. Onda mənə, “Ana, atam bilməsin, narahat olar, şəkəri qalxar, mən döyüşdəyəm, çalışacam özümü qoruyum, amma əgər şəhid olsam, ağlama”,-dedi. Son sözü elə bu oldu. Mənim özüm də təzyiq xəstəsiyəm, hər ikimiz dərmanla yaşayırıq, həmin vaxt Ziyadxan bizdən dərmanlarımızı qəbul etməyimizi istədi. Mən ondan dəqiq harada olduqlarını soruşmaqdan qorxdum, birdən onların ziyanına olar deyə düşündüm”.
Müşkünaz xanım bir pedaqoq kimi hələ uşaq yaşlarından övladlarına Qarabağ sevgisi aşılayıb:
“Oğlum döyüşə getmədən əvvəl də Qarabağ haqqında məlumatlıydı. Qarabağ bizim yaralı yerimiz olub. Əgər biz torpağımızın təbliğatını aparmasaq, həmişəlik itirə bilərdik. O torpaq unudulmasın deyə, təkcə Soltanlının yox, Laçının, Şuşanın, o torpaqların hamısının bizim evdə sözü gedirdi. Son danışığımızda oğluma bir sözüm o oldu ki, Allah səni və dostlarını qorusun! Mən həmişə öz övladımla yanaşı digərləri üçün də dua oxuyurdum. Amma elə oldu ki, oğlum oktyabrın 1-də Suqovuşan uğrundu gedən döyüşlərdə şəhid oldu. Hər valideyn övladı haqqında xoş sözlər deyər. Ancaq həqiqətən, mübaliğəsiz deyə bilərəm ki, oğlum üçün bütün kənd göz yaşı tökür. Elə tərbiyəli, mədəni övlad idi ki...”.
Ziyadxanın ailəsi hazırda Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayır. Söhbətimiz zamanı şəhid anası ilk gündən həm kənd camaatının, həm də ölkənin rəhbər şəxslərinin onlara xüsusi qayğı göstərdiyini dedi:
“Prezident oğlumu “Vətən uğrunda” və “Suqovuşan uğrunda” medalı ilə təltif etdi. Cəbrayıl və Kürdəmir rayonunun bütün rəhbər şəxsləri bizə xüsusi qayğı göstərir. Mən deputatımız Ceyhun Məmmədova da dərin təşəkkürümü bildirdim. Ceyhun müəllim heç vaxt bizi unutmur, həmişə qayğılarımızla maraqlanır. Heydər Əliyev Fondundan, Müdafiə Nazirliyindən hər cür qayğı göstərilir. Bizim maddi baxımdan heç kimdən şikayətimiz yoxdu. Biz çətinlik də görmüşük, amma övladlarımıza təhsil vermək üçün çalışmışıq. Şəhid unudulduqda ölür. Bizim tək istəyimiz övladımızın unudulmamasıdır”.
Bildirək ki, şəhidimiz Kürdəmir rayonunda dəfn edilib.
İgid əsgər, Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın!
Rubrika.Az
Facebook-da paylaş