• Putin Ermənistanı niyə qurban verdi: "Erməni xəyalları"nı dəfn edən Kreml sahibi Azərbaycanın regional perspektivlərini seçdi

    Putin Ermənistanı niyə qurban verdi: "Erməni xəyalları"nı dəfn edən Kreml sahibi Azərbaycanın regional perspektivlərini seçdi

    Kremldə anlayırlar ki, ermənilərin "strateji müttəfiqlik" sayıqlamaları Rusiyaya heç bir fayda vermir, əksinə, zərər vurur, problem yaradır...

    Prezident Vladimir Putin geniş və hərtərəfli inkişaf perspektivləri olan Cənubi Qafqazda Azərbaycanla, eləcə də, rəsmi Bakının strateji müttəfiqi Türkiyə ilə siyasi, iqtisadi, ticari və s. əlaqələrin Rusiyaya ehtiyac duyulan maliyyə-iqtisadi qaynaqları təmin edə biləcəyinin fərqindədir...
    Azərbaycan və Rusiyanın Cənubi Qafqazın gələcəyi ilə bağlı ortaq hədəflərinin paralelində Ermənistan sadəcə, "regional yamaq" statusunda qalmış kimi görünür...
    Moskva görüşü tarixə çevrildi. Ancaq nəticələri Cənubi Qafqaz üçün yeni tarixin yazılmasına münbit şərait yaratdı. Və bundan sonra Cənubi Qafqazın əsas münaqişəsinin son 30 il ərzində bir çox regional fəlakətlərə yol açmış "qara izləri" məhz Moskva görüşündə əldə olunmuş nəticələrin sayəsində tədricən silinməyə başlayacaq.

    Ümumiyyətlə, Moskva görüşü Cənubi Qafqaz üçün tarixi bir hadisəyə çevrildi. Bu tarixi görüşün yekun nəticələri hələ uzun müddət müzakirə və təhlil olunacaq. Regionda cərəyan edəcək geopolitik proseslərdə bu görüşün nəticələri əsas müəyyənedici şərtlərə çevriləcəyindən bu, qaçılmazdır.

    Əvvəlcə onu qeyd etmək lazımdır ki, Moskva görüşündə elan edilən bəyanat əsasən 10 noyabrda imzalanmış Ermənistanın kapitulyasiya sənədindən qaynaqlanır. Həmin sənədi "ana bəyanat" hesab etsək, Moskva görüşündə imzalanmış üçtərəfli bəyanat onun törəməsidir.

    "Ana bəyanat"da da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir eyham belə, yoxdur. Moskva görüşündə də status mövzusu gündəmə gətirilmədi. Və bununla da "erməni xəyalları" həmişəlik dəfn olundu.

    Xatırlayırsınızsa, savaşın ilk günlərində Ermənistanın hərbi dairələri Azərbaycana qarşı "gorbagor əməliyyatı"na başladıqlarını bəyan edirdilər. Onların "əməliyyatı" hər halda, nəticəsiz qalmadı. Amma əks nəticə verdi. Yəni, Dağlıq Qarabağın statusu ilə bağlı "erməni xəyalları" gorbagor oldu.

    Bu baxımdan, Moskva görüşündə əldə olunmuş nəticələr Azərbaycan Prezidenti İlham Əliyevin siyasət, diplomatiya və geopolitik sahəsində tarixi zəfəridir. Bunu inkar etmək, görməzdən gəlmək, daha yumşaq desək, ən azından ədalətsizlik olardı.

    Məsələ ondadır ki, "ana bəyanat"da olduğu kimi, son bəyanatda da Dağlıq Qarabağın statusu ilə bağlı bir cümlə, hətta buna dolayısı eyham belə, yoxdur.

    Rusiya prezidenti Vladimir Putin növbəti dəfə öz mövqeyinə, vaxtilə dilə gətirdiyi açıqlamalara sadiq qala bilən ciddi siyasət xadimi olduğunu sübut etdi. "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" geopolitik tezisinə müəlliflik edən Kreml sahibi 10 noyabr anlaşmasının uğurla yerinə yetirildiyini vurğuladı və onun icrasına hər hansı təhlükə olmadığını vurğuladı. Və bu, daha heç nəyin əvvəlki kimi olmayacağı, "erməni xəyalları"nın üzərinə Kremldə torpaq atıldığı anlamına gəlir.

    Maraqlıdır ki, Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Kreml sahibi V.Putinin tamamilə anlaşma içərisində olduqları, eyni mövqedən çıxış etdikləri sezildi. Azərbaycan Prezidenti də münaqişəsinin artıq arxada qaldığını vurğuladı: "Əminəm ki, Ermənistan 10 noyabrda imzalanmış anlaşmanı təftiş etməyəcək".

    Belə anlaşılır ki, Azərbaycan və Rusiya liderlərinin gələcəyə yönəlik önəmli ortaq və qarşılıqlı faydalı hədəfləri formalaşmağa başlayıb. Belə ki, hər iki dövlət lideri konkret və proqmatik mövqe ilə diqqət çəkirlər. Yəni, münaqişə artıq bitib, indi yalnız irəliyə baxmaq, kommunikasiyaların açılması və regionun inkişafı haqda düşünmək lazımdır.

    Əslində, bu, qətiyyən təəccüblü deyil. Kremldə artıq ermənilərin "Strateji müttəfiqik..." sayıqlamaları dəbdən düşmüş kimi görünür. Rusiya müttəfiqlik də daxil olmaqla, bütün istiqamətlər üzrə münasibətlərdən necə faydalana biləcəyini düşünür.

    Kremldə anlayırlar ki, ermənilərin "strateji müttəfiqlik" sayıqlamaları Rusiyaya heç bir fayda vermir, əksinə, zərər vurur, problem yaradır. Və Rusiya artıq bu "strateji müttəfiqlik" şantajından xilas olmağa, onilliklər boyu ciynində daşıdığı faydasız "erməni yükü"nü bir kənara atmağa çalışır.

    Bunun əvəzindəsə, Rusiya Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə artıq birbaşa maraqlıdır. Artıq Kremldə anlayırlar ki, Rusiya-Azərbaycan münasibətlərinə böyük dövlət-kiçik dövlət formulu üzrə baxılması zərərlidir və zamanı çoxdan keçib. İndi ikitərəfli, bərabərhüquqlu və qarşılıqlı faydalı məsləhətlər daha sərfəlidir. Ona görə də, Kreml geniş və hərtərəfli inkişaf perspektivləri olan Cənubi Qafqazda Azərbaycanla, eləcə də, rəsmi Bakının strateji müttəfiqi Türkiyə ilə siyasi, iqtisadi və ticari əlaqələrin Rusiyaya ehtiyac duyulan maliyyə-iqtisadi qaynaqları təmin edə biləcəyinin fərqindədir.

    Maraqlıdır ki, prezident V.Putin Azərbaycanın dövlət başçısı ilə özəl görüşdən sonra bu məqamı xüsusi olaraq, qabartmaqdan özünü saxlaya bilmədi. Belə ki, Kreml sahibi Cənubi Qafqazda münaqişəsinin tam nizamlanmasından sonra Rusiya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə daha da inkişaf etdiriləcəyinə ümid bəslədiyini vurğuladı. Və bu, Cənubi Qafqaz üçün dinc inkişafın təminatı rolunu oynaya biləcək yeni regional reallıqlara bağlı hədəf kimi görünür.

    Onu da qeyd edək ki, Azərbaycan və Rusiyanın Cənubi Qafqazın gələcəyi ilə bağlı ortaq hədəflərinin paralelində Ermənistan sadəcə, "regional yamaq" statusunda qalmış kimi görünür.

    Elə Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın statusundan danışarkən, Kreml sahibinin reaksiyası bir çox mətləblərdən xəbər verir. Belə ki, qulağına "status" kəlməsi dəyən prezident V.Putin baş nazir Nikol Paşinyana tərəf çevrilərək, qınayıcı tərzdə nəzər salmaqdan özünü saxlaya bilmədi. Kreml sahibi öz baxışları ilə sanki "Bu adam nə danışır? Heç hənanın yeridir?" demək istəyirdi.

    Halbuki, erməni baş nazir "status"dan danışarkən, o qədər inamsız görünürdü ki, dediklərinin mənasız və yersiz olduğunu özünün də anladığı hiss edilirdi. Böyük ehtimalla baş nazir Nikol Paşinyan "status" kəlməsinin Cənubi Qafqazın geopolitik leksikonundan həmişəlik çıxarıldığını anlamamış deyildi. Və sonuncu dəfə bu kəlməni səsləndirmək şansını sınaqdan çıxartmaqla, "erməni tarixi"nə düşməyə cəhd etdi.

    Baş nazir N.Paşinyanın "Ermənistan Dağlıq Qarabağ məsələsini ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirəyə hazırdır" cümləsi isə yaxın gələcəyin siyasi lətifələri üçün qaynaq olacaq. Yəqin ki, bu cümlə bundan sonra onun Moskvaya necə qaçaq statusunda getməsi və eyni şərtlər altında da qayıtması barədə əyləncəli rəvayətlərdə istifadə ediləcək.

    Çünki, Dağlıq Qarabağın statusu kimi, Minsk Qrupunun da gorbagor olduğunu anlamayacaq qədər ağılsız ola bilməz. Hər halda, heç olmasa, özü ilə eyni sırada dayanan iki dövlət liderinin kimliyinə baxdıqda, bunu asanlıqla anlaya bilərdi.

    Deməli, baş nazir Nikol Paşinyanın dərdi əslində, Dağlıq Qarabağın statusu və ya Minsk Qrupu ilə bağlı deyildi. Böyük ehtimalla həmin anlarda erməni baş naziri Ermənistana hansı yolla qayıtmağın mümkün ola biləcəyi daha çox narahat edirdi.

    Əlbəttə, baş nazir Nikol Paşinyan yəqin ki, Ermənistana çətinliklə, narahatlıq içərisində olsa da, gedə bilib. Ancaq indi o da, elə digər ermənilər də daha çox Ermənistanın gələcək taleyi barədə düşünməyə məcbur qalacaqlar. Çünki, Moskva görüşü Ermənistan üçün cəmisi iki seçim yolu buraxıb. Ya Cənubi Qafqazın inkişaf layihələrinə qatılıb, dinc qonşuluq şəraitində yaşayacaqlar. Ya da Cənubi Qafqazda "geopolitik yamaq" statusunda uzun müddət davam gətirə bilməyəcəklər, adına Ermənistan dövləti dedikləri uydurma qurumu da itirəcəklər.

    Hər halda, Moskva görüşünün nəticələri Kremlin Ermənistanı əlinin tərsiylə kənara itələyib, qurban verdiyini göstərdi. Çünki, Kremlin "gözlər"ini indi artıq Cənubi Qafqazın inkişaf perspektivlərindən və Azərbaycan ilə daha sıx əməkdaşlıqdan qazanacağı mənfəətin parıltısı qamaşdırmağa başlayıb.

    Ona görə də, artıq yeni geopolitik şərtlərin tələblərindən doğru-düzgün, proqmatik nəticələr çıxarmağın vaxtıdır. Ermənistan cəmiyyəti üçün içi boş, sərsəm "erməni xəyalları"ndan dərhal ayılıb, qısa müddətdə realist olmağı öyrənmək lazım gələcək.

    Elçin XALİDBƏYLİ,
    Siyasi ekspert,


    Facebook-da paylaş