• 27 sentyabrdan başlayan yeni tarix və qələbəmizi hələ də həzm edə bilməyənlər...

    27 sentyabrdan başlayan yeni tarix və qələbəmizi hələ də həzm edə bilməyənlər...

    27 sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük zəfərlə nəticələnən Vətən müharibəsinin başladığı günün ildönümünə sayılı günlər qalıb. Əlbəttə ki, ağlasığmaz dərəcədə qısa bir müddətdə əldə edilən bu tarixi qələbə ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Bu qələbə həm də Azərbaycan xalqının 30 il əvvəl əzilmiş qürurunu, əzmini geri qaytarmış oldu.

    Bu gün Azərbaycan xalqı torpaqlarının işğaldan azad olunmasının sevincini, qürurunu yaşayır. Müharibə bitər-bitməz Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə sürətli quruculuq işləri, infrastrukturların qurulması işinə başlayıb. Ərazilər minalardan təmizləndikcə və infrastrukturlar qurulduqca torpaqların əsl sakinləri o bölgələrə səfər edir, otuz illik həsrətlərinə son qoyurlar. Bütün bunlarla yanaşı, qələbəmizi hələ də qəbullanmayan, “mız qoyan” bir ovuc adam var ki, zaman-zaman öz neqativ fikirləri ilə bu qələbəyə “kölgə salmağa” çalışır.

    Tanınmış telejurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, 44 günlük müharibə, İkinci Qarabağ savaşı bizim hər birimizin taleyindən qırmızı xətlə keçib: “Müharibə başlayandan sona qədər nikbinlik, gözləntilər davam etdi. Həmin vaxt bütün sinirlərimiz, ürək döyüntülərimiz Qarabağla bağlı idi. Qeyd edim ki, müharibənin başlaması xəbərindən tutmuş sona qədər bütün xəbərlərin hər biri əhəmiyyətli olub. Təbii ki, onların arasında məyusluq yaşadanlar da olub. Məsələn, oktyabrın 10-da Moskvada danışıqlar gedəndə gecə səhərə qədər yatmadıq. Ümumiyyətlə, həmin günlərdə yatmaq nə idi bilmirdik. Həmçinin Gəncəyə, Bərdəyə raketlər atılanda çox narahat olduq. Bununla yanaşı, əsgərlərimizin kənd-kənd, rayon-rayon zəfər yürüşünü çox böyük həyəcanla izləyirdik. Həmin vaxt dəvət olunan bütün verilişlərə getmişəm, sosial şəbəkələrdə videomüraciətlərim olub, əsgərlərə məktublar yazmışam. Yəni əlimizdən nə gəlibsə, onu etmişik. Lakin əlbəttə ki, ən önəmli, mühüm işi Azərbaycan Ordusu görüb. Rəmz olaraq Şuşanın alınmasını başqa bir duyğuda qəbul etdik... Doğulduğum Zəngilanın fəthi və digər bölgələrimizin işğaldan azad olunması hər birimizə böyük sevinc bəxş edirdi. O ki qaldı bəzi adamların nədənsə narazı qalmasına, əlbəttə ki, biz hökumətdən, hakimiyyətdən narazı ola bilərik.

    Qulu Məhərrəmli: “Biz Qarabağın səsini eşidəcəyik”

    Qulu Məhərrəmli: “Biz bir il əvvəlki - heysiyyəti tapdalanmış insanlar deyilik”

    Bu bir həqiqətdir ki, məmurlar arasında rüşvətxor, korrupsiya ilə məşğul olanlar, insanları çox incidən yaramaz, ədalətsiz olanları var. Bunların hamısı real faktdır. Lakin Azərbaycanın, o cümlədən, Ali Baş Komandanın Qarabağla bağlı apardığı siyasət, əldə olunan uğurların üstünə heç bir halda kölgə salmaq olmaz. Biz bir il əvvəlki - heysiyyəti tapdalanmış insanlar deyilik. Bu gün biz özümüzü çox qürurlu hiss edirik. Bunlar həmin müharibənin, zəfərin nəticəsidir. Kimsə kimisə tənqid edə bilər, lakin Azərbaycan Ordusunun, xalqının, ruhumuzun qələbəsinə heç bir halda kölgə salmaq olmaz. Şuşaya, o cür çətin taktiki, alınmaz Qalaya qalxan Azərbaycan əsgərlərinin şücaəti dünya hərb elmi üçün böyük şücaətlik, yenilik nümunəsi idi. Bəli, Türkiyə, Pakistan bizə böyük mənəvi dəstək verib, bunları danmaq olmaz. Amma bütün ağırlıq, döyüş Azərbaycan əsgərinin çiynində olub. Ona görə bu müharibənin uğurlu sonu hər birimizi fərəhləndirməlidir. Əlbəttə ki, bölgədə xeyli problemlər var. Bir tərəfdən işğaldan azad olunan ərazilərdə quruculuq işləri gedir, digər tərəfdən siyasi diplomatik məsələlər, mürəkkəbliklər var. Bütün bunların hamısı reallıqdır. Lakin qeyd etdiyim kimi, tariximizə qırımızı xətlə yazılan qələbəmizə kölgə salmaq olmaz!”


    “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da həmin günlərdə yaşadığı təəssüratları bölüşüb: “Həmin günlər çox həyəcanlandıq. Sentyabrın 27-si Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçəndə biz artıq qələbənin işartılarını hiss etməyə başladıq. Xatırladım ki, elə məhz 27 sentyabrda ”Yeni Müsavat" qəzetində “Doğuluş Azərbaycan” adlı yazım dərc olundu. Həmin yazıda qeyd etmişdim ki, ordumuz Azərbaycan xalqının, millətimizin qürurunu qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün zəfər yürüşünə başlayıb və bu müharibə böyük qələbə ilə nəticələnəcək, buna inanırıq. Çox şükürlər olsun ki, qısamüddətli, ildırım sürətli, 44 gün qəhrəmanlıqlarla dolu olan zəfər mücadiləmiz qələbə ilə nəticələndi və Azərbaycan Ordusu işğal edilən torpaqlarımızın geri qaytarılmasını təmin etdi. Həmin 44 gün təkcə ordumuzun, əsgər və zabitlərimizin şücaəti ilə yadda qalmadı, həm də bizim millətimizin birliyi, kiçikdən tutmuş böyüyə qədər bütün insanların həmrəyli ilə, hər kəsin öz imkanları, bacarığı ilə qələbəyə töhfə verdiyini gördük. Bu, çox qürurverici idi. Yəni həm ordu, həm xalq, həm də ölkə rəhbərliyinin, həmçinin xaricə olan soydaşlarımızın birliyi zəfərə gətirib çıxardı. 44 günlük müharibəyə qədər gənclərimiz haqqında bəzən “30 il keçdi, gəncliyimiz bir qədər Qarabağ ifadələrindən uzaqdır, bir az fərqli atmosferdə böyüyürlər, ola bilsin ki, onlarda vətənpərvərlik azdır”, - deyə cümlələr işlədirdik. Lakin 44 gündə həm orduda olan, həm də digər gənclərimizin nə qədər torpaqlarımız, vətənimiz, xalqımız üçün fədakarlığa hazır olduğunu gördük. Bu da sabahımıza inamı daha da artırır.

    Bu qələbəmiz tarixdə çox az hallarda baş verir. Yəni çox nadir hallarda baş verir ki, bir ölkə 30 ildən sonra öz torpaqlarını qaytarsın və çox böyük əzm, quruculuq hissləri ilə onun bərpası istiqamətində işlərə başlasın.

    Əlbəttə ki, qələbəmiz asan yolla başa gəlmədi. İlk növbədə Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlıqları hesabına, bütün insanlarımızın fədakarlığı hesabına bu zəfəri qazana bildik. Bu həm də illər boyu davamlı, uğurlu siyasi fədakarlığın nəticəsidir".

    Zülfüqar Yusifov qələbəmizə “kölgə salmaq” istəyənlər haqqında da danışıb: “Bu qələbəyə xor baxmaq heç bir ifadə ilə anlaşılan məsələ deyil. Çünki Şuşa adı bizim üçün artıq əlçatmaz olmuşdu. Biz Şuşanın, həmçinin Qarabağın digər bölgələrinin adlarını artıq ancaq ədəbiyyatlarda, restoranların adlarında görməyə başlamışdıq. İllər keçirdi və xalqın bütövlükdə ümidli olsa da, bu ümid getdikcə daha da azalmağa doğru gedirdi. Bizim üçün bu qələbə əlçatmaz bir zirvə idi. Şuşa daxil, Qarabağın ərazilərinin qaytarılması çox böyük uğurdur.

    Düşünürəm ki, narazılıq edənlər Xankəndi və digər ətrafdakı ərazilərlə bağlı məsələyə işarə etmək istəyirlər. Lakin unutmaq olmaz ki, Şuşa kimi nəhəng Qala şəhəri almağa qadir olan Azərbaycan Ordusu çox qısa müddətdə digər əraziləri də ermənilərdən təmizləməyə hazırdır, buna gücü çatar. Azərbaycan xalqının həm siyasi iradəsi, həm də qardaş müttəfiq ölkələr ilə birliyimiz istənilən qüvvənin qarşısında bu istəklərimizi yerinə yetirməyə imkan verir"


    Hərbi ekspert Ruslan İmanquliyev isə qeyd edib ki, bir il əvvəl Azərbaycan xalqı tez bir zamanda torpaqlarımızın işğaldan azad olunmasını yuxusuna belə gətirə bilməzdi: “Təbii ki, hər bir azərbaycanlının arzusu idi ki, torpaqlarımız işğaldan azad edilsin. İnsanlarda mütləq surətdə bir ümid var idi. Lakin döyüşlərin bu cür cərəyan edəcəyini və torpaqlarımızın çox qısa bir zamanda azad olunacağını heç kəs təsəvvür etmirdi. Məlum olduğu kimi, döyüşlər daha çox Tərtər istiqamətində cərəyan edilirdi. Suqovuşanın azad edilməsi istiqamətində də qızğın döyüşlər getdi, xeyli sayda şəhidlərimiz oldu. Daha sonra isə cənub bölgəsində, Füzuli istiqamətində əldə edilən nailiyyətlər, düzgün siyasət, güclü iradə ilə torpaqlarımız azad olundu. Artıq insanlarımızda digər tarixi torpaqlarımızın da işğaldan azad olunacağına bir ümid var və düşünürəm ki, bu da olacaq”.

    Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev hər il sentyabrın 27-sinin ölkədə Anım Günü kimi qeyd edilməsi haqda sərəncam imzalayıb.

    rubrika.az


    Facebook-da paylaş