• Böyük sülhə aparan sənəd təhlükədə - Ermənistan indi də Qərbə güvənərək qaşınır...

    Böyük sülhə aparan sənəd təhlükədə - Ermənistan indi də Qərbə güvənərək qaşınır...

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçiriləcək Əliyev-Paşinayn görüşündən gözləntilərlə bağlı intriqa davam edir. Əksər təhlilçilər qarşıdakı görüşdə hər hansı sənədin imzalanmasını real saymamaqla yanaşı, belə bir təmas barədə razılığı ilk növbədə Rusiya-Qərb qarşıdurması kontekstində, iki güc mərkəzinin Güney Qafqaza təsir uğrunda mübarizəsinin mühüm tərkib hissəsi kimi qiymətləndirirlər.

    Məsələn, rusiyalı tanınmış politoloq Stanislav Tarasov hesab edir ki, sərhəddəki son “bir günlük müharibə” 10 noyabr 2020-ci il tarixli üçtərəfli anlaşmaya zərbədir və onu tamamilə boşa çıxara bilər.

    Bu barədə o, News.am-a açıqlamasında bildirib.

    “Moskva formatı” (Moskva-İrəvan-Bakı) ilə ATƏT-in Minsk Qrupu formatının gündəliyi bir-birindən fərqlənir. Çünki Minsk Qrupu Qarabağın statusu ilə bağlı bəndi nəzərdən keçirməkdən rəsmən imtina etməyib. Yəni faktiki fərqli gündəliyə malik iki danışıqlar platforması var. Belə bir şəraitdə tərəflərdən biri “Moskva formatı”nı sarsıtmaq üçün öz xeyrinə oynaya bilərdi. Üstəlik, bu hadisələrdən (“bir günlük müharibə”dən - red.) əvvəl Əliyevlə Paşinyan arasında Moskvada mümkün görüş barədə danışıqlar aparılmışdı və orada sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı saziş imzalanmalı idi" - deyə o qeyd edib.

    *****

    Aydındır ki, Tarasov birmənalı şəkildə Ermənistanı nəzərdə tutur. Çünki “status” məsələsinin gündəmdə qalmasına israrla çalışan, Moskva görüşünü boykot edən İrəvandır. Görünür, bu yolla o, həm Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Qərbin dəstəyi ilə şərt formalaşdırmaq istəyir, lakin Bakının mövqeyini yaxşı bildiyi üçün ən azından, yetərli vaxt qazanmaq, xarici oyunçular hesabına nə zamansa hərbi-siyasi cəhətcə toparlanıb güclü mövqe ilə danışıq masasına oturmaq hədəfi güdür.

    Ancaq Azərbaycan ona bu şansı təbii ki, verməyəcək. Üstəlik, Bakı-Moskva-İrəvan formatının iflas olmasında (əslində Bakı-Moskva-İrəvan + Ankara formatından söhbət getməlidir) Rusiya da maraqlı olmadığı üçün Paşinyan olduqca qəliz və uğursuz mövqedədir. Hər necə olmasa, Qərb, Fransa uzaqda, Rusiya, Türkiyə isə yaxında, regiondadır...

    *****

    “Hər kəs bilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Fransa prezidenti Emmanuel Makronun dostudur. Fransa lideri hazırda bir tərəfdən qarşıdan gələn seçkilərə, digər tərəfdən isə 2022-ci ilin yanvarından Avropa İttifaqına sədrliyə hazırlaşır”.

    “Yeni Müsabat” xəbər verir ki, bu sözləri Minval.az-a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Brüsseldə gözlənilən görüşlə bağlı məlumatı şərh edərkən söyləyib.

    “Burada Fransa prezidentinin qarşıdan gələn seçkilər fonunda Ermənistan-Azərbaycan münaqişəsi məsələsində fəallıq nümayiş etdirmək istəyini aydın şəkildə görmək olar. Paşinyanın 10 noyabr üçtərəfli sazişin imzalanmasının ildönümündə Moskva görüşündən imtina etdikdən sonra Brüsseldə görüşə tez razılıq verməsi Moskvada müəyyən narahatlıq yaradır”, - politoloq bildirib.

    Azərbaycan tərəfinə gəlincə, T.Zülfüqarova görə, rəsmi Bakı istənilən formata açıqdır: “Azərbaycanın mövqeyi formatdan asılı olmayaraq dəyişməz qalır. Bakı problemin sülh yolu ilə həllinə daha da yaxınlaşmaq üçün bütün imkanlardan istifadə edir. Bizim mövqeyimiz kifayət qədər güclüdür. Biz müharibədə məğlub olan ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb edirik. İstənilən halda, qarşıdakı görüşdən sıçrayış gözləməyə dəyməz. Bunu Ermənistandakı mövcud siyasi vəziyyət də sübut edir”.

    Politoloq müəyyən müddət sonra Nikol Paşinyanın təzədən sərt ritorikaya keçməsinə və üçtərəfli razılaşmanın bəzi bəndlərini yerinə yetirmək niyyətində olmadığını dəfələrlə bildirməsinə diqqət yönəldərək deyib: “Buna görə də indiki qəliz vəziyyətdə sıçrayışa ümid etmək çətindir. Ancaq təkrar edirəm, biz bütün imkanlardan istifadə etməliyik ki, hərbi güc tətbiq etmədən qarşımızda duran vəzifələrin yerinə yetirilməsinə nail olaq. Məsələ ondadır ki, indiyədək işin çox mühüm hissəsi, yəni xarici hərbi qulluqçuların identifikasiya edilərək Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması həyata keçirilməyib. Bu proses gecikir. Üstəgəl, erməni tərəfi müxtəlif təxribatlardan istifadə edir. Başqa sözlə, Ermənistan qarşıdurma siyasətinin xeyrinə seçim edib. Amma əgər onlar belə bir seçim ediblərsə, o zaman cavabımız adekvat olacaq”, - deyə politoloq xəbərdarlıq edib.

    *****

    Yuxarıdakı şərhlərdən də göründüyü kimi, böyük sülhə çığır açan 10 noyabr kapitulyasiya aktı faktiki müştərək hədəf qismində götürülüb. Nilol Paşinyan yenə qaşınır, bu dəfə Qərbə, xüsusən də üzdəniraq Minsk Qrupunun qatı ermənipərəst həmsədri Fransaya güvənərək. İlkin mərhələdə hədəf əlbəttə ki, “Bakı-Moskva-İrəvan + Ankara” formatını pozmaq, bununla da böyük sülhə aparan yolu daha qəlizə salmaq, ardınca “bulanıq suda balıq tutmaq”dır.

    Maraqlıdır ki, məhz bu arada - keçən həftə Qarabağdakı oyuncaq qurumun özünü “nazir”, “parlament spikeri” adlandıranlar da daxil, bir qrup separatçı Fransada olub, orada bəzi rəsmi dairələrdə, o cümlədən Fransa Senatında (!) qəbul ediliblər. Bu sözsüz ki, rəsmi Parisin kövrək sülh prosesinə növbəti zərbəsi sayılmalıdır. Halbuki Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım separatçılarına qarşı Fransa dövləti belə lütfkarlıq göstərmir.

    Bəs “Ləyaqət davası edən ölkə belə ləyaqətsizliyi özünə necə sığışdırır?”

    Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisinin dünənki iclasında deyib və Bakını Fransanı həmsədrlikdən kənarlaşdırmağa çağırıb. Milli Məclisdə bu xüsusda edilən çıxışlarda habelə bütövlükdə MQ-dən imtina eləməyin zamanı çatdığı və bunun üçün bəlkə də ən gözəl fürsətin elə indi olduğu vurğulanıb...

    P.S. Yazı noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyi barədə xəbərdən öncə hazırlanıb.(“Yeni Müsavat”)

    RUBRİKA.AZ


    Facebook-da paylaş